Ehtiram və qürur abidəsi
Region

Ehtiram və qürur abidəsi

44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə tarix yazan şəhid gizir  Vidadi Cəbrayıl oğlu Cabbarov  dağlar diyarı Lerikin  Piran kəndində boya-başa çatmışdır.  Şəhidin atası  Piran kəndində oğlunun doğum günü  münasibətilə Vətən müharibəsində  erməni faşistlərinə qarşı  canından keçən Lerikin  Vətən sevdalı igid oğlanlarının şəkillərindən ibarət abidə-kompleksi inşa etmişdir. Abidə-kompleksinin açılışı oldu. 

Bununla bağlı keçirilən tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev Milli Məclisin deputatı İqbal Məmmədov, şəhid ailələri, müharibə veteranları  və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Ölkəmizin suverenliyi  və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi  bir dəqiqəlik sükutla anılandan sonra tədbir iştirakçıları lerikli  igidlərin şəkilləri vurulan   abidə-kompleksinin önünə gül-çiçək dəstələri düzərək dərin ehtiramlarını bildirdilər.
Cəlil Baxşıyev bildirdi ki, Vətən torpaqlarının azadlığı uğrunda   gedən döyüşlərdə şəhid olmuş qəhrəman  övladların əziz xatirəsi həmişə ehtiramla yad edilir, onların keçdiyi döyüş yolu bir nümunə kimi təbliğ olunur. 44 günlük haqq savaşımızda  Lerik rayonundan olan qəhrəman oğullarımız da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin rəhbərliyi altında hərbi əməliyyatlarda misilsiz rəşadət göstərdilər  və öz qanları bahasına 30 il əsarətdə qalan Qarabağ   torpaqlarında Azərbaycanın qələbə bayrağını ucaltdılar.  Şəhid gizir  Vidadi Cəbrayıl oğlu  Cabbarov da belə qəhrəmanlardan  biridir. Vətən, torpaq naminə şəhidlik şərbətini içən  oğulların  şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün daim  örnək olacaqdır.
Milli Məclisin deputatı İqbal Məmmədov, şəhid ailə üzvləri, şəhidin döyüş yoldaşları və  digərləri  şəhidlərə olan ehtirama,  onların  ailələrinə, qazi, eləcə  Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  səmimi minnətdarlıq  etdilər.

Zəfər ORUCOĞLU.