Əbədiyyətə qovuşanlar
Sosial həyat

Əbədiyyətə qovuşanlar

Şəhidlərin ad günündə anım mərasimləri keçirmək, onların şərəfinə tikilən Xatirə bulaqlarının açılışını təşkil etmək artıq qürurlu ənənəyə çevrilmişdir. Bu günlərdə şəhid Röyal Məmmədovun xatirəsi yad olundu. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyevanın və icra hakimiyyətinin məsul  işçilərinin iştirakı ilə şəhid ailələri və ictimaiyyət nümayəndələri öncə Şəhidlər xiyabanını ziyarət etdilər. Şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə tər qərənfillər qoyularaq əziz xatirələri  yad olundu.
Sonra tədbir iştirakçıları Vətən  müharibəsi  şəhidi Məmmədov Röyal Misil oğlunun xatirəsinə inşa edilmiş bulağın və guşənin açılış mərasimində Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək şəhidin keçdiyi həyat yolundan və xidmətlərindən danışdı. Şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək şəhidin valideyninə Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edib və Allahdan ona səbir diləyib.
Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Mehriban xanım Əliyevanın dövlət səviyyəsində şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdikləri diqqət və qayğıdan bəhs etdi.
Mərasimdə şəhidin hərbi xidmət yoldaşları, ona orta məktəbdə və peşə liseyində dərs deyən müəllimlər, ictimaiyyət nümayəndələri çıxış edərək şəhid Məmmədov Röyal Misil oğlu barədə xatirələrini bölüşdülər. Şəhidə Allahdan rəhmət, ailə üzvlərinə səbir dilədilər. Tədbirdə məktəblilər şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisya ilə çıxış etdilər.
Sonda şəhidin atası Misil Məmmədov xatirə bulağının və guşəsinin açılışını etdi. Onlara göstərilən diqqət və qayğıya, dəstəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.

 Tofiq HÜSEYN,

“Respublika”.