Ehtiram və qürur
Region

Ehtiram və qürur

Ən yeni tariximizin unudulmaz səhifəsi olan Qarabağ savaşında neçə-neçə mərd igidlərimiz könüllü olaraq azğınlaşmış nankor  erməni  silahlıları ilə mərdliklə vuruşdular və qalib oldular. Belə mərd oğullardan biri, Naftalan şəhərində boya-başa çatmış, vətəni özündən çox sevən və Vətən uğrunda şəhidlik zirvəsinə ucalan Bəxtiyar Aslanovun ildönümü ilə əlaqədar olaraq anım tədbiri keçirilib.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov qeyd edib ki,  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev banisi və qurucusu olduğu müasir, müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin olunacağına, torpaqlarımızın işğaldan azad ediləcəyinə, ölkəmizin dünyanın ən inkişaf etmiş, qüdrətli dövlətlərindən birinə çevriləcəyinə öz varlığı qədər inanır və həmişə xalqımızı bu yolda səfərbər olmağa çağırırdı. Ümummilli liderin layiqli davamçısı İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu və müqəddəs üçrəngli bayrağımız bu gün Vətən torpağının hər yerində dalğalanmaqdadır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.

Sonra şəhər rəhbəri şəhid Bəxtiyar Aslanovun qəhrəmanlığından, döyüş şücaətindən qürurla söhbət açıb.  Bildirib ki, Bəxtiyar bütün gənclərə örnəkdir, onunla fəxr edirik. Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə, ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.       

Qeyd edək ki, Vətənimizin ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən şəhid Aslanov Bəxtiyar İlqar oğlu ölümündən sonra cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Zabit XƏLİLOV,

"Respublika".