Düşündürən poeziya
Sosial həyat

Düşündürən poeziya

"Nəbi Xəzrinin öz poetik aləmi, məcazlar, bənzətmələr, bədii ifadələr aləmi vardır. Bu aləmi o, özü yaratmışdır və ona sadiqdir. Bu poetik aləm çox zəngin mənəvi aləmin - ideyalar, fikirlər, hisslər aləminin gözəl inikas formasıdır. Şairin mənəvi dünyasını mən dörd kəlmə ilə ifadə edərdim: ucalıq, genişlik, təmizlik, gözəllik. Nəbi şeirimizə dağların vüqarını, zirvələrin ucalığını, dənizlərin genişliyini, baharın, qarın, çiçəklərin təmizliyini, insan qəlbinin sevgisinin, insana inamın gözəlliyini gətirmişdir". Bu sözləri akademik Məmməd Arif vaxtilə "Ucalıq, genişlik..." adlı məqaləsində yazmışdır.

Nəbi Xəzri poeziyası elə əvvəldən-ax

ıradək o ucalıqda, o genişlikdə, o təmizlikdə, o gözəllikdə qaldı, müasir Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil etdi. Altmış ildən artıq bir müddətdə ədəbiyyatımıza xidmət edən şairin əsərləri mövzu dairəsinin genişliyi, rəngarəngliyi ilə seçildi həmişə. Zamanın arxasınca getmədi, zamandan ucada durmağı bacardı, onun fövqündə dayana bildi:

Şeir mənim üçün bir kainatdır,

Onun ulduzları, günəşləri var.

Şeir mənim üçün sirli həyatdır,

Onun öz sevinci, öz kədəri var,

- deyən şair əslində, şairliyin çətin bir yol olduğunu, torpaqda toxumtək bitən şeirlərinin də onunla birgə əzab-əziyyət çəkdiyini, hər yerdə onunla qoşa getsə də, fəqət qəbir evinə getməyəcəyini, "bir əsrin yaddaşı", "bir şairin başdaşı kimi" duracağını deyir, həyat həqiqətini poetik dillə ifadə edirdi.

Babayev Nəbi Ələkbər oğlu. O, özünü ədəbi aləmdə şair, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist kimi tanıda bilmişdi. 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuş, 9 yaşında ikən atasını itirmiş, anasının himayəsində böyümüşdü. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlamış, 1942-1943-cü illərdə İkinci Dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunandan sonra isə 1943-1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor, Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. Uşaqlıqdan şeirlə maraqlanmış, "Günəş" adlı ilk ciddi şeirini isə 16 yaşında qələmə almışdı. 20 yaşında ikən tədbirlərin birində oxuduğu şeir böyük ürək sahibi Səməd Vurğunun nəzərindən qaçmamış, o, gələcək istedadı kəşf etmişdi. Elə onun təkidilə Nəbi Xəzri 1945-ci ildə Yazıçılar İttifaqına üzv qəbul edilmişdi. "Çiçəklənən arzular" adlı ilk şeirlər kitabı 1950-ci ildə çap olunmuşdu.

Dənizi çox sevirdi, saatlarla onun ləpədöyənində oturar, xəyala dalardı. Ona uğur gətirəcək şeirlərin çoxu elə burada, qumlu sahillərdə, ləpələrin pıçıltısından, sahilə can atan dalğaların sevgi nəğməsindən süzülüb gələr, Xəzərin maviliyinə bürünüb maviləşərdi. Xəzərdən pərvazlanan xəzrini də çox sevərdi, axı dənizin lap uzaqlarından üzü bəri gələn xəzri həm də özü ilə insanlara qucaq dolusu dəniz ətri gətirirdi. Onun şeirləri də belə idi, dənizlərin genişliyini, maviliyini gətirirdi özü ilə. Bəlkə elə bu səbəbdəndir ki, özünə "Xəzri" təxəllüsünü götürmüşdü şair.

Bəzən şeirlərində xəzri mülayimliyindən, onun sərin mehindən əsər-əlamət qalmır, giləvarın əsintisi duyulurdu. Zamanın dilemması, ziddiyyətləri, harmoniyası, dünən və bu gün, tarixilik və müasirlik, ölümdə belə ölümsüzlük görmək istəyi və s. əksini tapırdı şeirlərində. Müstəqilliyimizin ilk illərində xalqın başına gətirilən müsibətlər, yaşanan faciələr də qələmindən qaçmadı, sistemlərin dəyişdiyi, dünyanın çalxalandığı vaxtlarda Meydan hərəkatında, 20 Yanvar qırğınında, Qarabağın işğalı zamanı qələmi ilə xalqının yanında oldu, haqqa söykəndi. Əslində, o, Qarabağ dərdlərini hələ sovet dönəmində qələmə almışdı. Həyəcan təbili çalırdı:

Kükrəyib qəzəbdən od tökür qışım,

Qolumdan bərk tutsun qardaşım gərək.

Qarışsa yad elə bircə qarışım,

Özüm də torpağa qarışım gərək.

Çəkin bu torpaqdan qara əlləri, 

Çəkin Qarabağdan qara əlləri.

