Əbədiyyətə qovuşan igid
Sosial həyat

Əbədiyyətə qovuşan igid

Böyük zəfərin əldə olunması üçün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın mərd, cəsur və vətənsevər oğulları ölümün üzünə dik baxaraq irəli atıldı, 30 ildə ermənilərin işğalı altındakı ərazilərimizdə qurduqları “keçilməz” istehkamları darmadağın etdi, düşmən ordusunu məhv edərək öz canları və qanı bahasına torpaqlarımızı azad etdi. Vətənin ərazi bütövlüyünün bərpası üçün canından keçərək şəhid olmuş qəhrəmanlarımızdan biri də Rüfət Murad oğlu Əsgərovdur. O, 1981-ci il avqust ayının 29-da Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. 1988-1996-cı illərdə Xətai rayonu Ə.Əliyev adına 204 saylı tam orta məktəbi bitirib. 1996-1999-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə, 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. Rüfət Əsədov 2003-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində (leytenant hərbi rütbəsi), 2009-2012-ci illərdə isə (baş leytenant hərbi rütbəsi) ASQ-nin Ağcabədidə yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Şəhid Rüfət Əsgərov sonra müxtəlif hərbi hissələrdə xidmət göstərərək (mayor) rütbəsinə qədər yüksəlir. 2014-cü ildən isə o, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) “kəşfiyyat” kafedrasında baş müəllim kimi çalışıb.

Mayor Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində Suqovuşanın azadlığı, həmçinin Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə vuruşub və böyük igidliklər göstərib. Ermənistan ordusunun 24-dən artıq hərbçisini məhv edib, həmçinin düşmənin üç postunun ordumuzun nəzarətinə alınmasında igidlik göstərib.

Düşmənin kabusuna çevrilən Azərbaycanın cəsur oğlu Rüfət Əsgərov oktyabr ayının 14-də Ağdərə istiqamətində gedən gərgin, şiddətli döyüşlərdə şəhid olub.

Atası Mürvət Əsgərov deyir ki, oğlum öz bilik-bacarığı ilə seçilirdi. Qorxu nə olduğunu bilmirdi. O, həmişə deyirdi ki, Polad Həşimov və polkovnik-leytenant Raquf Orucov kimi qəhrəmanların qisasını alacam. Rüfət xüsusi təyinatlıları öz ətrafında yığıb düşmənə ağır zərbələr endirib. Onda böyük Vətən sevgisi var idi. Qardaşı Nicat deyir ki, ölümündən 2 gün əvvəl mənə zəng vurdu və övladlarını mənə tapşırdı. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsi zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rüfət Əsgərov ölümündən sonra “3-cü dərəcəli Rəşadət” ordeni, “Vətən uğrunda medalı”, “Hərbi xidmətlərə görə” medalı, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Kəşfiyyatçı şəhidimiz Rüfət Mürvət oğlu Əsgərov II Fəxri Xiyabanda dəfn olunub. Onun 2 övladı Xansuvar və Zəhra Vətənə əmanət qalıb.

Əli SADIQOV,

“Respublika”.