Əhalinin sağlamlığının təminatına və səhiyyənin inkişafına yönələn islahatlar
Səhiyyə

Əhalinin sağlamlığının təminatına və səhiyyənin inkişafına yönələn islahatlar

Ölkəmizin iqtisadi gücü artdıqca bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də mühüm dəyişikliklər, irəliləyişlər müşahidə olunur. Ölkə səhiyyəsinin dinamik inkişafı və tibbi xidmətin əlçatanlığının təmin olunması vətəndaşların sağlamlığının qorunmasına geniş imkanlar yaradır. Bu sahədə islahatların aparılması, genişmiqyaslı layihələrin reallaşdırılması dövlət başçısının müəyyənləşdirdiyi inkişaf strategiyasının əsas tərkib hissəsidir. Həyata keçirilən uğurlu islahatlar, respublikamızın sosial-iqtisadi inkişafı cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sistemində də öz müsbət nəticələrini verir.

Prezident İlham Əliyevin əhalinin sağlamlığının təminatına və səhiyyənin inkişafının dünya standartları səviyyəsinə yüksəlməsinə istiqamətlənmiş Sərəncam və tapşırıqlarına əsasən ölkəmizdə yeni, müasir texnologiyalarla təmin olunmuş tibb müəssisələri yaradılır, tibb ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir.

Bu gün respublikamızda 518 xəstəxana, 1723 ambulator-poliklinika müəssisəsi, 72 təcili tibbi yardım stansiyası, 387 qadın məsləhətxanası, uşaq poliklinika və ambulatoriyaları, 75 sanatoriya-istirahət müəssisələri əhaliyə tibbi, müalicəvi və sağlamlığın qorunması üçün xidmət göstərir. Son illər ərzində ölkənin müxtəlif rayonlarında müasir tipli avadanlıqlarla təchiz olunmuş xəstəxanalar, diaqnostika mərkəzləri, ambulator-poliklinika müəssisələri tikilib istifadəyə verilmiş, bir sıra tibb müəssisələrində yenidənqurma və bərpa işləri aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 dekabr tarixli Sərəncamına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə onun əsasında "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli Fərmanına əsasən Agentlik tərəfindən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin yaradılması da aparılan genişmiqyaslı islahatların nümunəsidir. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən qurumdur. Bu sahədə vahid siyasətin həyata keçirilməsi, icbari tibbi sığortanın maliyyə dayanıqlığının təmin edilməsi, tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlərin yaradılması və s. Agentliyin fəaliyyət istiqamətləridir. Bununla yanaşı, Agentlik vətəndaşların tibbi xidmətə əlçatanlığını artırmaq, bu sahədə idarəetməni təkmilləşdirmək məqsədilə tibb müəssisələrində struktur dəyişikliyi aparır. Belə ki, ötən il ölkə üzrə fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinin sayı 278-ə yüksəlmiş, Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi və Sumqayıt Tibb Mərkəzi yaradılmış, Şuşa şəhərində modul tipli xəstəxana fəaliyyətə başlamışdır.

2021-ci ildən etibarən bütün ölkədə icbari tibbi sığortanın tətbiq edilməsi səhiyyə sistemində həyata keçirilən uğurlu islahatların nəticəsidir. Keçən il ərzində icbari tibbi sığorta çərçivəsində ölkə vətəndaşları dövlət tibb müəssisələrində 22 milyondan çox tibbi xidmətdən yararlanmışdır ki, bu da əhalinin 42 faizini təşkil etmişdir. Eyni zamanda, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin özəl tibb müəssisələri ilə bağladığı müqavilə əsasında əhali bu müəssisələrdə də tibbi sığortadan istifadə etmək imkanı əldə etmiş və bunun nəticəsində də özəl tibb müəssisələrində göstərilən cərrahi tibbi xidmətlərin sayı 27305-ə yüksəlmişdir. Tibbi xidmətin yüksəkkeyfiyyətli, dünya standartlarına uyğun olması üçün dövlət tibb müəssisələri 5248 yeni cihaz və avadanlıqlarla təmin olunmuş, 274 tibb müəssisəsində İKT infrastrukturu qurulmuşdur.

Vətəndaşlar ən çox əlilliyin müəyyən olunması və ölüm riski olan xəstəliklər üzrə müayinə və müalicə üçün Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərdən yararlanmağa üstünlük verirlər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların bu müraciətlərinin yüksək səviyyədə təmin olunması üçün mühüm tədbirlər həyata keçirir. Agentlik tərəfindən Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin sayının artırılması bu tədbirlər sırasında yer alır. Bu məqsədlə Xidmətlər Zərfinə dəyişiklik edilməsi barədə Agentlik tərəfindən layihə hazırlanmışdır. Layihədə 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə icbarı tibbi sığorta çərçivəsində 3000-dən çox tibbi xidmətin göstərilməsi nəzərdə tutulmuşdur. Yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları da əhatə edəcək.

Xidmətlər Zərfi çərçivəsində koxlear implantasiya əməliyyatının sayının 400-ə, endoprotezləşdirmə əməliyyatının isə 1200-ə qədər artırılması təklif olunub.

Bu gün ölkə başçısı İlham Əliyev tərəfindən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi və eyni zamanda tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir.

Səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına ediləcək dəyişiklik Azərbaycan dövlətinin səhiyyənin inkişafı istiqamətində reallaşdırdığı islahatlar arasında önəmli yer tutur. Bu günlərdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin əməkhaqlarının bütün məcburi tutulmalardan sonra net məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulmuşdur. Bu, cari il üzrə tibb işçilərinin əməyinin ödənilməsi Qaydasına edilən 5-ci dəyişiklik olacaq və 8 min həkimə şamil olunacaq. 17 ixtisas üzrə çalışan həkimlərin maaşı 2 dəfəyədək artacaq. 14 ixtisas üzrə çalışan həkimlərin maaşında artım isə 20-90 faiz arası dəyişəcək. Tibb işçilərinin əməyinin ödənilməsi Qaydasına ediləcək dəyişikliklərin 2022-ci ilin 1 iyun tarixinədək qüvvəyə minməsi nəzərdə tutulur.

Bununla yanaşı, tibb işçilərinin sosial vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə də müəyyən işlər görülür. Belə ki, dövlət orqanlarının nəzdindəki tibb müəssisələrində çalışan həkim, orta və kiçik tibb işçilərinin güzəştli ipoteka kreditindən yararlana bilmələri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına dövlət tibb müəssisələrində çalışan tibb işçilərinin əlavə edilməsi ilə bağlı təklif hazırlamışdır.

Bütün bunlar isə Azərbaycan dövlətinin vətəndaşlarının sağlamlığını hər şeydən üstün tutmasını və bu sahəyə diqqətin daim artırılmasını göstərir.

Mehparə ƏLİYEVA,

"Respublika".