Əbədiyyət yolu
Sosial həyat

Əbədiyyət yolu

Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəmanlıq, peşəkarlıq nümayiş etdirərək 44 gün ərzində Azərbaycan xalqının 30 illik yurd nisgilinə son qoydu. Vətən tarixinin bu şərəfli salnaməsinə öz adını yazan igidlərdən biri də dağlar diyarı Lerik rayonunun Dico kəndində dünyaya göz açmış Firdovsi Balaxan oğlu Tahirov idi.

Firdovsi el təəssübünü çəkən, halallığı sevən, çörəkli nəslin nümayəndəsidir. Atası Balaxan kişi ömrünü xalqına fayda vermək, doğma yurdunun hər bir işinə gərək olmaq arzusu ilə yaşayır. Bu işgüzar, ləyaqətli insan övladlarına gözəl tərbiyə verərək onları özü kimi cəmiyyətə yararlı boya-başa çatdırıb. Övladlarında qurub-yaratmaq eşqi böyükdür. Firdovsi 2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə daxil olur. Torpaq sevgisi ürəyinin lap dərinliyinə hopur.

Bəli, ürəyinin istəyini əsas götürən Firdovsi oxuduğu ali məktəbin sonuncu kursunda, 2019-cu ildə ordu sıralarına yazılır. Məqamında vətən torpağının hər qarışında döyüşə hazır olan Lerikin igid oğlu Xüsusi Təyinatlı dəstədə xidmətə başlayır. Bir müddət Gəncədə təlim keçir. Əla döyüşçü keyfiyyətləri nümayiş etdirir. Köksündə qəhrəman ürəyi döyünən, torpaq sevgisi qanında-iliyində olan Firdovsi haçansa dığalara qan qusdurmaq üçün odun-alovun içinə, səngərə, döyüşə hərtərəfli hazırlaşır.

F.Tahirovun cəbhə yolu Tovuzdan başlanır. Amalı da vətən torpağını canı bahasına qorumaq, ən əsası mübarizə meydanında düşməni diz üstə çökdürüb Qarabağı tezliklə azad etmək olur. Tovuzun qanlı hadisələrində son gülləsinədək vuruşaraq böyük igidlik, şücaət göstərib vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirir. Həm də bir daha sübut edir ki, Firdovsi torpaq uğrunda hər an canından-qanından keçməyi bacaran oğuldur.

Namərd erməni dığalardan intiqam, qisas almaq hissi Firdovsinin vətənlə bir döyünən qəlbində get-gedə alovlanır. Buna görə də İkinci Qarabağ müharibəsinin başladığı anda işğal edilmiş torpaqların hər qarışını azad görmək eşqi ilə qorxmadan odun-alovun içinə gedir. Döyüş ərzində məhv etdiyi dığaların sayı bilinmir. Cəbhə xəttində özü şəhidlik zirvəsinə ucalsa da, cəsurluğu, igidliyi, mərdliyi əsgər yoldaşlarına nümunə olaraq onları qələbəyə doğru aparır...

Vətən sevgisi Firdovsi üçün hər şeydən uca idi. Qanında axan bu ilahi sevgi əbədi olaraq onun adını könüllərə yazır. Aramızdan vaxtsız getsə də, gələn nəsillərə örnək həyat yolu yaşadı. Bir də 30 il düşmən tapdağında qalan Qarabağımızın hər addımında indi üçrəngli bayrağımız dalğalanır. Vətən sevdalı igid bunu ürəkdən arzulayırdı. Odur ki, şəhidlik zirvəsindən gələcəyə boylanan ruhu çox rahatdır. Adı tarixə yazılmaqla, həm də dövlət tərəfindən "Vətən uğrunda", "Cəsur döyüşçü" medallarına layiq görülübdür.

 Zəfər ORUCOĞLU.