Ehtiram və qayğı daimidir
Region

Ehtiram və qayğı daimidir

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun şəhid ailələri ilə növbəti görüşü keçirildi. Görüşdə RİH başçısı bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə əlillərinin, veteranların sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.Çünki onların əbədi ehirama, diqqət və qayğıya haqqı var.

Siraqəddin Cabbarov Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların yaxınlarına başsağlığı verib səbir dilədi. Qeyd etdi ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib.

Görüşdə iştirak edən şəhid valideynləri övladlarının keçdikləri döyüş yolundan söz açıb, onlarla bağlı xatirələrini bölüşdülər. Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının qəlbində yaşayacaq. Əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələri hər zaman ehtiramla yad ediləcək.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov şəhid ailələrinin problemləri və onları narahat edən məsələləri dinlədi. Göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını vurğulayan şəhid yaxınları onları narahat edən məsələlərin də qısa müddət ərzində həll olunacağına ümid etdiklərini bildirdilər.

Əksər müraciətlər yerindəcə öz həllini tapdı, digər məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verildi.

Tofiq HÜSEYN,

"Respublika".