Ədliyyə fəaliyyəti dövlətimizin başçısının tapşırıqları rəhbər tutulmaqla təkmilləşdirilir
Digər xəbərlər

Ədliyyə fəaliyyəti dövlətimizin başçısının tapşırıqları rəhbər tutulmaqla təkmilləşdirilir

Dünən ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında ədliyyə orqanları tərəfindən cari ildə görülmüş işlərə yekun vurulub, qarşıda duran vəzifələr müzakirə olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, nazir Fikrət Məmmədov çıxış edərək ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan dövlətinin Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti ilə yeni quruculuq, tərəqqi dövrünü yaşadığını, xalqımızın sosial rifahının yaxşılaşdığını, ölkəmizin beynəlxalq nüfuzunun günbəgün artdığını vurğulayıb.

Nazir qeyd edib ki, dövlətimizin başçısı tərəfindən Ümummilli Liderin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq dahi öndərin anadan olmasının 100 illiyi münasibətilə qarşıdan gələn 2023-cü il "Heydər Əliyev İli" elan olunub və bununla bağlı əhatəli tədbirlər planı təsdiq olunaraq həyata keçirilməsinə başlanılıb.

İclasda Ümummilli Liderin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı ən ümdə vəsiyyətini şərəflə yerinə yetirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərin, o cümlədən tarixi, mədəni və dini abidələrimizin bərpasından danışıb, bu sahədə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyətini qeyd edib.

Bildirilib ki, ölkəmizin hərtərəfli inkişafına uyğun olaraq ədliyyə və məhkəmə sistemində də islahatlar uğurla davam etdirilir, "Şuşa İli" çərçivəsində mədəniyyət paytaxtımızda məhkəmə-hüquq islahatlarının mütərəqqi nəticələrinə və apellyasiya məhkəmələrinin yaradılmasının 15 illiyinə həsr olunan Şuşa konfransı keçirilib, azad edilmiş ərazilərimizdə nazirlik tərəfindən müasir innovativ metodlar əsasında səyyar ədliyyə xidmətləri təşkil olunub.

Bu il dövlətimizin başçısının iştirakı ilə Bakıda yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün yeni inşa olunmuş müasir penitensiar müəssisələr istifadəyə verilib. Prezident tərəfindən ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı mühüm qərarlar qəbul olunub, o cümlədən nazirliyin aparatının müasir çağırışlara uyğun yeni strukturu təsdiq edilib, 2022-ci il 28 dekabr tarixli Sərəncamla apellyasiya və birinci instansiya məhkəmələrinə hakimlərin təyinatları aparılıb, fəaliyyətində fərqlənən ədliyyə işçiləri və hakimlər dövlət təltiflərinə layiq görülüblər.

Ötən ay peşə bayramı ərəfəsində "Tərəqqi" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif olunmuş bir qrup ədliyyə işçilərinə nazir tərəfindən bu yüksək dövlət mükafatları təntənəli təqdim edilib. Təltif olunmuş əməkdaşlar onların fəaliyyətinə verilmiş yüksək qiymətə və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə edib, qarşıya qoyulan vəzifələri daha məsuliyyətlə yerinə yetirəcəklərini söyləyiblər.

İclasda Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair milli fəaliyyət planlarının, "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə bağı görülən tədbirlər qeyd edilərək, bu mühüm sənədlərin vaxtında və mütəşəkkil icrasının vacibliyi vurğulanıb, növbəti il üçün aidiyyəti tədbirlər müəyyənləşdirilib.

Cari ildə ədliyyə fəaliyyətinin əsas istiqamətləri üzrə görülmüş işlər təhlil edilərək məlumat verilib ki, nazirlik tərəfindən qanunyaradıcı fəaliyyətdə aktiv iştirak edilərək 1200-dək yeni normativ hüquq akt layihələri hazırlanıb, 3400-dən çox akt ekspertizadan keçirilib. Həmin layihələr əsasən iqtisadi və sosialyönümlü, o cümlədən müharibə veteranlarının və şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması məsələləri ilə bağlı olub.

Qanunvericilikdəki yeniliklər barədə əhalinin məlumatlandırılması məqsədilə "Hüquqi aktların vahid elektron bazası"ndan (e-qanun.az) istifadə sayı 15 faizə qədər artaraq 3 milyonu ötüb. Həmin resursun yeni mobil versiyası yaradılaraq istifadəyə verilib və ondan insanların daha tez və asan bəhrələnməsi üçün geniş ictimai təqdimatlar keçirilib.

Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində 4,7 milyona yaxın notariat hərəkətləri, 300 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, insanların həyatlarında əlamətdar hadisələr olan nikahın və doğumun sayı artıb. Nikahın sayı 60 mini ötüb, boşanma 10 faizədək azalıb. Qeydə alınmış doğumun sayı isə 120 mini keçib, ölüm 23 faizədək enib.

Notariuslar tərəfindən aparılmış əməliyyatlar nəticəsində, o cümlədən bununla bağlı tutulan vergi üzrə ümumilikdə 33 milyon manatdan çox vəsait dövlət büdcəsinə köçürülüb.

