Ekofəallar haqlı tələblərində israrlıdırlar
Digər xəbərlər

Ekofəallar haqlı tələblərində israrlıdırlar

Laçın yolundakı Rusiya sülhməramlı kontingentinin postu yaxınlığında keçirilən aksiya ilə bağlı vəziyyət ətrafında gərginlik davam edir. Dekabrın 12-də başlayan aksiya iştirakçıları tələb edirlər ki, sülhməramlıların müvəqqəti yerləşdiyi məsuliyyət zonasındakı mədənlərə baxış keçirmək istəyən azərbaycanlı mütəxəssislər əraziyə buraxılsın. Dinc aksiya iştirakçıları hər kəsi ekologiyanı qorumağa çağırır, ekoaktivistlər və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!" şüarları səsləndirirlər.

Bu gün Azərbaycan torpaqlarında törədilən bu çirkin əməllər təkcə Azərbaycan xalqına qarşı deyil, külli bəşəriyyətə və insanlığa qarşı yönəlmiş cinayətdir. Azərbaycan Respublikası ekoloji tarazlığın qorunması, vətəndaşlarının sağlam ətraf mühitdə yaşamasının təmini üçün daim çalışır və bu prosesdə də qeyri-hökumət təşkilatları yaxından iştirak edirlər. Biz bir qrup vətəndaş cəmiyyəti təşkilatları olaraq erməni əhalisinin Laçın rayonu və bütövlükdə Qarabağ ərazilərində apardıqları ekoloji terroru pisləyir və beynəlxalq təşkilatlardan bu məsələ ilə bağlı dəyərləndirmə aparmalarını, eləcə də bu qeyri-insani əməllərin beynəlxalq səviyyədə qınanmasına dəstək göstərmələrini xahiş edirik.

Ermənilər ümid edir ki, beynəlxalq ictimaiyyətin təzyiqi ilə Azərbaycan geri çəkiləcək. Düzdür, ABŞ, Fransa, Rusiya, Avropa İttifaqı Laçın dəhlizinə çıxışı bərpa etməyə çağırıb. Lakin Azərbaycan Xarici İşlər Nazirliyi də açıq mətnlə bildirib ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir. Qeyd olunub ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Azərbaycan öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir.

Yeni könüllü qrupları dinc aksiyaya dəstək vermək üçün Laçın-Xankəndi yoluna gəliblər. Onlar Laçın-Xankəndi yolunda Azərbaycanın suveren ərazilərində beynəlxalq hüquqazidd olmayaraq, haqlı, sivil qaydada toplaşıb qanunsuzluqlara etiraz səslərini ucaldırlar. Aksiya iştirakçıları əmindirlər ki, qısa müddətdə onların  haqlı tələbləri yerinə yetiriləcək. Azərbaycan hər zaman olduğu kimi, yenə də beynəlxalq hüquqa tam əməl edir.

Keçirilən dinc aksiya öz ərazilərimizdə təbii sərvətlərimizin qanunsuz istismarına qarşıdır ki, bu da tam haqqımızdır. Bəzi beynəlxalq təşkilatların bu hadisəyə ikili  münasibəti riyakarlıqdır və ikrah doğurur. Çünki onlar uzun illər ərzində Qarabağda sərvətlərimizin talanmasına, şəhər və kəndlərimizin, o cümlədən abidələrimizin ermənilər tərəfindən dağıdılmasına göz yumublar. İndi qanunsuz istismara qarşı keçirilən aksiyanın bu dərəcədə şişirdilməsi "düşmən dəyirmanına su tökmək"dən başqa bir şey deyil. Aksiya səbəbi ilə Laçın-Xankəndi yolunun Rusiya sülhməramlıları tərəfindən bağlanması nəticəsində Qarabağda qanunsuz şəkildə hasil edilən əlvan metal filizlərinin emal edilmək üçün Ermənistana göndərilməsi mümkünsüz olub. Nəticədə bölgədəki qızıl və mis-molibden yataqlarını qanunsuz istismar edən "Base Metals" şirkəti ötən gün mədənin fəaliyyətinin dayandırıldığını açıqlayıb. Baş verənlər azərbaycanlı ekofəalların öz məqsədlərinə addım-addım çatdığını göstərir və proses son nəticə əldə olunanadək davam edəcək.

