Əbədi ehtiram abidəsi
Region

Əbədi ehtiram abidəsi

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə abidə inşa edilib, şəhidlərin xatirəsinə 2 kitab çap edilib, şəhidlərin yaşamış olduqları binalara, evlərə barelyeflər vurulur, küçələrə adları verilir. Həmçinin şəhidlərin xatirəsinə bulaqlar tikilib.

Şəhidlərin xatirəsinə növbəti abidə rayonun Kövər kəndində inşa edilib. Abidənin açılışına hısr edilmiş tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, DTX-nın Yevlax şəhər şöbəsinin rəisi İlqar Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov, rayonun idarə və müəssisələrinin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev çıxış edərək bildirib ki, ölkəmizin ərazi bütövlüyünün qorunması, əzəli torpaqlarımızın düşmən işğalından azad olunması zamanı həyatını itirən şəhidlərimizin əziz xatirələri xalqımız tərəfindən daim uca tutulur. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncamına əsasən 27 sentyabr -Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Şəhidlərimizin əziz xatirələri Yevlaxda da sonsuz ehtiram və hörmətlə yad edilir. Onların xatirələrinin əbədiləşdirilməsi, yaşadığı binaların qarşısında, oxuduğu məktəblərdə xatirə komplekslərinin, guşələrin yaradılması istiqamətində bir sıra işlər həyata keçirilmişdir və bu işlər bu gün də davam etdirilir. Yeni inşa edilən bu abidə də Vətən müharibəsində Yevlax rayonundan şəhid olmuş qəhrəman oğullarımızın müqəddəs ruhlarına əbədi xatirədir.

Tədbirdə Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları və Kövər kənd tam orta məktəbinin şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub, şeirlər səsləndirilib. 

Vətən müharibəsi şəhidi Sənan Səmədlinin atası Fikrət Səmədov çıxışında şəhidlərimizin əziz xatirələrinə, eləcə də şəhid ailələrinə və qazilərə göstərdikləri böyük qayğı və diqqətə görə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirib.

Zabit XƏLİLOV,

“Respublika”.