“Əfsanəyə dönən kəşfiyyatçı”
Sosial həyat

“Əfsanəyə dönən kəşfiyyatçı”

Yuxarı Mərcanlı kənd tam orta məktəbində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 20 Yanvar İctimai    Birliyinin “Müasir hərb tariximizdə iz qoyan qəhrəman vətən oğullarının tanıdılması” layihəsi əsasında  Azərbaycan silahlı qüvvələrinin baş kəşfiyyatçısı, şəhid Elxan Maarif oğlu Hüseynova həsr olunmuş “Əfsanəyə dönən kəşfiyyatçı” adlı tədbir keçirildi.

Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin, 20 Yanvar İctimai Birliyinin, Qazilər İctimai Birliyinin  məsul əməkdaşları, şəhid ailələri, qazilər iştirak etdilər.
İlk öncə 3 saylı qəsəbədə salınmış “Şəhidlər abidə-kompleksi”ndə, Şəhidlər xiyabanında şəhidlərimizin məzarları önünə gül dəstələri düzülərək xatirələri ehtiramla yad olundu. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbir şəhidimizin məzunu olduğu 6 saylı Cəbrayıl qəsəbəsində fəaliyyət göstərən X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbində davam etdirildi.
Tədbirdə şəhid, baş kəşfiyyatçı Elxan Hüseynovun keçdiyi döyüş yolundan, əfsanəvi qəhrəmanlığından söhbət açıldı. Şəhidin anası Sevil Xəlilova və qardaşı Orxan Hüseynov çıxış edərək Elxanla fəxr etdiklərini, onun xidmətlərini yüksək qiymətləndirərək ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda", Şuşanın azad olunmasına görə", "Füzulinin  azad olunmasına  görə", “Cəbrayılın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" və "Ağdamın azad olunmasına görə"  medallarla təltif edildiyini, şəhid ailələrinə göstərilən diqqət və qayğıya  görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. 
Sonda X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin şagirdlərinin ifasında Elxan Hüseynova həsr olunmuş kompozisiya səsləndirildi. 

                                     Tofiq HÜSEYN,

                                   “Respublika”.