Ekofəalların aksiyası qanunauyğundur
Digər xəbərlər

Ekofəalların aksiyası qanunauyğundur

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyası artıq 76 gündür davam edir.

Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə başlayan aksiyanın iştirakçıları bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Eyni zamanda, ekofəallar yolun hər iki tərəfində hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndiriblər. Aksiya iştirakçılarının tələbləri ilk gündən bəri dəyişilməz olaraq qalır. Belə ki, ekofəallar və gənc könüllülər "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Bereqite prirodu!" və s. şüarlar səsləndirirlər.

Gənc aktivistlərin qətiyyətli mövqeyi beynəlxalq arenada da dəstəklənir. Ermənistan tərəfi hər nə qədər aksiyanın guya saxta olduğunu iddia etsə də, bu, qlobal sferada öz təsdiqini tapmır. Son olaraq rəsmi İrəvanın bununla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsinə baxmayaraq, məhkəmə Ermənistanın vəsatətini ləğv edib. Elə bu səbəbdən də Azərbaycan fəalları qarşılarına qoyduqları məqsədlərə çatana qədər aksiyanı davam etdirməkdə haqlıdırlar və heç bir qanun pozuntusuna yol vermirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər. Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər.

J.QASIMZADƏ,

"Respublika".