Edilli kəndində aşkarlanan kütləvi məzarlıq Türkiyə mediasında geniş işıqlandırıldı
Siyasət

Edilli kəndində aşkarlanan kütləvi məzarlıq Türkiyə mediasında geniş işıqlandırıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birgə Qarabağ müharibəsində əsir və itkin düşmüş vətəndaşlarımızın axtarışına başlamışdır. İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndi ərazisində aparılan ilkin axtarışlar zamanı 1993-cü ildə Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş 25 Azərbaycan hərbçisinin olduğu kütləvi məzarlıq aşkar edilmişdir. Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşiliyin növbəti təsdiqi kimi aşkarlanan məzarlıqlara dünya mətbuatı da biganə qalmamış, o cümlədən Türkiyə Respublikasının kütləvi informasiya vasitələri də hadisəni geniş işıqlandırmışdır.

Anadolu Agentliyinin müxbirləri Xocavəndin Edilli kəndində 12 azərbaycanlı əsgərin dəfn olunduğu kütləvi məzarlığın aşkar edildiyini bildirir: "Üzərindəki paltar və əşyalardan meyitlərin Azərbaycan əsgərlərinə məxsus olduğu anlaşılır. Bəzi kəllə sümüklərindəki dəliklər əsgərlərin güllələnərək edam edildiyini göstərir". Qeyd olunur ki, 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsində 3890 Azərbaycan əsgəri və mülki şəxs həlak olub.

TRT HABER TV-nin məlumatında bildirilir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məsul əməkdaşı Namiq Əfəndiyev Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların tapılması üçün 2022-ci ilin fevralından rayonda qazıntı işləri apardıqlarını açıqlayıb. Edilli kəndində indiyədək 25 nəfərin qalıqlarının tapıldığını deyən N.Əfəndiyev bildirib ki, sentyabrın 26-da aparılan qazıntılar zamanı 12 nəfərin hərbi geyimli qalıqları aşkar edilib. Ehtimal edilir ki, bunlar ermənilər tərəfindən qətlə yetirilərək basdırılan Azərbaycan əsgərləridir. Meyitlərdən DNT analizi alınacaq və şəxsiyyətlərinin müəyyən edilməsinə çalışılacaq.

"STAR" qəzetində məlumatda da Edilli kəndində indiyədək 25 nəfərin qalıqlarının tapıldığı bildirilir. Qeyd olunur ki, Azərbaycan Ermənistanla danışıqlarda hər zaman itkin düşmüş şəxslərlə bağlı məsələ qaldırır və Ermənistandan bu şəxslərin taleyinə aydınlıq gətirilməsini tələb edir.

"Vatan" qəzetində Azərbaycanın işğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən şəhid olmuş Azərbaycan əsgərlərinin basdırıldığı kütləvi məzarlığa baxış keçirildiyi bildirilir.

İHLAS HABER Agentliyinin yaydığı məlumatda bildirilir: "Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirilən 12 azərbaycanlıya məxsus yeni kütləvi məzarlıq aşkar edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məsul işçisi Namiq Əfəndiyev Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin tapılması istiqamətində aparılan araşdırmalar və şahidlərin ifadələri əsasında kütləvi məzarlıqların olduğunu bildirib: "Axtarışlar nəticəsində 25 nəfərin meyiti tapılıb. Həmin şəxslər kütləvi şəkildə basdırılıb. Axtarışlarımız davam edir. Prosedurlardan sonra axtarışları davam etdirəcəyik. Yeni cəsəd qalıqlarının tapılacağını gözləyirik".

Qardaş Türkiyənin "TRT Haber", "TGRT", "TRT Avaz", "CNN Türk" və başqa telekanallar, "Milliyet", "Yeni akıt", "Star", "Vatan" və s. qəzetləri və aparıcı media qurumları da Vətən müharibəsində işğaldan azad olunan Xocavənd rayonunun Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkarlanan kütləvi məzarlıqla bağlı məlumatlar yaymış və bu vəhşi, insanlıq adına sığmayan hadisəni Ermənistan tərəfindən törədilən növbəti cinayət olaraq qiymətləndirmişdir.

Mehparə ƏLİYEVA,

"Respublika".