Düşmənin qənimi
Sosial həyat

Düşmənin qənimi

Tovuz döyüşlərindən bir il ötdü. Ötən il iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində atəşkəsi kobud şəkildə pozaraq ordumuzun mövqelərini iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutub. Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində düşmən xeyli canlı qüvvəsini və döyüş texnikasını itirərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Polad Həşimov qəhrəmancasına şəhid olub. Düşmənin hücumunun qarşısını alarkən polkovnik İlqar Mirzəyev, mayor Namiq  Əhmədov, mayor Anar Novruzov, gizirlərdən İlqar Zeynallı və Yaşar Babayev, əsgər Elçin Mustafazadə və digər hərbi qulluqçular şəhadətə yetişib.

Tovuz döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış mayor Anar Novruzov 1976-cı il mayın 12-də Masallı rayonunun Ərkivan qəsəbəsinin Abbaslı məhəlləsində dünyaya göz açıb. Novruzovlar ailəsində 10 uşaq böyüyüb ərsəyə çatıb. Anarın valideynləri Gülverdi kişi və Firuzə xanım halal zəhmətlə ailəni dolandırıb.

Anar 1993-cü ildə Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbini əla qiymətlərlə bitirib. Bakı Neft-Energetika Kollecinə qəbul olunsa da hərbçi olmaq arzusu ilə sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə verib. İmtahanlardan yüksək nəticə qazanaraq məktəbə daxil olub. Bir il oxuduqdan sonra təhsilini yarımçıq qoyub könüllü Qarabağ müharibəsində iştirak edib. 1994-cü ilin mayında cəbhədə atəşkəş elan olunandan sonra təhsilini davam etdirib.

1999-cu ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) bitirib, “Taktiki motoatıcı qoşunları komandiri” ixtisasına yiyələnib. 1998-2013-cü illərdə ön cəbhədə, 2013-2018-ci illərdə Sumqayıtda “N” saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirib. 2016-cı ilin Aprel döyüşlərində fədakarlıq, şücaət göstərib, döyüş zamanı qəlpə yarası alıb. 2018-2020-ci illər ərzində ən qaynar döyüş bölgələrində olub.

Türkiyədə mükəmməl, peşəkar təlim keçib. Siyasi işlər üzrə tabur komandirinin müavini vəzifəsinə kimi yüksəlib. 25 ildən artıq hərbi sahədə ləyaqətlə xidmət edib. Hərbi texnikanın sirlərini dərindən mənimsəyib. Snayperdən atdığı sərrast atəşlə onlarla düşmən əsgər və zabitini məhv edib. Ona AQS-17 silahının “atası” adı verilib. “Akula” ləqəbli kəşfiyyatçı zabit Anar Novruzov düşmənin qəniminə çevrilib. Mənfur düşmənə od qoyub, lap əfsanəvi “Mixaylo” kimi. Ermənilər hətta onu öldürənə pul mükafatı da ayırıblar.

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Anar Novruzov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. A.Novruzov müxtəlif illərdə Müdafiə Nazirliyinin “Qüsursuz xidmətə görə” I, II, III dərəcəli, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubiley medalları, eləcə də rəhbərlik tərəfindən döyüşlərdə, ictimai-siyasi və mənəvi-psixoloji hazırlıqda əldə etdiyi yüksək nailiyyətlərə görə Fəxri fərman və təşəkkürnamələrlə mükafatlandırılıb. Masallı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Ərkivan qəsəbəsinin mərkəzi küçəsinə onun adı verilib. Anar ailəli idi, iki övladı yadigar qalıb.

Milli Məclisin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə Anar Novruzov haqqında “Akula ləqəbli kəşfiyyatçı” kitabı çap edilib. Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı, Anarın qardaşı, beynəlxalq dərəcəli auditor, xeyriyyəçi Sucəddin Novruzovun təşəbbüsü, Cənubunsəsi.az xəbər portalının baş redaktoru Mərhəmət Lələyevin və Regional Hüquqi İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırovanın dəstəyi ilə Anar Novruzovun 45 illik yubileyinə həsr olunan “Akula ləqəbli qəhrəman” filmi hazırlanıb. Masallı şəhərinin Heydər Əliyev Mərkəzində filmin təqdimatı keçirilib.

