Ekofəallarımız haqq yolundan dönməyəcək
Digər xəbərlər

Ekofəallarımız haqq yolundan dönməyəcək

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istifadəsi və ekoloji çirklənmə əleyhinə azərbaycanlı ekofəalların və QHT təmsilçilərinin Laçın-Xankəndi yolunda keçirdiyi dinc aksiya davam edir.

Azərbaycanın təbii sərvətlərinin istismarı və talanmasına etiraz edən aksiya iştirakçıları hazırda yüksək əzmkarlıq və qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji cinayətə son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər. Havanın şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları yüksək əhvali-ruhiyyədədirlər. Onların məramı əvvəlki kimi dəyişməz olaraq qalır.

Ərazi humanitar məqsədlər üçün tam açıqdır, nəqliyyat vasitələrinin sərbəst hərəkətinə heç bir maneə yoxdur. Aksiya sivil qaydalar çərçivəsində davam edir. Rusiya sülhməramlıları və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər aksiya ərazisindən sərbəst keçir. Bu da onu göstərir ki, aksiya ilə bağlı erməni mətbuatında yer alan məlumatlar həqiqəti əks etdirmir. Azərbaycan regionda sülhün bərqərar olunmasına səy göstərsə də, Ermənistan üçtərəfli Bəyanat üzrə öhdəliklərini yerinə yetirməkdə maraqlı deyil.

Azərbaycan tərəfi dəfələrlə Laçın yolundan istifadənin qanuni və şəffaf olması və yoldan sui-istifadə hallarına yol verilməməsi ilə bağlı öz mövqeyini bildirmişdir. Bu səylərin həyata keçirilməsi üçün atılan addımlar kimi Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd nəzarət keçid məntəqəsi yaradılmasını da təklif etmişdi. Bu təklif Azərbaycanla Ermənistan arasında Vətən müharibəsindən sonra normallaşma prosesi çərçivəsində Laçın yolu üzrə şəffaf mexanizm və etimadın nişanəsi kimi beynəlxalq tərəfdaşlar tərəfindən də müsbət qarşılanıb. Lakin Ermənistanın bu təklifdən heç bir əsas gətirmədən imtina etməsi onun Laçın yolunda şəffaflığın yaradılmasında maraqlı olmadığının və sui-istifadə hallarını davam etdirmək niyyətinin göstəricisidir.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin monitorinq baş tutmadı. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar. Aksiya 77 gündür ki, davam edir.

Nurlan ABDALOV,

"Respublika".