ƏBƏDİYAŞAR İDEYALAR MÜƏLLİFİ
Siyasət

ƏBƏDİYAŞAR İDEYALAR MÜƏLLİFİ

Heydər Əliyevin xalqımızın təkidli xahişi ilə respublikamızda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə  qoca Qafqazın bu bölgəsində yeni bir dövr başladı və Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı zəmin yarandı.

1990-cı illərin əvvəllərində, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yenidən çox böyük çətinliklərlə üzləşdi. Ölkə daxilində hakimiyyət uğrunda mübarizənin fonunda baş alıb gedən xaos və anarxiya respublikanı uçuruma  sürükləyirdi. Belə ağır bir zamanda dövlətin, millətin taleyi  "olum, ya ölüm" dilemması qarşısında qalanda ölkənin ziyalıları  xalqın böyük oğlu - Heydər Əliyevə müraciət etdilər, onu Vətəni, milləti xilas etməyə, qadir olan bir siyasi təşkilat yaratmağa, Azərbaycanın bütün mütərəqqi qüvvələrini bu amal ətrafında toplamağa, sıx birləşdirməyə dəvət etdilər.

Azərbaycanın dahi oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə kənarda qala bilməzdi. O, xalqın təkidli dəvətini qəbul edərək iyunun 9-da Bakıya gəldi. Milyonlarla insan onu qarşılamağa çıxmışdı. Bununla da, daxili və xarici düşmənlərimizin bütün planları alt-üst oldu. Qısa bir zamanda dahi rəhbərin siyasi iradəsi və xalqın dəstəyi sayəsində ölkədə əmin-amanlığa təhlükə törədən, müxtəlif siyasi maraqlara xidmət edən qanunsuz silahlı dəstələr ləğv edildi, ictimai-siyasi sabitlik bərqərar olundu. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəs elan olundu, sentyabrda isə dünyanın aparıcı neft şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Əsrin müqaviləsi" imzalandı.

Ulu öndərin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası hazırlandı və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olundu. Böyük peşəkarlıqla hazırlanmış Əsas Qanunumuz ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çəkmişdir. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq formalaşmış, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi üçün fundamental hüquqi zəmin yaradılmışdır. Konstitusiyada əksini tapmış strateji məqsədlər, ilk növbədə insan haqları, söz və fəaliyyət azadlıqlarının qorunması kimi demokratik prinsiplərin real həyatda tətbiqini zərurətə çevirmişdir. Əsas Qanunda irqindən, cinsindən, milliyyətindən, dinindən, dilindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir insanın qanun qarşısında bərabərliyi prinsipi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında əsas vəzifə kimi qoyulmuşdur.

Ümummilli liderin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkənin demokratikləşdirilməsi iqtisadi islahatların sürətlə həyata keçirilməsi və siyasi islahatların genişlənməsi fonunda baş verirdi. Azərbaycan dövlətinin təşəbbüsü ilə respublikanın və ümumilikdə bütün regionun iqtisadi inkişafına təkan verən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi beynəlxalq layihələr reallığa çevrilir, respublikanın beynəlxalq əlaqələri və nüfuzu möhkəmlənirdi. Ölkəmizin dünyaya  inteqrasiya prosesi də uğurla gedirdi - Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü seçilmişdi.

Ümumiyyətlə, ulu öndər keçən əsrin 70-ci illərində sovet Azərbaycanında quruculuq missiyasını şərəflə həyata keçirdiyi kimi, o ağır illərdən əvvəl Azərbaycan tarixinin taleyüklü məsələlərlə dolu bir dövrü də Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Azərbaycanda ilk dəfə 1969-1982-ci illərdə hakimiyyətdə olan ulu öndər Azərbaycan xalqını zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail olmuş, geniş vüsət alan inkişaf prosesinə təkan vermişdir. Ümummilli lider hansı sahədə çalışmasından asılı olmayaraq bacarığı, qabiliyyəti, fitri istedadı ilə ömrü boyu Azərbaycan xalqının rifahı naminə çalışmışdır. Məhz Heydər Əliyevin rəhbərliyi ilə 13 il ərzində ard-arda keçmiş sovet hakimiyyətinin keçici qırmızı bayrağına layiq görülmüş Azərbaycan geridə qalmış aqrar respublikasından qabaqcıl sənaye respublikasına çevrilmişdir. Heydər Əliyev milli kadrların yetişməsinə həmişə böyük qayğı və diqqətlə yanaşırdı.  