Bir-birindən 15 kilometr uzaqlıqda yerləşən "Qızılbulaq" və "Dəmirli" yataqlarında qanunsuz işlər İkinci Qarabağ müharibəsindən sonra dayandırılmışdı. Lakin son vaxtlar - vətəndaşlıqdan imtina etmiş rusiyalı milyarder Ruben Vardanyanın Qarabağ separatçılarının rəhbərliyinə - qondarma "dövlət naziri" postuna gətirilməsindən sonra orada yenidən qanunsuz fəaliyyətə başlanılıb. Laçın yolunda etiraz edən ekologiya aktivistləri tələbləri yerinə yetirilməyənə qədər aksiyaları dayandırmayacaq.

Qeyd etməliyəm ki, bu aksiya dinc askiyadır. Onlarla fəal bir neçə saatda bir-birini əvəz edərək yolu tutmağa davam edir. Laçın dəhlizi humanitar təyinatlı maşınlar üçün tam olaraq açıqdır.  Havanın soyuq olması aksiya iştirakçılarını qorxutmur. Hava şəraitinin dəyişkən olmasına baxmayaraq, aksiyaya qoşulanların sayı getdikcə artmaqdadır. Çünki qardaşlarımız şəhid, qazi olaraq bu torpaqları azad edib. Biz gəncliyin də borcu bu torpaqların təbiətini, ekologiyasını qorumaqdır.

Azərbaycan Vardanyan kimilərin Qarabağı təsiri altına almasına heç vaxt imkan verməyəcək və bununla bağlı qəti tədbirlər görəcək. Bu, ölkəmizin beynəlxalq səviyyədə tanınan hüququdur.

Təəssüf ki, bədnam milyarder Ruben Vardanyan saxta məlumatlar tirajlayır ki, Azərbaycan tərəfi dinc ermənilərə qarşı humanitar böhran yaradır. R.Vardanyanın məqsədi regionda gərginliyi artırmaq, Qarabağ ermənilərini əsarətdə saxlamaq və aldatmaqdır. Vardanyanın buraya gəlməsinin məqsədi Qarabağ ermənilərinin həyat şəraitini yaxşılaşdırmaq deyil. Çünki sentyabrdan Qarabağa qanunsuz gələn Ruben Vardanyan ermənilərə bir qəpik də pul xərcləməyib, heç bir yeri bərpa etməyib, heç bir sosial məsələ həll olunmayıb. Halbuki, bu şəxs milyarderdir. Ruben Vardanyanın əsas məqsədi Azərbaycanın qızıl və mis mədənlərini öz nəzarətinə keçirməkdir. Bu baxımdan,  azərbaycanlı ekofəalların aksiya keçirmələri onun planlarını alt-üst etdi. Cinayətkar və quldur Vardanyan oynadığı oyunun uzun müddət davam etməyəcəyini ya anlamır, ya da hər şeyi çox gözəl anlayır. Sadəcə, heç nə əldə etməyəcəyini, əksinə, hər şeyini itirəcəyi ilə nəticələnəcək oyunu bilə-bilə davam etdirir. Yəni hər iki halda bu, belədir. Bakı isə öz mövqeyini ən yüksək, qətiyyətli səviyyədə bəyan edib: heç bir separatçı, terrorçu və quldurla danışıqlar aparılmayacaq. Və ən maraqlısı budur ki, Vardanyan oyununun iflasa məruz qalacağı halda, alternativ plan hazırlanmayıb. Beləliklə, aksiya iştirakçıları bu planı yerli-dibli puç edib:  Ruben Vardanyan, sən isə kim olmağımızı gəlib öz gözlərinlə görə bilərsən, yol elə də uzaq deyil, aksiya iştirakçıları ilə Xankəndi arasındakı məsafə cəmi 14 kilometrdir, gəl və cavabını al, əgər cürətin çatırsa.

Laçın yolu istiqamətində vətəndaş cəmiyyətinin aksiyaları davam edir. O da məlumdur ki, nəticə olmadan kimsə heç yerə getməyəcək və əksinə, aksiya iştirakçılarının sayı getdikcə artacaq. Geriyə yol yoxdur.

Fərid MUSTAFAYEV,

Torpaqşünaslıq və Aqrokimya İnstitutu.