Əbədiliyin və qürurun zirvəsi
Region

Əbədiliyin və qürurun zirvəsi

İgidliyin, cəsurluğun, fədakarlığın simvolu, vətən sevdalı şəhidlər. Ən uca zirvəni fəth etdiniz, ali məqama yüksəldiniz, işğal altında inildəyən yurd yerlərini Vətən etdiniz, al qanınızla doğma torpaqlara kişilik və qəhrəmanlıq toxumu səpdiniz. Əbədiliyin, möhtəşəmliyin, qürur və şərəfin izini göyərtdiniz, bir evin deyil, böyük bir məmləkətin oğlu olmaq həqiqətini sübut etdiniz.

Yaralarından qan axa-axa döyüş yoldaşının köməyinə çatan,özünü unudub silah qardaşını xilas etməyə çalışan qazilər. Sizin qəhrəmanlığınız qarşısında söz də acizdir. Bədən əzalarınızı itirsəniz də Azərbaycan əsgərinin mərdliyini, qorxmazlığını və qanınızla suvarılan vətən torpağına sədaqətinizi bütün dünyaya nümayiş etdirdiniz. Siz erməni mifini dağıdan, parçalayan və məhv edən igidlərsiniz. Qalib Ali Baş Komandan İlham Əliyev öz ordusu ilə 44 gün ərzində Ermənistan silahlı qüvvələrini darmadağın etdi, erməni lobbisinə ağır zərbə vurdu, erməni havadarlarına dəmir yumruğunu göstərdi və 30 illik erməni işğalına son qoydu. İşğalçı xunta rejimini diz çökdürdü. Bu möhtəşəm Zəfərə alqış!

Vaxtilə ermənilər tərəfindən dağıdılan və yandırılan Horadizi ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yeni qurulan ordumuz 1994-cü ilin yanvar ayında işğaldan azad edib. Horadiz indi Avropanın inkişaf edən şəhərlərindən fərqlənmir, bu torpaqlar əsl gülüstanı xatırladır. Füzulidə heç kim unudulmur, heç nə yaddan çıxmır. Qayğı və diqqət insanlara yeni bir ruh verir. Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şəhid ailələri və qazilərlə keçirilən görüşdə bu fikirlər dönə-dönə səslənib.

44 gün davam edən Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların ailə üzvlərinə, həmçinin müharibə iştirakçılarına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə medalların verilməsinə həsr olunan görüşdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə qürur hissi ilə qeyd olunub ki, biz ilk dəfədir Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmayıb. Çıxış edənlər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan ordusunun inkişaf tarixindən və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuz dünyanın ən peşəkar orduları sırasına yüksəlib.

Şəhid ailələri və qazilər adından onlara göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə dərin minnətdarlıq bildirilib. Sonda Vətən müharibəsində şəhid olan 74 şəhidin ailəsinə, həmçinin 28 nəfər müharibə iştirakçısına və qazilərə medallar təqdim olunub.

Salman ALIOĞLU,

“Respublika”.