Əbədiyyət qazanan ömür
Sosial həyat

Əbədiyyət qazanan ömür

Torpaq, Vətən uğrunda gedən döyüşlərdə  şəhidlik zirvəsinə ucalanları bu gün xatırlamaq  mənəvi borcumuzdur. Hər bir şəhid ömrü bir tarixdir. Vətən yolunda qızıl hərflərlə yazılan bir tarix. İkinci Qarabağ müharibəsində haqq savaşımızda ömrünü Vətənə verib vətənləşən bir igidimiz  də Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu,  Məcidzadə Saleh Nəriman oğludur.

O, 16 iyul 1994-cü ildə Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olub. 2000-2011-ci illərdə Nəsimi kənd Rafiq Rzayev adına orta məktəbdə oxuyub. Saleh 2011-ci ildən universal idman növü ilə məşğul olmağa başlayıb. O, qatıldığı bütün idman yarışlarının qalibləri cərgəsində olub. Ordu idman növləri üzrə keçirilən yarışlarda yüksək nəticələr əldə edib. Salehin böyük qardaşı Məcidzadə Əhliman da hərbçidir. Hazırda Azərbaycan Hərbi Hava qüvvələrinin hava hücumundan mühafizə bölməsində xidmət edir. Əhliman da Vətən müharibəsinin iştirakçısıdır. Kiçik qardaş Əli müharibə başlayan kimi  SHXÇDX-nın rayon şöbəsinə müraciət etsə də "Mənim hər iki qardaşım cəbhədədir, mən evdə otura bilmərəm" - deyə müharibəyə göndərilməsini təkid edib.

 Saleh 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılaraq Qusar rayonunda kəşfiyyat bölməsində xidmət edib. 2017-ci ildən xüsusi təyinatlı qüvvələrdə gizir kimi hərbi xidmətini davam etdirib. O, 2016-cı il Aprel döyüşlərində və Tovuzda düşmən diversiya qrupunun məhv edilməsində iştirak etdiyinə görə komandanlıq tərəfindən təltif olunub.
Saleh Məcidzadə  Azərbaycanın ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən Vətən müharibəsinə qatılaraq bir çox döyüşlərdə qəhrəmanlıq göstərib.  O, 11 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Daş Veysəlli kəndinin düşməndən azad olunması zamanı şəhid olur və doğulub boya-başa çatdığı Nəsimi kəndində  dəfn edilir.

 O, Vətən müharibəsi başlayan gündən daim cəbhənin ən qaynar nöqtələrində olub. Xeyli düşmən qüvvəsini məhv edib, 5-dən çox düşmən texnikasını sıradan çıxarıb. Müharibə Murov dağlarındakı ən yüksək strateji əhəmiyyətli yüksəkliklərin götürülməsi üçün cəbhənin şimal istiqamətindəki müvəffəqiyyətimizin açarı olan əməliyyatların uğurla həyata keçirilməsində Salehin rəhbərlik etdiyi qrup hamını mat qoyan nəticələr əldə edib.

Saleh çox savadlı idi. O rus, türk, erməni, ingilis dilində sərbəst danışırdı. O, Türkiyə, Rusiya, Gürcüstan, Pakistanda kurslarda da iştirak etmişdi. Bir sözlə, əsl peşəkar idi. Saleh nişanlı idi. Möhtəşəm bir toya hazırlaşırdı.  Qismət olmadı! Vətən sağ olsun!

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  sərəncamları  ilə  Saleh Məcidzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

                                                                                                        M.MİRZƏ, 

                                                                               “Respublika”.