Əfqanıstanda xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlıları Vətənə qayıdıblar
Digər xəbərlər

Əfqanıstanda xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlıları Vətənə qayıdıblar

Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlıları tam heyətdə Kabil-Ankara-Bakı marşrutu ilə Vətənə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin edərək xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edib.

Bakıya qayıdan Azərbaycan sülhməramlılarının qarşılanma mərasimi keçirilib.

Qarşılanma mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, sülhməramlıların ailə üzvləri və KİV nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 2002-ci il noyabrın 20-dən Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərməyə başlayıb.

2008-ci il yanvarın 15-də Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı 40 nəfərə çatdırılıb. 2009-cu il oktyabrın 2-də Azərbaycan Respublikasının Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin artırılması barədə qərar qəbul edib. Həmin ilin fevralında Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türkiyə Silahlı Qüvvələrinin taboru tərkibində fəaliyyət göstərməyə başlayıb. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin edib və patrul xidmətini həyata keçirib.

2010-cu il oktyabrın 5-dən etibarən Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi İSAF üzrə əməliyyatlarında Azərbaycan Respublikası Sülhməramlı Qüvvələrinin töhfəsinin artırılması məqsədilə missiyaya əlavə olaraq iki hərbi həkim və iki mühəndis-istehkam ixtisası üzrə olmaqla, dörd zabit göndərib və sülhməramlı kontingentin sayı 94 nəfərə çatdırılıb.

2015-ci il yanvarın 1-dən etibarən, Azərbaycan sülhməramlıları Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında 6 aylıq rotasiya planına uyğun olaraq fəaliyyətə başlayıb. İlkin mərhələdə 94 nəfərlik kontingent ilə xidmətə başlayan Azərbaycan Ordusu 2018-ci il yanvarın 9-dan missiyaya töhfəsini artırmaq məqsədilə şəxsi heyətinin sayını 120-yə çatdırıb. Missiyanın müvafiq komandanlıqlarında təmsil olunmaqla yanaşı, Azərbaycan Ordusunun sülhməramlı qüvvələri Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını da uğurla icra edib.

AZƏRTAC