ƏBƏDİ EHTİRAM NÜMUNƏSİ
Sosial həyat

ƏBƏDİ EHTİRAM NÜMUNƏSİ

İmişli rayonunun Məzrəli kəndində 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Quliyev Elçin Ehtibar oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı oldu. Açılış mərasimində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-in məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, qazilər və məktəblilər iştirak etdilər. Tədbir iştirakçıları xatirə kompleksinin qarşısına gül-çiçək çələngi düzərək igid Vətən oğlunun əziz xatirəsini böyük ehtiramla yad etdilər.

Mərasimdə çıxış edən RİH-in başçısı şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilədi. Elçin kimi qəhrəman oğullarımızın daim qəlblərdə yaşayacağını, xatirəsinin hər zaman əziz tutulacağını bildirdi. Qeyd etdi ki, şəhid oğullarımız döyüş meydanında göstərdikləri qəhrəmanlıqları ilə gələcək nəsillər üçün örnək oldular. Rayon rəhbəri Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandan cənab İlham Əliyevə, müzəffər Azərbaycan ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bildirdi. Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhid Elçin Quliyevin şərəfli həyat yolundan danışdılar.

Elçin Quliyev 2001-ci il avqustun 24-də İmişli rayonunun Məzrəli kəndində anadan olub. "Vətən üçün gedirəm!" deyən Elçin Quliyev Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlayan Vətən müharibəsi zamanı Suqovuşanın işğaldan azad edilməsi uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Elçin Ehtibar oğlu Quliyev ölümündən sonra "Vətən uğrunda," "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin atası Ehtibar oğlu Elçinlə və onun kimi igid vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söylədi. Qeyd etdi ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələri, qazilərin qayğılarını daim diqqət mərkəzində saxlayır və buna görə onlara ailəmiz adından təşəkkür edirəm.

Xatirə bulağının açılışında məktəblilərin ifasında vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirildi.

Ərəstun ABDULOV,

"Respublika".