ƏFSANƏVİ GENERAL HAQQINDA YENİ KİTAB
Region

ƏFSANƏVİ GENERAL HAQQINDA YENİ KİTAB

Adını hərb tarixinə qızıl hərflərlə yazmış, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov haqqında yeni kitab işıq üzü görüb. İstedadlı yazar Həcər Nəsirovanın qələmə aldığı "Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu" kitabının Lənkəran şəhərində qəhrəmanın adını daşıyan ev-muzeyində təqdimatı keçirilib.

Tədbirdə mədəniyyət işçiləri, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin üzvləri, Qarabağ müharibəsi veteranları, qazilər, ziyalılar, məktəblilər iştirak edirdi. Əvvəl ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimini Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov açaraq "Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu" kitabının gənclərin  milli ruhda böyüməsinə, qəhrəmanlarımızın tanıdılmasına dəyərli töhfə olduğunu qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran Rayon Şöbəsinin sədri İlham Qurbanov, "İctimaifikir.az" xəbər portalının təmsilçisi, jurnalist Mahilə Qurbanova, şair Məmməd Həbib və başqaları əfsanəvi general Həzi Aslanovun döyüş yolundan söhbət açıb, nəşrin əhəmiyyətini yüksək dəyərləndiriblər.

Əlisəfa HƏSƏNOV,

"Respublika".