Əbədilik,  ucalıq
Region

Əbədilik,  ucalıq

İgidliyi, mərdliyi, cəsarəti, şücaəti, fədakarlığı, vətənpərvərliyi, torpaq məhəbbətini, yurd sevgisini toxum kimi varlığımıza səpən Vətən müharibəsinin qəhrəmanları, əsgərlər, zabitlər, şəhidlər və qazilər torpaqlarımızın işğalçılardan azad edilməsində və Zəfər qələbəsinin qazanılmasında ən yeni tariximizin şərəfli səhifəsini yazdılar.  Xalqımızın qürurunu, şərəfini ucaltdılar, bükülən belimizi dikəltdilər, başımızı uca etdilər. Düşmənə qarşı olan qəzəbimizi və nifrətimizi güllələrə bələyib şəhidlərin, körpələrin, Xocalı müsibətinin qisasını alan igidlərin adı heç zaman unudulmayacaq, onların həyatı gələcək nəsillər üçün dəyərli və qiymətli bir örnəyə çevriləcək.

Ağdam rayonundan məcburi köçkün kimi Xətai rayonunda məskunlaşan Sənan Kərimov məhz belə oğullardan biri olub. Sənan ermənilərin onun həyatına və taleyinə vurduğu zərbələrə mərdliklə sinə gərib, qəlbində düşmənə sonsuz qəzəb və nifrət yaranıb. Məcburi köçkün ailəsinin üzləşdiyi çətinliklər, valideynlərinin yurd həsrəti Sənanı nə qədər ağrıtsa da, ayaq üstə qalmağa, daha mətin və daha möhkəm olmağa vadar olub. Hərbçi kimi Vətən qarşısında xidmətə başlayıb. Baş leytenant Sənan Kərimov peşəkar zabit kimi daima döyüş hazırlığını artırıb,  nümunəvi xidmətinə görə bir neçə medalla təltif olunub.

Ötən il sentyabrın 27-də Ermənistan ordusunun dinc yaşayış məntəqələrini və döyüş mövqelərimizi aramsız olaraq artilleriya atəşinə tutandan dərhal sonra düşmənin hərbi təcavüzünə qarşı Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başladı. Müharibənin ilk günündən döyüşlərə atılan baş leytenant Sənan Kərimov cəsarəti və qoçaqlığı ilə əsgərlərinə ruh verib, düşmənin canlı qüvvəsinin, hərbi texnikasının məhv edilməsində qəhrəmanlıq nümayiş etdirib.

Ordumuzun sürətli əks-hücum əməliyyatları qarşısında düşmən geri çəkilir və  otuz ilə yaxın qurduqları istehkamlardan qaçırdılar. Lakin Cəbrayıl istiqamətində möhkəmlənmiş düşmən dirəniş göstərir, minaatanlardan güclü atəş açır, snayperlərlə əsgər və zabitlərimizin yolunu keçməyə çalışırdılar.  Vətən müharibəsində ən qızğın döyüşlər Cəbrayılın azad edilməsi zamanı olub. Oktyabrın 7-də baş leytenant Sənan Kərimov döyüş tapşırığını yerinə yetirərkən qəhrəmanlıqla həlak olub.

Şəhidin ildönümü mərasimində Bakı şəhərində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev,  Milli Məclisin deputatı Bəxtiyar Əliyev,  Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov,  YAP-ın Xətai rayon şöbəsinin sədri Vüqar Rəhimzadə,  Ağdam ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.  Əvvəlcə şəhid baş leytenant Sənan Kərimovun yaşadığı binanın həyətində onun xatirəsini əbədiləşdirən abidənin açılışı keçirilib. Abidənin önünə tər güllər düzülüb, şəhidlərin ruhu ehtiramla anılıb. Sonra 2-ci Fəxri Xiyabanda dəfn edilmiş şəhid Sənan Kərimovun məzarı ziyarət olunub, xatirəsi yad olunaraq ruhuna dualar oxunub. Mərasimdə çıxış edənlər bildiriblər ki,  Azərbaycan Prezidenti,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbəyə görə şəhidlərə və qazilərə minnətdar olmalıyıq.  Qeyd olunub ki, şəhidlərin əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq, heç zaman yaddaşlardan silinməyəcək, onların qəhrəmanlığı ilə fəxr edəcəyik.

 Qalib Ali Baş Komandan,  Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə  baş leytenant Sənan Kərimov ölümündən sonra "Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni  ilə təltif olunub.  

Həyatını Vətən üçün fəda edən, döyüş meydanında düşməndən qisas alan,

qəhrəmanlığı ilə öyündüyümüz şəhid Sənanın doğulub boya-başa çatdığı Ağdam rayonu işğalçılardan azad edilib.  Qəhrəmanımız həmin günü görməsə də,  indi onun ruhu şaddır.  Ey şəhidlər, siz ölmədiniz, siz ölməzlik, əbədilik, ucalıq qazandınız, ən ali məqama yüksəldiniz!

                                                  Salman ALIOĞLU,

                                                     “Respublika”.