Əbədiyyət qazanan şəhid ömrü
Sosial həyat

Əbədiyyət qazanan şəhid ömrü

Vətən müharibəsi Azərbaycana zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Torpaq, Vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanları bu gün xatırlamaq mənəvi borcumuzdur. Vətən müharibəsində heç bir tərəddüd etmədən cəbhəyə yollanan, qaynar döyüşlərin getdiyi Füzuli rayonunun kənd və strateji yüksəkliklərinin azad edilməsi istiqamətində böyük şücaətlə vuruşanlardan biri də şəhid Elsevər Əhədzadədir.

Əhədzadə Elsevər Ağacan oğlu 1995-ci il iyun ayının 3-də anadan olub. Bakı şəhəri 62 saylı liseyi bitirib. 2012-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-texnologiya fakültəsinin Tikinti materialları və məmulatları istehsalı texnologiyası ixtisasına qəbul olub. Sonuncu kursda oxuduğu illərdə Elsevər "AS İnşaat" Beton Zavodda təcrübə keçib. Zavodda təcrübə keçdiyi müddətdə bilik və bacarıqları ilə seçilib. Qısa vaxt ərzində burdan iş təklifi alır. Bir neçə ay işlədikdən sonra zavodla yolları ayırır və özəl şirkətdə işləməyə başlayıb.

2016-cı ildə AzMİU-nu bitirən Elsevər hərbi xidmətə yollanır. Tovuz rayonu Əlibəyli kəndində "N" saylı hərbi hissədə xidmət edir. Ailədə iki qardaş olan Elsevəri valideynləri hər ikisini vətənpərvər ruhda böyütmüşdü. İgid, cəsur, mərd oğullar vermişdilər Vətənə. Bunun nəticəsidir ki, Vətən müharibəsinin ilk günlərindən ön cəhbədə düşmənə qarşı mərdliklə vuruşurdular. Ayrı-ayrı istiqamətlərdə olsalar da amalları bir idi. Yağı düşməni torpaqlarımızdan qovmaq və ərazilərimizi geri qaytarmaq. Elsevərin döyüş yolu Füzuli istiqamətindən başlamışdı. Düşmənə bu istiqamətdə güclü zərbələr endirilmişdi. İgid Azərbaycan oğulları Füzulinin kəndlərini, strateji yüksəkliklərini ələ keçirib, düşməni geri çəkilməyə məcbur etmişdi. Oktyabrın 21-də sonuncu dəfə valideynləri ilə danışan Elsevər 3 gün sonra şəhadətə yüksəlir.

Qardaşı Fərid ondan 2 yaş kiçik olsa da, tale elə gətirmişdi ki, birgə hərbi xidmət keçmişdilər. 2016-cı ildə iki qardaş Tovuzun Əlibəyli kəndində xidməti borclarını yerinə yetirirdilər. Hərbi xidmətə daha əvvəl deyil, iyul ayında çağırıldıqlarına, Aprel döyüşlərində iştirak edə bilmədiklərinə çox təəssüflənmişdilər.

2020-ci ilin iyulunda general Polad Həşimovun və hərbçi yoldaşlarının şəhid olması xəbəri 2 qardaşa da çox təsir etmişdi. Elsevər böyük qardaş olduğundan könüllü ərizə ilə müraciət edir. Sentyabrın 21-də hərbi təlimə çağırılır, 6 gün sonra müharibə başlayır. Sentyabrın 28-də Fəridə də çağırış vərəqəsi gəlir. Elsevər Füzuli, Fərid Hadrud-Xocavənd istiqamətində döyüşür. Bir-birlərindən xəbər ala bilməyən qardaşlardan kiçik olan Fərid isə oktyabrın 16-da ağır yaralanır.

Qrup yoldaşı Zaur Əlizadə deyir ki, Elsevər xaraktercə çox sakit, istiqanlı dost idi. Sakit olmasına baxmayaraq şən, pozitiv ruhlu idi. Qrup yoldaşlarımızın hamısı onu çox istəyirdi. Müəllimlərimiz isə onun haqqında həmişə yüksək fikirdə idi. Savadlı, çalışqan, dərslərə məsuliyyətlə yanaşan tələbə kimi hər zaman diqqət mərkəzində olurdu. Ona verilən sərbəst işləri, kurs işlərini bizdən öncə hazır edib, müəllimlərimizə təqdim edirdi. Müəllimləri Elsevərdən çox razı idilər. Qrupda hər kəsə örnək göstərilən tələbə idi Elsevər. Digər tələbə yoldaşı Səbinə Xankişiyeva isə Elsevəri belə xatırlayır: "Onunla təhsil aldığımız tələbəlik illərində bir dəfə də olsun kimləsə pis olduğun görmədim. Çalışqan və tərbiyəli tələbə kimi hər kəsə nümunə göstərilirdi. Gözəl ürəyi və gözəl xasiyyəti var idi. Qarışqanı belə incitməz dediyimiz insanlardan idi. Onun şəhid xəbəri bizi çox üzdü. Ancaq onun kimi oğula belə məqam yaraşardı. Bu gün torpaqlarımız üzərində rahat, alnıaçıq gəziriksə bu xoşbəxtliyə görə Elsevərə və onun timsalındakı bütün şəhidlərimizə, qazilərimizə və əsgərlərimizə borcluyuq".

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Elsevər Əhədzadə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Elsevər qısa bir ömür yaşadı. Lakin elə bir şanlı ömür ki, unudulmaz qəhrəmanlığı, şücaəti ilə əbədiyyətə qovuşdu, əsl Vətən oğlunun çətin məqamlarda edə biləcəyi son borcunu şərəflə yerinə yetirdi. O, igidliyi, qəhrəmanlığı ilə elə-obaya gərəkli övlad, Vətənə layiqli oğul oldu.

Müşfiq MİRZƏ,

"Respublika".