Ədaləti susdurmaq,haqqı tapdamaq mümkün deyil
Siyasət

Ədaləti susdurmaq,haqqı tapdamaq mümkün deyil

Heç tiranlar da həqiqətin gözünü bağlaya bilməyiblər, ədaləti susdurmaq isə mümkün olmayıb. Nə yaxşı ki, haqqın tərəfində dayananlar dünyada tarazlığın pozulmasına imkan vermirlər. Otuz ilə yaxın Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistan müvəqqəti də olsa, həqiqəti kor edərək ədaləti susdura bilmişdi, təbii ki, öz havadarlarına arxalanan, ermənipərəst qüvvələrin köməyinə güvənən düşmən beynəlxalq qanunları saya salmır, ölkəmizə qarşı işğalı və terroru davam etdirirdi.

Keçmiş münaqişənin tarixinə nəzər salanda yuxarıda dediklərimiz öz təsdiqini tapır, düşmən ölkənin torpaqlarımızda törətdikləri qəddar cinayətlərin faciəsi adamı dəhşətə salır. Azərbaycanın 7 şəhərini, yüzlərlə kəndini dağıdaraq xarabalığa çevirən, təbii sərvətlərimizi talan edən, mədəni və dini abidələrimizi təhqir edən, işğal altında saxladıqları yerlərin flora və faunasına görünməmiş vəhşiliklə ziyan vuran Ermənistana dur deyən yox idi. Əksinə, erməni işğalını dondurmağa çalışırdılar. Qətnamələr, qərarlar mənasız kağız parçasına çevrilmişdi, 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan ölkəyə qarşı BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 4 qətnaməyə Ermənistan məhəl qoymur, dünyaya meydan oxuyurdu. Nəhayət, 2020-ci ilin noyabr ayında Azərbaycan hərbi yolla öz torpaqlarını düşmənlərdən azad etdi və hazırda keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıda bilməsi üçün hökumət tərəfindən həmin ərazilərdə quruculuq işləri sürətlə aparılır.

2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, məğlub ölkənin silahlı qüvvələrinin Azərbaycan ərazisini tərk etməsi tələb olunsa da, Ermənistan bu günə qədər həmin müddəalara əməl etmir, Azərbaycan isə daima davamlı sülh təşəbbüsü ilə çıxış edir, barışığa və dinc qonşuluğa çağırışlar edir. Həm də ölkəmiz regionda sülhün bərqərar olması və Ermənistanla münasibətlərin normallaşdırılması üçün 5 prinsipə əsaslanan təkliflər irəli sürdü, çox təəssüf ki, bu təşəbbüslər Ermənistanın müxtəlif təxribatları ilə sabotaj edilir. Danışıqlarda ərazi bütövlüyünü, sərhədlərin tanınmasını, sülh sazişinin hazırlanmasını qəbul etdiyini bildirən Ermənistan sonradan başqa mövqedə dayanır, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etmədiyini və öz ərazi iddialarında israr edərək Qarabağ bölgəsinin Azərbaycana məxsus olduğunu tanımaqdan imtina etdiyini bildirir. Sonra da erməni hiyləgərliyi ilə xalqını dünyaya qurban kimi qələmə verir, haqqı, ədaləti yanıltmağa çalışır.

Prezident İlham Əliyevin bu il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi 2022-ci ildə Azərbaycan hakimiyyətinin həyatın bütün sahələrində yürüdəcəyi sosial, iqtisadi siyasətin, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı işləri mükəmməl şəkildə ifadə edir.

Ermənilərin xəyalları, arzuları puç olub, nə qədər çabalasalar da, təxribat törətsələr də, ağalarından imdad diləsələr də qalib Azərbaycan öz qəti mövqeyini ortaya qoyub. Otuz ilə yaxın işğal altında qalan dövlət sərhədləri bərpa edilib. İşğaldan azad edilən torpaqlarda gələcək inkişafın istiqamətləri ardıcıllıqla müəyyən edilib. Hər şeydən əvvəl postmünaqişə dövrünün ikinci ilində ölkəmizdə qazanılan nailiyyətlər göz qabağındadır, sadə rəqəmlər inkişafın və tərəqqinin ən yaxşı göstəricisidir. Qarabağda və Şərqi Zəngəzurda işğaldan azad edilmiş ərazilərdə quruculuq, yenidənqurma işlərinin aparılması, xüsusən həmin ərazilərdə su, külək, günəş elektrik stansiyalarının inşası, yeni şose və dəmiryollarının çəkilməsi, hava limanlarının inşası, məktəblərin tikintisi, mədəni və dini abidələrin bərpa edilməsi və düşmənin torpaqlarımıza basdırdığı minaların təmizlənməsi Azərbaycan dövlətinin gücünü göstərir.

