Əbədiyyət ünvanı
Region

Əbədiyyət ünvanı

Yevlaxda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək ali məqama ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması artıq ənənə halını alıb.

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər icra hakimiyyətinin YAP Yevlax rayon təşkilatının, Yevlax bələdiyyəsinin, Yevlax “Gənclər evi” sosial xidmət müəssisəsinin, Gənclər İnkişafı Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin, şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin, Yevlax şəhər Təhsil şöbəsinin,  Rayon Gənclər və İdman idarəsinin məsul şəxsləri və əməkdaşları rayonun Yuxarı Qarxun kəndindən olan Vətən müharibəsi şəhidi Tağıyev Əkbər Məhəmməd oğlunun doğum günü münasibətilə Şəhidlər Xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Şəhid ailəsinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə şəhidin ruhuna dualar oxunub, məktəblilərin onun xatirəsinə hazırladığı bədii kompozisiya nümayiş etdirilib. Tədbir çərçivəsində Yevlax Şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin şəhidin xatirəsinə həsr etdiyi idmanın Şahmat növü üzrə rayon turnirinin qaliblərinə Fəxri fərmanlar Şəhidin ailə üzvləri tərəfindən təqdim olunub. Daha sonra şəhidin ailə üzvlərinin Yuxarı Qarxun kəndində yaşadığı ünvan ziyarət olunub, onların qayğıları ilə maraqlanılıb, dərin hüznlə başsağlığı verilərək,şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib. 

Görüşdə şəhidin ailə üzvləri ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək, ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

            Zabit XƏLİLOV,

            “Respublika”.