Ulu öndər Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu izlər heç vaxt silinməyəcək. Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün müəyyən etdiyi yolla qətiyyətlə addımlayır. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə ulu öndərin layiqli varisi, dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezidentimiz İlham Əliyevdir. Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinsipial məsələlərdə ölkə Prezidenti İlham Əliyev də Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmazlığını sübut edir.

Azərbaycan Prezidentinin elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən fərman və sərəncamları, imzaladığı Dövlət proqramları onun yetişməkdə olan gənc nəslin mənəvi bütövlüyü, kamilliyi və saflığı, habelə qlobal miqyaslı yad təsirlərə qarşı mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm məqamlarıdır. Bütün bunlar, eyni zamanda mənəvi yüksəlişə, intibaha xidmət edən məqsədyönlü addımlar kimi cəmiyyətin pozitiv ruhda inkişafına təkan vermişdir.

Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, praktik şəkildə gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin əsasında xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi dayanır. Dövlət başçısının müasir azərbaycanlı təfəkküründə Vətən və xalq təəssübkeşliyi, Şərqin pozitiv ənənəçilik meyilləri, türk mənəvi-əxlaqi dəyərləri üzvi vəhdət təşkil edir.

Son illər bütün sahələrdə əldə edilən nailiyyətlər Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir. Bir zamanlar əlçatmaz olan, xəyal kimi görünən iri layihələrin real həyata vəsiqə alması, şəhərlərimizin, rayonlarımızın, hətta kəndlərimizin sürətlə abadlaşaraq göz oxşaması, insanların yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşması çoxlarımız üçün adiləşib. Paytaxtla bölgələr arasında inkişaf fərqinin aradan qaldırılması ölkə rəhbərinin həyata keçirdiyi inkişaf strategiyasının düzgünlüyünü təsdiq edir. Bu gün Prezidentimizin dərin düşünülmüş, uzaqgörən daxili və xarici siyasəti, onun xalqa olan səmimi məhəbbəti və doğma Vətənimiz naminə səmərəli fəaliyyəti hər birimizdə qürur hissi oyadır. Xalqımızın firavan gələcəyinin təminatına hesablanmış siyasi strategiya sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, ölkəmizin nüfuzu daha da artmışdır. Praqmatik dövlət başçısı İlham Əliyevin səriştəli idarəetmə qabiliyyətinin nəticəsidir ki, bu gün respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir.

Ulu öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoymuşdur. Azərbaycanın bütün dünya tərəfindən etiraf olunan dinamik inkişafı ilk növbədə vətəndaşlarımızın maddi-rifah halının yaxşılaşmasına xidmət edir, ölkəmiz sürətli tərəqqi yolu ilə inamla addımlayır. Dövlət başçısı cənab İlham Əliyevin təbirincə desək, "Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir. Biz hamımız, bütün Azərbaycan xalqı gərək bundan sonra onun gördüyü işləri davam etdirək, genişləndirək, onun yolu ilə Azərbaycanı gələcəyə aparaq".

Heydər Əliyev dühasını, onun xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək, tədqiq etmək mümkün deyildir. Bu şəxsiyyətin böyüklüyünü, onun xalqımızın firavanlığı naminə həyata keçirdiyi işlərin mahiyyətini tam dərk etmək üçün uzun zaman tələb olunur.

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır. Bu, Heydər Əliyevin ideyalarının real bəhrəsi, onların gerçəkləşməsidir. Bizim isə ən böyük vəzifəmiz ulu öndərin ideyalarının inkişafı və Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazılması naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşib, həmrəy olmağımızdır. 

Nurəddin MƏMMƏDOV,

Gəncə Ağsaqqallar Şurasının sədri, professor.