Ədalətdən danışıb ədalətsiz açıqlama verən spikerin çıxışı ölkəmizə qarşı ikili standartların təzahürüdür
Digər xəbərlər

Ədalətdən danışıb ədalətsiz açıqlama verən spikerin çıxışı ölkəmizə qarşı ikili standartların təzahürüdür

İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistan iki ildir ki, hələ də Azərbaycanın qalibiyyətini qəbul etmir, 2020-ci il 10 noyabr Bəyanatını imzalayaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ermənistanın baş naziri Nikol Paşinyan müharibə bitdikdən sonra Azərbaycanın sülh təklifini imzalamaqdan boyun qaçırır, Avropa İttifaqının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən hər görüşdə bu məsələlərin həllində razılığa gəlinsə də, qeyri-konstruktiv mövqe nümayiş etdirən düşmən ölkə kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası ilə bağlı verdiyi vədləri yerinə yetirməyərək regionda sülhün, təhlükəsizliyin təmin olunmasına ciddi problemlər yaradır. Bununla ürəyi soyumayan, kin-küdurətindən əl çəkməyən ermənilər işğaldan azad olunmuş ərazilərdə, Ermənistanla sərhəd rayonlarımızda genişmiqyaslı təxribatlar törətməkdən də çəkinmirlər.

Düşmən növbəti təxribatını sentyabr ayının 12-dən 13-nə keçən gecə törətmişdir. Belə ki, ermənilər Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələrində yerləşən bölmələrindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində  Azərbaycan Ordusunun mövqelərini hədəfə almış, əraziləri və təminat yollarını minalamış, sığınacaqları, dayaq məntəqələrini müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutmuşdur. Hər zaman olduğu kimi, mülki şəxsləri hədəf alan Ermənistan silahlı qüvvələri bu dəfə də dinc insanlara atəş açmış və nəticədə iki mülki şəxs - Kəlbəcər rayonu Bozlu kənd sakini Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini Orucov Arzuman İman oğlu yaralanmışdır.

Sözsüz ki, düşmən öz əməlinə görə layiqli cavabını almış, xeyli sayda canlı qüvvəsi və silah-sursatı, hərbi texnikası məhv edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan ordusu üzərinə düşən vəzifəni peşəkarlıqla yerinə yetirmiş, bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, mühüm yüksəklikləri nəzarətə götürmüşdür.

 Müstəqil Azərbaycanın İkinci Qarabağ müharibəsində haqlı mövqeyi, ədalətli müharibə aparması, öz ərazilərində əks-hücum əməliyyatı keçirməsi bütün dünyaya məlumdur. Postmüharibə dövründə də regionda sülhün bərqərar olmasına çalışan, Azərbaycan xalqına qarşı əzəldən düşmən münasibəti bəsləyən alçaq qonşularına sülh təklif edərək regionda xalqların təhlükəsizliyinin təmin olunması istiqamətində əhəmiyyətli addımlar atan Azərbaycana qarşı istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də sonrakı dövrdə ikili münasibətlər bəslənmişdir.

