Ekofəalların qətiyyətli mübarizəsi
Digər xəbərlər

Ekofəalların qətiyyətli mübarizəsi

Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı yönəlmiş etiraz aksiyası 75 gündür davam edir. İstər soyuq hava şəraiti, istərsə də digər amillər aksiya iştirakçılarının əzminə təsir edə bilmir. Etirazçıların tələbləri dəyişməz olaraq qalır. Müxtəlif dillərdə şüarlar səsləndirən etirazçılar dünya ictimaiyyətini ekoloji terrora son qoymağa çağırırlar.

Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlərin qarşısının alınması hazırda başlıca vəzifələrdən biri hesab olunur. Çünki separatçı qüvvələr Qarabağ üzərindən spekulyasiyaya çalışırlar. Əraziyə beynəlxalq qurumların təmsilçilərini cəlb edən ölkəmiz bu cəhdin də qarşısını aldı. Bölgələrimizdə qeydə alınan ekoloji terror aktları ətraf mühit sahəsində mövcud olan "Bioloji Müxtəliflik", "Ramsar" və "Bern" beynəlxalq konvensiyalarının tələblərinə ziddir. Ölkəmiz, həmçinin düşmənin bu fəaliyyəti ilə bağlı bir sıra beynəlxalq təşkilatlara da müraciətlər etmişdir. Təəssüf ki, bəzi qurumların selektiv yanaşması nəticəsində məsələ hələ də öz həllini tapa bilmir.

Ermənistan tərəfi ölkəmizin şirin su mənbələrini qurudur, çirkləndirir. Belə ki, içməli su hövzələrinə zavod və fabriklərin tullantıları axıdılır. Bu cür çirkin fəaliyyətlərin nəticəsində Qarabağ iqtisadi rayonunda təbiət yox olmaq təhlükəsi ilə üzləşib.

Laçın-Xankəndi yolunda davam edən ekoloji aksiya bir sıra ölkələrin mediasında da gündəmə gəlib. Özbəkistanın bəzi saytlarında Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi ekoloji terror, azərbaycanlı ekofəalların buna etiraz olaraq keçirdikləri aksiya barədə müxtəlif məqalələr dərc olunmuşdur. Həmin məqalələr Ermənistanın otuz ilə yaxın davam etmiş işğalını, Azərbaycan torpaqlarında törətdiyi dağıntıları, tarixi-mədəni və dini abidələrə qarşı vandalizm siyasətini ifşa edir. Həmçinin, Azərbaycanın öz suveren hüquqlarından istifadə edərək bu cinayətlərə və ziyana görə Ermənistana qarşı beynəlxalq instansiyalarda vəsatət qaldıra biləcəyi də qeyd olunmuşdur. Ekoloji terrora xaricdə yaşayan soydaşlarımız da dəstək göstərirlər. Belə ki, bu il yanvarın 30-da ABŞ-ın Hyuston şəhərində Ermənistanın ekoloji terror siyasətinə etiraz əlaməti olaraq dinc aksiya keçirilib. Hyuston şəhər meriyası önündə baş tutan aksiya Amerika-Azərbaycan İnteqrasiya Mərkəzi və Texas ştatında yaşayan həmvətənlərimiz tərəfindən təşkil olunub.

Azərbaycan Prezidentinin televiziya kanallarına müsahibəsində gənclərə dəstəyini ifadə etməsi aksiya iştirakçılarını daha da ruhlandırmışdır. Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər. Əraziyə humanitar yardımlar məqsədilə gələn avtomobillərin hərəkətinə isə heç bir maneə törədilmir.

Qeyd edək ki, Ermənistan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edərək Laçın-Xankəndi yolundakı aksiyanın saxta olduğunu iddia edib. 2023-cü il fevralın 21-də açıqlanan qərarda isə məhkəmə Ermənistanın aksiyanı Azərbaycan hökuməti tərəfindən təşkil olunması ilə bağlı fərziyyəsini ləğv edərək ona rədd cavabı verib. Bu isə Paşinyanın növbəti siyasi fiaskosudur.

Nəzrin ELDARQIZI,

"Respublika".