Ötən il Masallı rayonunun Qasımlı kəndindən olan heykəltəraş qardaşlar-Akşin və Müstəqil Balayevlər Anar Novruzovun büstünü hazırlayıb. Büst Anarın vaxtilə yaşadığı evin arxasında qoyulub. Burada Masallı şəhidlərinin guşəsi də yaradılıb.

Anar Novruzov şahmatı çox sevərdi. Dəfələrlə rayonda keçirilən şahmat yarışlarında qalib olub. 2016-cı ilin aprel və 2020-ci ilin iyul döyüşlərinin qəhrəmanı, şəhid Anar Novruzovun xatirəsinə həsr olunmuş şahmat üzrə kişilər arasında onlayn qaydada rayon turniri keçirilib. Ərkivan qəsəbəsinin sakini Ramiz Abdulla yarışın qalibi olub. Mükafatı ona şəhidin oğlu  Nihad Novruzov təqdim edib.

Bu günlərdə Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar “Unudulmaz tarix” adlı tədbir keçirilib. Tədbirdə Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalmış qəhrəman mayor Anar Novruzovun doğmaları, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, mədəniyyət işçiləri iştirak edib.

Muzeyin direktoru Əntiqə Tağıyeva qeyd edib ki, iyul döyüşləri zamanı təcavüzkar düşmənin hücumunun qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alındı, düşmənə ağır zərbələr endirildi. Döyüş zamanı həyatını qurban vermiş Anar Novruzovun qəhrəmanlığı bugünkü və gələcək nəsillər üçün əsl örnəkdir.

Şəhidin qardaşı Sucəddin Novruzov qardaşı ilə bağlı xatirələrini bölüşərək deyib: “O, heç vaxt Qarabağ torpaqlarının işğalda qalması ilə barışmırdı. Hər zaman deyirdi ki, Ali Baş Komandanımız əmr verən günü ən çox sevinəcəyəm. Biz torpaqlarımızı düşmən işğalından mütləq azad edəcəyik. Heyif ki, ordumuzun şanlı qələbəsini görmək ona qismət olmadı”.

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, iki oğlu müharibədə şəhid olmuş Ziba Əsgərli, rayon veteranlar şurasının sədri Məmmədağa Şiriyev, müharibə veteranı Nahid Rəhimov bildiriblər ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı möhtərəm Prezidentimizin ətrafında bir yumruq kimi birləşərək erməni qəsbkarlarına gücünü göstərdi.  Müzəffər ordumuz Qarabağda şəhid olmuş igidlərin qisasını aldı. Milli Qəhrəman, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov və Anar Novruzov, eləcə də döyüş meydanlarında şəhidlik məqamına ucalan hərbçilərimiz xalqımızın yaddaşında əbədi yaşayacaqlar.

Ərkivan qəsəbəsində şəhid Anar Novruzovun şəhadətinin ildönümü keçirilib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Anar İsgəndərov və Məşhur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri, şəhidin doğmaları, hərbçi yoldaşları tədbirdə iştirak ediblər.

Şəhidin məzarı ziyarət olunub, ölkəmizin azadlığı, suverenliyi və torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhid zabit Anar Novruzovun məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov şəhidin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verib, torpaqlarımızın müdafiəsində igidlik, şücaət göstərmiş Anar Novruzovun xatirəsinin masallılıların qəlbində əbədi yaşayacağını bildirib.

Anım tədbirində şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından ətraflı bəhs edilib. Çıxışlarda 2020-ci ilin iyul  döyüşlərinin əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində qazanılan böyük zəfərdən danışılıb.

Şəhid Anar Novruzovun Aprel və Tovuz döyüşlərində şücaətindən söz açan hərbçi yoldaşları, Vətən müharibəsinin iştirakçıları onun qəhrəmanlıq nümunəsini böyük fəxr, qürur və örnək olduğunu bildiriblər.

Qardaşı Sucəddin Novruzov şəhid ailələri adından göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Tədbirdə Masallı Xalq Teatrı kollektivinin və məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.