EKOFƏALLARIN MÜBARİZ ƏZMİ
Digər xəbərlər

EKOFƏALLARIN MÜBARİZ ƏZMİ

Ötən il dekabr ayının 12-dən başlayaraq Laçın-Xankəndi yolunun Şuşa rayonu ərazisindən keçən hissəsində azərbaycanlı ekofəalların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və könüllü gənclərin birgə etiraz aksiyası davam edir. Havaların soyuq keçməsinə baxmayaraq, aksiya iştirakçıları qətiyyət, əzmkarlıq, yüksək əhvali-ruhiyyə nümayiş etdirir, tələblərində israrlı olduqlarını bildirirlər.

Artıq 84 gündür ki, hər səhər gənc fəallar Azərbaycanın Dövlət Himnini oxuyur, "Sərvətlərimizin talanı dayansın!", "Təbiəti qoruyaq, istismarı qınayaq!", "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekocinayətə son!" və bu kimi digər şüarlar səsləndirirlər. Yolun hər iki tərəfində gecə-gündüz mərdanə dayanan aksiya iştirakçıları milli mənafelərimiz uğrunda dinc, qətiyyətli mübarizə aparırlar.

Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına yerində baxışına və müxtəlif istiqamətlər üzrə monitorinqinə, əmlakın kadastr uçotunun təşkilinə, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsinə qarşı süni maneə törədilməsi vətəndaş cəmiyyəti fəallarının hiddətinə, qəzəbinə səbəb olub. Artıq üçüncü aydır ki, Rusiya sülhməramlılarının biganəliyi üzündən monitorinq baş tutmur.

Həmişə ağa qara deyən, xisləti yalanla yoğrulan ermənilər guya yolun bağlandığını, Xankəndinin blokadaya alındığını iddia edib vay-şivən salır, beynəlxalq təşkilatlara üz tuturlar.

Fevral ayının 18-də Azərbaycan Prezidenti İlham Əliyev Münxendə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində erməni yalanını ifşa edərək dünyanın diqqətinə çatdırıb: "Laçın-Xankəndi yolundakı vəziyyət də, əlbəttə ki, müzakirə edildi. Mən bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qızıl Xaç Komitəsinin maşınları keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır. O cümlədən Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım. Eyni zamanda bildirdim ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi".

Aksiya başlanandan 83 gün ərzində hər iki istiqamət üzrə 3 minə yaxın maşının, 798 nəfər erməni əsilli mülki vətəndaşın keçdiyi qeydə alınıb. Hər gün bu yoldan Rusiyanın sülhməramlı qüvvələrinə, Beynəlxalq Xaç Komitəsinə və digər qurumlara məxsus 60-70 maşın humanitar yük daşıyır. Onların sərbəst hərəkətinə heç bir maneçilik yoxdur. Bütün bunlar düşmənin məkrli xislətini, növbəti yalanını bir daha sübuta yetirir.

İşğal dövründə erməni vandalları Qarabağın, Şərqi Zəngəzurun təbiətinə, ekologiyasına qənim kəsilərək qiymətli meşələrimizi məhv ediblər. Yaşıl sərvətimizi talan etməklə böyük bir ərazini ekoloji fəlakət zonasına çeviriblər. Xarici havadarları ilə birləşərək uzun illər mis və qızıl yataqlarını, zəngin yeraltı və yerüstü sərvətlərimizi Laçın yolu ilə daşıyıblar. İndi həmin yoldan əlləri üzüldüyündən bacılarından, qardaşlarından kömək istəyirlər.

Aksiya iştirakçıları sərvətlərimizin talanmasına, ekologiyamızın məhv edilməsinə imkan verməyəcəklərini qətiyyətlə bildirirlər. Vətənpərvər gənclərin tələbi belədir: ermənilər torpaqlarımızda ekoloji terrora, təbii sərvətlərimizin qanunsuz istismarına son qoymayınca dinc aksiya davam edəcəkdir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".