Ehtiram və qayğı
Region

Ehtiram və qayğı

İmişli Rayon İcra hakimiyyətinin başçısı Elçin Rzayev Vətən müharibəsi şəhidi İsa Məmmədlinin atası Sarı Məmmədovla evində görüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə əlillərinin, veteranların sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır. Elçin Rzayev qeyd etdi ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib. İsa Məmmədlinin atası Sarı övladının keçdiyi döyüş yolundan söz açıb. Qeyd edib ki, övladı İsa müharibə zamanı motoatıcı manqasının komandiri kimi hərbi xidmətini yerinə yetirib. Laçın uğrunda döyüş yolu keçib. 3 noyabr 2020-ci ildə Laçın uğrunda gedən ağır döyüşlərdə artilleriya atəşi nəticəsində qəhrəmancasına şəhid olub.

 Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə İsa Məmmədli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, İmişli şəhərinin M.Müşviq küçəsi, ev 28 ünvanında şəhidimizin atası Sarı Məmmədova məxsus tikintisi yarımçıq qalmış 2 otaqlı yardımçı yaşayış evinin tamamlanması üçün RİH tərəfindən vətəndaşa yardım edilmişdir. Beləliklə, 2 otaqlı yaşayış sahəsində müasir tələblər səviyyəsində təmir işləri aparılıb və yaşayış üçün normal şərait yaradılaraq ailənin istifadəsinə verilib.

Şəhidimizin atası Sarı Məmmədov aparılan təmir işlərindən razılıq edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından minnətdarlığını bildirib.

Ərəstun ABDULOV,

 "Respublika".