Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi qrafikə uyğun davam etdirilir
Region

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi qrafikə uyğun davam etdirilir

Başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81.6 kilometr uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumatda bildirilir ki, layihə üzrə yolun son 7 km-lik hissəsində 3 viaduk (dərə üzərində körpü) və 3 tunelin tikintisi üzrə əsas işlər yekunlaşıb. Hazırda həm viaduklarda həm də tunellərdə son tamamlanma işləri icra olunur. Viadukların tikintisi zamanı ölkəmizdə ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib.

Sözügedən 3 viaduk (şərti - V6, V7 və V8 viadukları) Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 78.7-79.7-ci km-lik hissəsində inşa olunub. V6 viadukun ortalama uzunluğu 345 metr (sol-300 m, sağ-390 m), V7 viadukun ortalama uzunluğu 182.5 metr (sol-175 m, sağ-190 m), V8 viadukun ortalama uzunluğu 392.5 metrdir (sol-410 m, sağ-375 m).

Tikintisi yekunlaşan 3 tunel isə (şərti - T4, T5 və T6 tunelləri) yolun 77.4-80.3-cü km-lik hissəsində inşa olunub. T4 tunelinin ortalama uzunluğu 540 metr (sol-570 m, sağ-510 m), T5 tunelinin ortalama uzunluğu 455 metr (sol-431 m, sağ-476 m), T6 tunelinin ortalama uzunluğu 513 metrdir (sol-526 m, sağ-500 m).

Layihə üzrə yolun bu hissəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 4 dairəvi suötürücü boru, 10 düzbucaqlı su keçidi, 1 alt keçid və 3 ehtiyat keçidi inşa edilib.

Məlumatda qeyd olunur ki, "İnşaat Norma və Qaydaları"na uyğun layihə çərçivəsində yol oxunun keçdiyi qazma hissələrdə yamacın dayanıqlığının saxlanılması üçün ümumi uzunluğu 6150 metr olan daş və geodivarın, həmçinin drenaj kanallar üçün ümumi uzunluğu 12210 metr beton küvetlərin tikintisi, aşınma layına qədər asfalt-beton örtüyünün döşənməsi işləri də yekunlaşıb.

Avtomobil yolunun digər hissələri üzrə tikinti işləri tərtib olunmuş qrafikə uyğun sürətlə və keyfiyyətlə davam etdirilir.

Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Mustafa KAMAL,

“Respublika”.