Müharibənin bitməsindən iki ilə yaxın vaxt keçir, ancaq bölgədə aparılan tikinti-quruculuq işlərinin xəritəsinə və miqyasına baxanda sözün həqiqi mənasında qürur hissi keçiririk. Suqovuşandan Ağdama, Ağdamdan Hadruta, Hadrutdan Füzuliyə, Füzulidən Cəbrayıla, Cəbrayıldan Zəngilana, Zəngilandan Laçına, Laçından Kəlbəcərə qədər böyük bir ərazidə aparılan işlər, həyata keçirilən layihələr, ətraf mühitin, ekologiyanın bərpa edilməsi və digər həyat əhəmiyyətli tədbirlər Azərbaycan dövlətinin gücünün, iqtisadi qüdrətinin, əzminin, iradəsinin ən yaxşı göstəricisidir. Qarabağda və Şərqi Zəngəzurda bir müasir hava limanı istifadəyə verilib, iki hava limanının tikintisi davam etdirilir. Hər iki iqtisadi rayonda demək olar ki, bütün enerji təsərrüfatı yenidən qurulur, su xətləri çəkilir, məktəblər, xəstəxanalar, yaşayış evləri inşa edilir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Zəngilan rayonunun Ağalı və Füzuli rayonunun Dövlətyarlı kəndlərinin tikilməsi işğaldan azad edilən ərazilərdə quruculuq işlərinin ilk müjdələridir. Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər şəhərlərinin və Hadrut, Suqovuşan qəsəbələrinin ən müasir şəhərsalma layihələri ilə yenidən tikilməsi onu göstərir ki, keçmiş məcburi köçkünlər yaxın zamanlarda öz doğma yurd yerlərinə qayıdacaqlar.

Qarabağın və Şərqi Zəngəzurun erməni işğalından azad edilməsi dünyada Azərbaycanın hərbi-siyasi gücünə münasibəti köklü şəkildə dəyişdi, şanlı Qələbə işğalın dondurulmasında maraqlı olan ermənipərəst dövlətlərin ovqatını təlx etdi, müzəffər ordumuzun qəhrəmanlığı, Vətən sevgisi, qisas və düşmənə nifrət hissi, döyüş peşəkarlığı çoxlarının yuxusunu qaçırtdı və torpaqların azad edilməsi üçün ölümün gözünə dik baxan oğulların igidliyi düşmənlərimizin bağrını yardı. Tarixi Zəfərdən sonra Azərbaycan dövləti, Qalib Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilən ərazilərdə tikinti-quruculuq işlərinin başlanılmasına qərar verdi.

Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Prezident İlham Əliyev sentyabrın 20-də "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad edilmiş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 800 min manat ayrılıb. Məlum olduğu kimi, ermənilər Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk edərkən evləri yandırıblar, infrastrukturu dağıdıblar, əraziləri minalayıblar. Nə demək olar, erməni xisləti öz çirkin sifətini bir daha nümayiş etdirdi.

Dövlətimizin başçısının başqa bir sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər müəyyən edilib. İşğaldan azad edilmiş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə ilkin olaraq 1 milyon manat ayrılıb. Xatırladaq ki, Azərbaycan Ordusu Ermənistanın işğal etdiyi Laçın şəhərinə 2022-ci il avqustun 26-da daxil olub, Zabux və Sus kəndləri nəzarətə götürülüb. Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl rayonunun Şükürbəyli kəndini 2020-ci il oktyabrın 4-də düşməndən azad edib. Ermənilər tərəfindən talan, qarət edilmiş və dağıdılmış yurd yerlərimizə, əzəli və əbədi torpaqlarımıza həyat qayıdır. Uzun illər ərzində ermənilər haqsız ola-ola həqiqətin gözünü bağlamaq istədilər, ədaləti susdurmaq üçün min sifətə düşdülər, özlərini yazıq, məzlum, xəstə millət kimi dünyaya sırıdılar. Yaxşı deyiblər ki, yalanın ömrü gödək olar, qüdrətli Azərbaycan şanlı ordusu ilə həqiqətin gözünü açdı, ədalət isə zəfər çaldı...

Salman ALIOĞLU,

"Respublika".