Erməni havadarları, erməni lobbisinə xidmət edən ölkələr bu gün də öz missiyalarını müəyyən mənada həyata keçirməyə çalışırlar. Belə ki, sentyabrın 18-də Ermənistana səfəri çərçivəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin sentyabrın 12-13-də Ermənistan-Azərbaycan sərhədində baş verən insidentdə Azərbaycanı günahlandıraraq bölgədəki vəziyyəti təhrif edən əsassız və ədalətsiz açıqlaması bu riyakar, ikili münasibətin aydın təzahürüdür. Ermənistanın Azərbaycan ərazilərini 30 il işğal etməsinə, yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarından qovulmasına, imzaladığı kapitulyasiya aktının müddəalarını yerinə yetirməyərək regionda sülhü təhdid etməsinə indiyədək heç bir münasibət bildirməyən ermənipərəst spikerin bu açıqlaması isə Azərbaycan ictimaiyyətinin rəyində ABŞ-ın nüfuzunun aşağı düşməsinə səbəb oldu. Belə ki, avqustun 27-də Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfransda ABŞ və Fransanın Azərbaycandakı səfirlərinin iştirak etməmələri Azərbaycan xalqı tərəfindən pislənmiş və bunu işğalçı ölkənin mənafeyinin müdafiəsi kimi qiymətləndirmişdir. Ədalətdən danışıb ədalətsiz açıqlama verən, "Yerevanda Azərbaycanın Ermənistana qanunsuz hücum etdiyini" söyləyən və "biz bu hücumları qətiyyətlə pisləyirik", - deyən Nensi Pelosinin öz siyasi ambisiyaları, erməni lobbisinə xidmət edən bu qərəzli açıqlamasından və Fransanın BMT Təhlükəsizlik Şurasında sərhəd toqquşmasını gündəliyə gətirməsindən sonra Azərbaycan ona qarşı qərəzli, ədalətsiz münasibət sərgiləyən Fransa və ABŞ-a inam və etibar göstərə bilməz.

Görəsən, Azərbaycanı Ermənistan ərazisinə müdaxilədə ittiham edən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistanın hələ Qazaxın 7 kəndini işğal altında saxladığından xəbəri varmı? Yaxud da Paşinyanın "bu kəndlərin Azərbaycana mənsubluğu sual altındadır və onların hüquqi statusu yoxdur" fikrinə də "ədalətli, qərəzsiz" açıqlaması olacaqmı?..

Azərbaycana qarşı ikili münasibət nümayiş etdirən ABŞ Nümayəndələr Palatasının spikerinin əsassız fikirləri Avropa İttifaqı prezidenti Şarl Mişelin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırması səylərinə ciddi zərbə vurmaqdır. Həmçinin, erməni dəyirmanına su tökən Fransa və ABŞ  Minsk qrupunu dirçəltmək, Ermənistan üzərindən regiona müdaxilə etmək siyasəti həyata keçirmək məqsədi güdür.

Əks təqdirdə, Ermənistanı qızışdırıb, sülh müqaviləsini imzalamaq fikrindən daşındırmaq, təxribatlara sövq etmək, Ermənistana əsassız ümidlər vermək yerinə Brüssel görüşündə dövlətlərarası sərhəddə yaxın günlərdə sərhəd komissiyalarının birinci birgə iclasının baş tutacağı və iki ölkə arasında sərhədin delimitasiyası  və ümumilikdə regionda sabitliyin bərqərar olunması cəhdləri dəstəklənər, bütün fəaliyyət bu istiqamətə yönələrdi. Nəinki təxribat törədən ölkənin məsuliyyətini qarşı tərəfdə görmək...

Milli Məclisin sədri Sahibə Qafarova ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində səsləndirdiyi açıqlamaya dair verdiyi bəyanatda bu bir daha öz əksini tapır: "ABŞ Nümayəndələr Palatasının spikerinin açıqlaması baş vermiş hadisələrə obyektivlikdən uzaq, qərəzli və birtərəfli yanaşmanı əks etdirir. Öz siyasi karyerası ərzində ermənipərəst siyasətçi kimi tanınan Nensi Pelosinin bu açıqlamanı erməni təbliğatının təsiri altında verdiyi şübhə doğurmur. Ermənistana səfər edən nümayəndə heyətinin tərkibinə üç nəfər ermənipərəst Konqres üzvünün daxil edilməsi də bunun növbəti bariz təzahürüdür. Digər tərəfdən, ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdən öncə reallaşdırılan bu səfərin ABŞ-dakı erməni lobbisinin dəstəyini qazanmağa xidmət edən addımlardan biri kimi xanım spikerin şəxsi maraqlarına xidmət etdiyi də aydındır".

M.VƏLİQIZI,

"Respublika".