ƏDALƏTLİ VƏ DAYANIQLI SÜLHÜN TƏRƏFDARIDIR
Siyasət

ƏDALƏTLİ VƏ DAYANIQLI SÜLHÜN TƏRƏFDARIDIR

Dövlətimiz Cənubi Qafqazın lider ölkəsi kimi həmişə təhlükəsizliyi, əmin-amanlığı, inkişafı dəstəkləyir

Azərbaycan xalqı iki il bundan əvvəl Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq beynəlxalq hüququ və tarixi ədaləti bərpa etməyə nail oldu. Dövlətimizin başçısı dəfələrlə tarixi Zəfərimizin əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi.

Erməni barbarları tərəfindən işğal dövründə şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir olunub və talan edilib. Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı davamlı olaraq sistemli şəkildə müharibə cinayətləri törədib və belə əməllərə bu gün də son qoyulmayıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aşkar olunan kütləvi məzarlıqlar erməni vandalizminin və vəhşiliklərinin misli görünməmiş miqyasından xəbər verir. Aşkar olunmuş kütləvi məzarlıqlarda işgəncələrə məruz qoyularaq sonradan qətlə yetirilmiş Azərbaycan vətəndaşlarının və hərbçilərinin basdırılması faktı artıq öz təsdiqini tapıb. Lakin Ermənistan təkcə Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməkdən, mina xəritələrini verməkdən imtina etmir, bədnam qonşumuzun son hərəkətləri onu göstərir ki, bu qondarma dövlətdə sadə vətəndaşlar ölkəmizlə sülh sazişinin əldə olunmasını arzulasalar da, Ermənistandakı revanşist qüvvələr, faşist ideologiyasının əsas carçılarından biri olan beynəlxalq erməni lobbisi, eləcə də Fransa kimi ikiüzlü siyasət yürüdən ölkələr regionumuzda sülhün bərqərar olunmasında maraqlı deyil. Onlar dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində Ermənistanı real addımlar atmağa sövq etmək əvəzinə, sülhün əldə olunması istəyinin görüntüsünü yaratmağa həvəsləndirir. Heç zaman müstəqil dövlətə sahib olmayan, müstəqil siyasət aparmayan Ermənistan və onun rəhbərliyi isə bütün bu oyunlarda alət kimi istifadə edilir.

Azərbaycan isə nəinki müstəqilliyini möhkəmləndirmiş, öz ərazi bütövlüyünü bərpa etmiş, dünyada qalib tərəf kimi tanınan dövlətdir, həm də artıq beynəlxalq münasibətlərin mühüm və önəmli aktoru kimi çıxış edir, dayanıqlı sülhün, etibarlı təhlükəsizlik mühitinin yaradılması sahəsində atılmalı olan mühüm addımların prinsiplərini irəli sürür, bunun vacibliyini sübut edir.

Buna misal olaraq noyabrın 25-də Prezident cənab İlham Əliyevin ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransdakı nitqini, iştirakçıların verdiyi suallara hərtərəfli və müfəssəl cavablarını vurğulaya bilərik. Dövlətimizin başçısı 44 günlük müharibədən sonra regionda yaranan yeni reallıqlar, geosiyasi vəziyyət, Azərbaycanın müəllifi  olduğu enerji və nəqliyyat layihələrinin əhəmiyyəti, Orta Dəhlizin reallaşması perspektivləri, ölkələr arasında əlaqələrin inkişafı, yeni əməkdaşlıq formatlarının yaradılması üçün mövcud imkanların müzakirəsi haqqında danışdı, bu istiqamətlər üzrə mühüm mesajlar verdi.  