Bu şeir (sovet dövründə) çap olunandan sonra qalmaqala səbəb olmuşdu, lakin zaman sonralar şairin haqlı olduğunu göstərmiş, hətta şeirə musiqi də bəstələnmişdi. Şairin "Şuşanın yolları, "Çadırlar", "Xocalıda ərik ağacı", "Şuşa", "Şuşa gəlir yuxularıma", "Səni görəcəyəm haçan, Qarabağ?" və s. şeirlərində Vətən yanğısı, nisgili, həm də mübarizəyə, intiqama haray, qələbəyə böyük inam vardı:

Səni görəcəyəm, haçan, Qarabağ?

Yurdun həsrətində oğulu, qızı!

Torpağı güzəştə biz razılaşsaq,

Əvvəl güzəşt edək vicdanımızı!!!

Şairin "Yuxuda laylay eşidirəm" şeirinin lirik qəhrəmanı röyada qatar-qatar düzülmüş büllur kəhkəşanlar mühitini görür, onun başı Ayın köksündə, əli Zöhrə ulduzunun həndəvərindədir. Lakin bu qəhrəmanı yuxuda cəlb edən möcüzəli aləm xəyala bənzər üfüqlər deyil, "yerlərdə yalanın, göylərdə ziyanın" olmadığı ideal dünyadır.

Cahanı beşiyi, kainatı ana bilən qəhrəman bu yuxudan heç oyanmaq istəmir, riyasız, yalansız aləmdə qalmaq istəyir. Bu, elə şairin öz istəyidir. Eyni dərdlə çırpınan Yer kürəsinin müxtəlif yerlərindən, millətlərindən yazanda da orada Azərbaycanı görür. Nədən yazırsa-yazsın, onun şeirinin ruhu, canı, mayası Azərbaycandır. Uzaq mətləblərə toxunanda, başqa elləri təsvir edəndə də misraların arxasından ana yurdu boylanır: "Dünyalar içində bir ayrı dünyam, Azərbaycan!", -deyirdi.

Onun masmavi şeirlərində, misralarında bir həzinlik vardı, musiqi süzülüb axıb gəlirdi. Bəstəkarların ən çox müraciət etdiyi bir poeziya idi, Nəbi Xəzri poeziyası. Respublikanın tanınan, sevilən müğənniləri o nəğmələri ürəklə, sevə-sevə oxuyurdular. Onun təkcə "Azərbaycan" nəqarətli şeirlərini bir yerə yığsaq bir epopeya alınar: "Azərbaycan epopeyası". "Dərələr" mahnısında: "Əgər ki, yıxılsam, çinar göstərin, Mən ona söykənib arana baxım", - deyən şair "Hər yerdə, həmişə sənsən gümanım, Canım-gözüm mənim Azərbaycanım!", - söyləyirdi. Başqa bir mahnı, başqa bir ifa... Nəbi Xəzrinin "Azərbaycan" şeiri". Dünyaşöhrətli müğənni-bəstəkar Müslüm Maqomayevin ifasında səslənən, bu böyük ustadın bütün konsertlərinin uvertürası, vizit kartı olan məşhur "Azərbaycan" nəğməsi... Yeni dövrün Vətən himni kimi səslənirdi bu mahnı:

Ömrümün mənasısan,

Qardaşlıq dünyasısan,

Anamın anasısan, Azərbaycan!..

Onun "Azərbaycan", "Dərələr", "Ağ çiçəyim", "Səhər-səhər", "Mavidir", "Gələrmi, gəlməzmi", "Pəncərəmə qondu çiçək", "Sən danışanda", "Çinar", "Nar ağacı, nar çiçəyi", "Gənclik mahnısı" və s. mahnıları Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasındadır.

Nəbi Xəzri poeziyasında Cənub mövzusunun öz yeri vardı. Təbii ki, poeziyamızda müəyyən ənənələri olan bu mövzuda yazmaq təkrarçılıqdan uzaq, fərdi yaradıcılıq axtarışları tələb edirdi. Digər bir tərəfdən, cənub həsrəti, nisgili istər-istəməz onun bizə yeni görünən poetik misralarının ruhuna çökür, fərqli ifadə tərzi yaradırdı. Şairin "Təbriz bayatıları"ndakı səmimiyyəti də öz mayasını bu nisgildən götürmüşdü:

Qar yağıbdır dizəcən,

Bu düzdən o düzəcən,

Qəlblərdə körpü olum

Uzanım Təbrizəcən.

Təsadüfi deyil ki, duyğulu, həssas, vətənpərvər şair kimi Nəbi Xəzri ulu şairimiz Məmmədhüseyn Şəhriyarın üz tutduğu, bəyəndiyi sənətkarlardan olmuşdur.

Şairin dram əsərləri isə Azərbaycan teatrlarında uğurlu səhnə həyatını yaşayırdı. Onun "Sən yanmasan", "Əks-səda", "Mirzə Şəfi Vazeh", "Torpağa sancılan qılınc", "Burla Xatun" pyesləri milli dramaturgiyamızı zənginləşdirən ədəbi nümunələrdir.

Nəbi Xəzri ömrünün sonuna kimi, müxtəlif vəzifələrdə çalışıb, xalqına xidmət edib. 2007-ci il yanvarın 15-də dünyasını dəyişib. Əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı, Ümumittifaq Lenin Komsomolu mükafatı, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycanın Xalq şairi idi. Ən böyük mükafatı isə xalq sevgisidir.

Zümrüd QURBANQIZI,

"Respublika".