İclasda ədliyyə xidmətlərinə əlçatanlığın asanlaşdırılmasına, rəqəmsal texnologiyaların geniş tətbiqinə xüsusi önəm verilərək elektron və mobil innovasiyaların tətbiqinin daim genişləndirildiyi qeyd olunub, nazirliyin yaratdığı "Mobil notariat" xidmətinə ictimai maraq artaraq istifadəçilərinin sayının təxminən yarım milyona çatdığı və onun imkanlarının artırıldığı bildirilib, vətəndaşlıq vəziyyəti aktlarının (doğumun, ölümün) qeydiyyatı ilə bağlı növbəti innovasiyanın - "Mobil əhali" tətbiqinin istifadəyə verildiyi qeyd olunub.

Cari ildə, həmçinin nazirliyin icra xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təsirli tədbirlər davam etdirilərək yarım milyona yaxın sənədin icrası təmin olunub, hüquqi və fiziki şəxslərə 900 milyonadək, o cümlədən vergi borcları ilə bağlı təxminən 33 milyon manat vəsait dövlət büdcəsinə ödənilib. Azadlıqdan məhrumetməyə alternativ cəzaların effektiv icrası ilə bağlı nazirlik tərəfindən əlavə tədbirlər görülərək nəzarət gücləndirilib, cari ildə 5 min məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.

Nazirlik tərəfindən bələdiyyələrə metodoloji kömək sahəsində əməli tədbirlərin görüldüyü, 2022-ci ildə inzibati nəzarət qaydasında 17 faiz çox - 90 mindən artıq bələdiyyə aktının yoxlanıldığı, 3000-dən çox aktın nazirliyin təklifləri əsasında ləğv edildiyi və ya dəyişdirildiyi, habelə qanunsuz verilmiş 12 min 300 hektar torpaq sahəsinin geri qaytarıldığı bildirilib.

Nazirliyin beynəlxalq hüquqi əməkdaşlığına toxunularaq cari ildə ədliyyə sahəsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirildiyi, təcrübə mübadiləsinin aparıldığı, birgə tədbirlərin təşkil olunduğu qeyd olunub, Gürcüstanla əməkdaşlığa dair Memorandum imzalanaraq səmərəli implementasiya edildiyi, birgə Hüquq Forumunun keçirildiyi vurğulanıb.

Mötəbər beynəlxalq tədbirlərdə çıxışlar zamanı Vətən müharibəsində azad edilmiş ərazilərimizin işğal dövründə, hətta müharibədən sonra Ermənistan tərəfindən büsbütün minalanması, bunun bərpa-quruculuq işlərinə və çoxsaylı insanların minaya düşərək ciddi xəsarət alması və ya həlak olması faktı xüsusilə beynəlxalq ictimaiyyətin diqqətə çatdırıldığı qeyd edilib.

Kollegiyada dövlət başçısının şəffaflığın və ictimai nəzarətin artırılması ilə bağlı tələblərinin daim diqqətdə saxlanılaraq nazirlik tərəfindən geniş ictimaiyyətlə səmərəli kommunikasiya strategiyası həyata keçirildiyi, cari ildə 8600-ə yaxın hüquqi maarifləndirmə işi aparıldığı, media və vətəndaş cəmiyyəti cəlb olunmaqla çoxsaylı brifinqlər, ictimai təqdimatlar, "açıq qapı" günləri və media-turlar təşkil edildiyi bildirilib. Bu sahədə nazirliyin fəaliyyətinin yüksək nəticələri qeyd olunaraq vahid kommunikasiya siyasəti ilə bağlı tədbirlərin ictimaiyyət tərəfindən qiymətləndirilərək böyük rəğbətlə qarşılandığı vurğulanıb.

Eyni zamanda, qarşıda duran vəzifələr müzakirə olunub, "Heydər Əliyev İli" ilə bağlı təsdiq olunmuş tədbirlər planının vaxtında və mütəşəkkil qaydada icrası tapşırılıb, nazirliyin 2023-cü il üçün fəaliyyətinin əsas prioritet istiqamətləri üzrə tədbirlər müəyyən olunub. Ədliyyə orqanlarının inkişafı haqqında Fərmana dəyişikliklərdən irəli gələn vəzifələrin, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrası, "Vahid ədliyyə portalı"nın hazırlanması, özəl icra institutunun pilot qaydada tətbiqi, regionlarda ədliyyə orqanları ilə vətəndaş cəmiyyəti arasında əlaqələrin gücləndirilməsi ilə bağlı və digər aidiyyəti tapşırıqlar verilib.

Ədliyyə işçiləri tərəfindən dövlətimizin başçısının insanlara layiqli xidmət, vətəndaş məmnuniyyəti, şəffaflıq, korrupsiyanın yolverilməzliyi kimi tələbləri daim rəhbər tutulmaqla etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyi vurğulanıb.

Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ sənəd layihələri təsdiq edilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.        

Ülvi QARAYEV,

“Respublika”.