Yeri gəlmişkən, bu mühüm platforma xarici ekspertlərlə birgə postmünaqişə dövründə ADA Universitetinin evsahibliyi etdiyi sayca üçüncü konfransdır. Prezident cənab İlham Əliyevin bu konfransda iştirakı və verilən bütün sualları ətraflı cavablandırması bir daha onu göstərdi ki, Azərbaycan Cənubi Qafqaz dövləti olaraq sülhü, əmin-amanlığı, inkişafı dəstəkləyir və nəinki öz qonşuları ilə, Cənubi Qafqazla əməkdaşlıq etmək istəyən digər dövlətlərlə də dostluq münasibətləri və əlaqələri qurmağa hazırdır.  Dövlətimizin başçısının səsləndirdiyi fikirlər müxtəlif istiqamətləri əhatə etsə də, mahiyyət etibarilə vahid və konseptual bir siyasi platformanın tərkib hissəsi kimi nəzərə çarpırdı. Bu fikirlər ən müxtəlif siyasi nəzəriyyələrin, mövcud geosiyasi reallıqların ciddi və hərtərəfli təhlili nəticəsində ortaya çıxan baxış bucağını əks etdirirdi. Nəzərə alsaq ki, Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələlərinə xüsusi diqqət ayırmaq lazımdır, ölkə başçısının da qeyd etdiyi kimi, "İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq".

Beynəlxalq konfransda cənab Prezident bir daha Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən bəhs edərək bildirdi ki, "Ermənistan İkinci Qarabağ müharibəsindən sonra Qarabağla bağlı danışıqların davam etdiriləcəyini düşünsə də, Azərbaycan bunun qətiyyən mümkün olmadığını bildirdi və bu çağırışı etdi ki, heç bir ölkə, beynəlxalq qurum ilə Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub. Ölkəmizin Ermənistana təklif etdiyi sülh müqaviləsində beynəlxalq hüququn 5 əsas prinsipi öz əksini tapıb ki, bunlardan biri də ərazi bütövlüyü prinsipidir. Ermənistan Praqa görüşündə rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdı və bu, həm də Azərbaycanın Qarabağ üzərində suverenliyi deməkdir".

Praqa görüşündən sonra Fransanın təxribatlarını diqqətə çatdıran dövlətimizin başçısı bəyan etdi ki, belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz: "Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub. Deməli, bu o deməkdir ki, dekabrın 7-də Brüssel görüşü baş tutmayacaq və baxaq görək, hansı alternativimiz olacaq, vasitəçi kim olacaq, platforma harada olacaq. Mən Ermənistanın baş nazirinin bu qərarını sülh prosesini pozmaq cəhdi hesab edirəm, çünki onlar təsəvvür edə bilərdilər ki, biz buna qarşı olacağıq".

Azərbaycan hər zaman olduğu kimi, bu gün də ölkəmizə və xalqımıza qarşı yönələn bütün təxribatlara baxmayaraq, ədalətli sülhün tərəfdarı kimi çıxış etməyə davam edir. Və bu xoş niyyət dünya birliyinin əksəriyyəti tərəfindən təqdir olunur. Ancaq təəssüflər olsun ki, İran və Fransa kimi riyakarlıq, ikiüzlülük, həm də qeyri-obyektiv, öz merkantil maraqlarına əsaslanan və açıq ermənipərəst siyasət yürüdən dövlətlər də var. Onlar sərgilədikləri bu siyasətin qurbanına, birmənalı şəkildə uduzan tərəfə çevrilir. Bu gün isə Prezident cənab İlham Əliyevin qətiyyətli və birmənalı mövqeyinə görə Fransa sülh danışıqlarından kənarlaşdırılıb.

Azərbaycan dövləti 44 günlük Vətən müharibəsindən sonra sülhün və təhlükəsizliyin təmin edilməsi, regionda qonşu dövlətlərlə qarşılıqlı münasibətlərin keyfiyyətcə yeni mərhələyə daxil olması üçün indiyədək heç vaxt müşahidə olunmayan imkanlar yaratmışdır. Bu xüsusda yeni situasiya həm də regionda sabitliyin, təhlükəsizliyin, uzunmüddətli sülhün, qarşılıqlı əməkdaşlığın təmin edilməsinin qarantı kimi çıxış edir. Həmçinin, Azərbaycanın konstruktiv mövqeyi geniş dialoq və əməkdaşlıq üçün gözəl perspektivlər yaradır.

Emin QASIMOV,

"Respublika".