Ekofəalların etiraz aksiyası davam edir
Digər xəbərlər

Ekofəalların etiraz aksiyası davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində Azərbaycan ədalətli təşəbbüslərlə çıxış etsə də, Ermənistan sülh prosesinə davamlı şəkildə müxtəlif təxribatlarla maneçilik törədir.

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, "Qızılbulaq" və "Dəmirli" yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyası isə bütün maneələrə rəğmən 48 gündür ki, davam edir. Aksiyanın məqsədi əvvəlki kimi dəyişməz olaraq qalır. Ekofəallar  Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına "yox!" deyir, bunun dərhal dayandırılmasını tələb edirlər. Aksiya fəalları qaldırdıqları plakatlarda üzərində rus və ingilis dilində yazılmış "Sərvətlərimizin talanı dayansın!", "Təbiəti qoruyaq, istismarı qınayaq!", "Təbiətin milləti yoxdur!", "Azərbaycan milləti qoruyacaq sərvəti!", "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekocinayətə son!" kimi şüarlar səsləndirirlər. Onlar Azərbaycanımızın haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Fəallar bildirirlər ki, tələbləri bütünlükdə ictimaiyyətin  narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə dərhal müsbət cavab verilməlidir. Aksiya iştirakçıları mübarizə əzmini sərt keçən hava şəraitinə baxmayaraq, qoruyub saxlayırlar. İctimai dəstək isə artmaqda davam edir. Ekologiya və digər sahələr üzrə alimlər, ekspertlər, tələbələr, vətəndaş cəmiyyətinin təmsilçiləri aksiyaya qoşulur, səsləndirilən tələblərə dəstək verirlər. Dövlət başçımız isə məsələ ilə bağlı yerli televiziya kanallarına müsahibəsində qeyd edib: İlk növbədə, o gənclərə "Eşq olsun!" demək istəyirəm, onlar bizim fəxrimizdir... gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar".

Ərazinin humanitar məqsədlər üçün bağlı olduğunu bildirən Ermənistan tərəfi isə regiondakı reallığı inkar etməkdə davam edir. Belə ki,  sərbəst hərəkətin mümkünsüz olduğunu iddia edən ermənilərin həqiqəti görməzdən gəlməsi də növbəti planın bir hissəsi kimi görünür.  Laçın-Xankəndi yolunda hər iki istiqamətdə Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillər təhlükəsiz şəkildə hərəkət edir. Görünən odur ki, Ermənistan tərəfi torpaqlarımız işğal altında olarkən burada törətdiyi ekoloji cinayətlərin, eləcə də təbii sərvətlərimizin qanunsuz istismarının sübuta yetirilməməsi üçün əlindən gələn hər şeyi edir. 

Zəngilan və Kəlbəcərdə kifayət qədər qızıl yataqları mövcuddur. Zəngilanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağında qızıl ehtiyatlarının həcmi 6,5 tondur.  Müasir texnologiya ilə həmin yataqlardan daha çox qızıl hasil edilməsi mümkündür. Lakin ötən 27 il ərzində torpaqlarımızın işğal altında olması yataqların işğalçılar tərəfindən istismar olunmasına, eləcə də erməni əsilli iş adamlarının bu təbii sərvətləri mənimsəməsinə şərait yaratdı. Qızıl yataqlarımız Azərbaycanın razılığı və iştirakı olmadan Ermənistan vasitəsilə digər ölkələr tərəfindən qeyri-qanuni istifadə edildi. Bu da təbii ki, beynəlxalq hüququn prinsiplərinə ziddir. Bu baxımdan Azərbaycan beynəlxalq hüququn prinsiplərinə, o cümlədən beynəlxalq konvensiyalara uyğun olaraq bu istiqamətdə öz hüquqlarını qorumaq imkanına malikdir. Vətəndaşların mülkiyyəti, infrastruktur, mədəniyyət abidələri ilə yanaşı, həm də Azərbaycana məxsus təbii resursların qeyri-qanuni istismarı haqqında materiallar əsasında Ermənistanın Azərbaycana vurduğu zərərlər qiymətləndirilir və düşmən ölkənin, onun əvvəlki və indiki rəhbərlərinin, bu prosesdə iştirak edən xarici şirkətlərin, onların nümayəndələrinin məsuliyyətə cəlb olunması istiqamətində bütün lazımi tədbirlər həyata keçirilir.

N.ABDALOV,

"Respublika".