Əfqan Abdurahmanov
Sosial həyat

Əfqan Abdurahmanov

Şanlı qələbəni bizə yaşadanlardan biri - Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Əfqan Abdurahmanov 1976-cı il mayın 25-də Bakı şəhərində anadan olub. 1982-1993-cü illərdə Binəqədi rayonunda Vahid Əzizov adına 30 nömrəli tam orta mətəbdə oxuyub. 1995-1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Daha sonra 1997-2001-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2001-2002-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində təcrübə keçərək Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayır.

Əfqan Abdurahmanov Vətənə xidmət etdiyi dövrdə hərbi nailiyyətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli , "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley, "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalları ilə təltif edilib.

2020-ci ilin sentyabrın 27-də Ordumuzun apardığı qətiyyətli əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində uğurla davam etdi. Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdəki mövqelərinə sarsıdıcı zərbələrlə geri çəkilməyə məcbur edildi. İlk günlərdə işğaldan azad edilən ərazilərimizdən biri də Murovdağı silsiləsindəki zirvələrdən biri idi. Zirvənin azad olunmasına Əfqan Abdurahmanov rəhbərlik edirdi. Döyüş zabitinin rəhbərliyi ilə əməliyyat keçirilən zaman hərbçilərimiz qalın sis-dumana düşür. Duman o qədər sıx olur ki, bir addım irəlini görmək mümkün olmur. Ərazi qayalı, yarğanlı bir yer olduğundan adi bir səhv addım ölümlə, səhv istiqamətə getmək isə düşmən mühasirəsinə düşmək və ya döyüş əməliyyatının pozulması demək idi. Əfqan Abdurahmanov tabeçiliyində olan əsgərlərinə cavabdeh olduğunu çox yaxşı başa düşürdü. Onları bu çətin vəziyyətdən çıxarmalı və döyüş tapşırığını yerinə yetirməli idi. O əsgərlərinə deyir: öndə mən gedəcəm, bir-birinizin kəmərindən tutun və ardımca gəlin. Onun ən çətin an düzgün qərar çıxarmaq peşəkarlığı, relyefi düzgün qiymətləndirməsi sayəsində hərbçilərimiz heç bir itki vermədən sağ-salamat döyüş mövqeyinə çıxır və Murovdağ zirvələrindən birinin düşməndən azad edilməsində qəhrəmanlıq göstərir, zirvəyə Azərbaycan bayrağını sancır.

Bu əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nöqtələri nəzarətə götürüldü. Əldə edilən üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verirdi. Əməliyyatın uğurlu keçməsində Əfqan və onun döyüşçülərinin böyük rolu oldu. Zirvəyə bayraq sancan Əfqan həyatının ən xoşbəxt gününü yaşadı.

Qarşıda isə Suqovuşanın düşmən işğalından azad edilməsi kimi çox mühüm əməliyyat dururdu. Çünki Suqovuşan yaşayış məntəqəsinin həm hərbi, həm də strateji əhəmiyyəti vardı. O, Ağdərə və Sərsəng su anbarı istiqamətində mühüm əhəmiyyətə malik yolların nəzarətdə saxlanılmasına imkan verirdi. Bundan başqa, Suqovuşan yaşayış məntəqəsinin azad olunması cəbhənin həmin istiqamətində böyük bir ərazinin, o cümlədən Ağdərənin və digər məntəqələrimizin də işğalçılardan təmizlənməsi üçün ordumuza böyük üstünlük yaradırdı.

Bu səbəblərdən də yaşayış məntəqəsinin azad edilməsi ordumuzun qarşısında duran ən mühüm vəzifələrdən biri idi. İlk əvvəl Suqovuşanın ətrafındakı yüksəkliklər, postlar düşməndən təmizləndi. Düşməndən təmizlənən postlardan biri də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu post idi.

Suqovuşan kəndinin azad edilməsindən öncə Əfqan Abdurahmanovun dəstəsi mühasirəyə düşmək təhlükəsi ilə qarşılaşdı. Ac-susuz qalan hərbçilərimiz hər cür çətinliyə dözdü. Amma ruhdan düşmədilər. Çünki onların Əfqan kimi peşəkar komandiri vardı, ona inanırdılar. Hərbçilərimiz bu çətinliyin də öhdəsindən peşəkarcasına gəldilər.

Əfqan Abdurahmanov 2020-ci il oktyabr ayının 10-da Suqovuşan döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib. Əslən Qəbələdən olan qəhrəmanımız rayonun Əmirvan kəndində dəfn olunub. Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əfqan Abdurahmanov Vətən müharibəsindəki misilsiz xidmətlərinə görə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Həmçinin, digər sərəncamlarla "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə də təltif edilib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Qəbələ şəhəri 3 nömrəli tam orta məktəbinə "Vətən Müharibəsi Qəhrəmanı" Əfqan Ağasəf oğlu Abdurahmanovun adı verilmişdir.

Hər bir şəhid ömrü bir tarixdir. Vətən yolunda qızıl hərflərlə yazılan bir tarix. Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə - Şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!!!

Bu gün böyük qürur hissilə deyə bilərik ki, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Azərbaycan əsgəri torpaqlarımızı mənfur düşmənin işğalından azad etdi, ərazi bütövlüyümüz təmin olundu.

M.MİRZƏ,

"Respublika".