Dünyaşöhrətli fotoqraf 20 Yanvar faciəsi ilə bağlı Bakıda apardığı çəkilişlərdən danışıb
Sosial həyat

Dünyaşöhrətli fotoqraf 20 Yanvar faciəsi ilə bağlı Bakıda apardığı çəkilişlərdən danışıb

Reza Deqati: AZƏRTAC çox peşəkar agentlikdir, dünya səviyyəsində tanınır və dəyərli işlər görür

Azərbaycan əsilli dünyaşöhrətli fotoqraf Reza Deqati 20 Yanvar faciəsindən sonra Bakıda apardığı çəkilişlər barədə xatirələrini AZƏRTAC-la bölüşüb.

1990-cı il yanvarın 20-də Parisdə olduğunu xatırladan dünyaşöhrətli fotoqraf Reza Deqati deyib: "Axşam saat 4-5 radələrində o vaxt UNESCO-da fəaliyyət göstərən, bu yaxınlarda dünyasını dəyişmiş Ramiz Abutalıbov mənə zəng edib dedi ki, Bakıda böyük faciə olub, bununla bağlı mənimlə görüşmək istəyir. Mən dərhal getdim. Ramiz müəllim dedi ki, sovet ordusu Bakıda qırğın törədib, yüzlərlə insan qətlə yetirilib, yaralanıb. Bizdə məlumat azdır, jurnalistlərin Bakıya getməsinə icazə vermirlər. Bunu eşidib Bakıya getməyə qərar verdim. Sovet hakimiyyəti dövründə beynəlxalq jurnalistlərə vizanı Moskvada verirdilər. Odur ki, oraya getməli oldum. Yanvarın 21-də axşam saatlarında Moskvaya çatdım. Orada dedilər ki, bütün yollar bağlıdır, Bakıya getmək mümkün deyil. Moskvada məndən başqa da Bakıya getmək istəyən bir neçə jurnalist vardı. Azərbaycanın Moskvadakı nümayəndəliyində mənə dedilər ki, bizə kömək edə bilərlər. Bakıya yalnız qatarla getmək olar. Başqa çarə olmadığından mən dostlarımla birgə qatarla yola düşdük. Vaqona yoxlama gələndə gizlənirdim. Bakıya çatanda gördük ki, vağzalda hamını yoxlayırlar. Moskvadan mənimlə gələn dostlarımız biz jurnalistləri vağzaldan gizlincə çıxardılar.

Mən üç gün Bakıda qaldım. Əvvəlcə meyitxanaya getdik. Öldürülən insanların siyahısını gizlincə çəkdik. Sonra yaralıların olduğu xəstəxanaya getdik. Sovet əsgərləri xəstəxanaya gedib-gələnləri yoxlayırdılar, kənar şəxsləri içəri buraxmırdılar. Biz Azərbaycandan olan dostlarımızın köməyi ilə xəstəxanaya girə bildik. Mən fotoşəkil çəkirdim, Türkiyədən olan Əhməd adında dostum isə kiçik kamerası ilə çəkiliş aparırdı.

Sonra 20 Yanvar şəhidlərinin dəfn olunduğu yerə getdik. Oraya minlərlə insan yığışmışdı. Faciə zamanı qətlə yetirilənlərin məzarları qərənfillərə bürünmüşdü, insanlar dərin kədər içərisində idi. Biz dəfn yerində çəkiliş apardıqdan sonra böyük çətinliklə Bakı-Moskva təyyarəsinə bilet ala bildik. Gecə Moskvada qaldıq, ertəsi gün Parisə yola düşdük. Oraya gələndə gördük ki, Bakıda baş verən qanlı hadisələrdən Avropada heç kimin xəbəri yoxdur. Bakıda çəkdiyimiz fotoları və videoları Fransada bir agentlik vasitəsilə televiziya kanallarına göndərdik. 18 telekanal həmin görüntüləri nümayiş etdirdi və 20 Yanvar hadisələri barədə məlumat verdi. Sonradan eşitdim ki, bizim Bakıya getməyimizə və çəkilişlər aparmağımıza görə Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşı təzyiqə məruz qalıb. Nə edəsən, jurnalist peşəsi belədir. Bir neçə il sonra Xocalı faciəsi törədildiyi dövrdə də Bakıya gəldim və çəkilişlər etdim".

Dünyaşöhrətli fotoqraf AZƏRTAC-la iş birliyi barədə də danışdı: "Mən AZƏRTAC-la əməkdaşlığa başlayanda orada işləyən Oqtay adlı fotoqraf dostum var idi. Onunla tez-tez görüşüb, fikir mübadiləsi aparırdıq. AZƏRTAC-da mənim çoxlu fotolarım, müsahibələrim dərc olunub. Mənə hər zaman dəstək olurlar. Deyə bilərəm ki, AZƏRTAC çox peşəkar agentlikdir, dünya səviyyəsində tanınır və dəyərli işlər görür".

AZƏRTAC