Ekofəalların tələblərinə əməl olunmalıdır
MÜSAHİBƏLƏR

Ekofəalların tələblərinə əməl olunmalıdır

Şuşa-Xankəndi yolundakı Azərbaycan ictimaiyyətinin nümayəndələrinin, ekoaktivistlərin və QHT-lərin dinc aksiyası davam edir. Əlbəttə bütün bu proseslərin fonunda biz müşahidə edirik ki, sülhməramlılar onlara olan etimadı doğrultmadılar. Ona görə də aksiya iştirakçılarımızın sayəsində, görünür, bu ekoloji problemləri də özümüz həll etməli olacağıq.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bölgədə yeni siyasi mənzərə formalaşdırır və Cənubi Qafqazda lider ölkə kimi bir çox məsələləri diktə edir. Bu münaqişə 30 ilə yaxın davam etdi və biz dünya birliyindən, beynəlxalq təşkilatlardan, BMT-dən beynəlxalq hüququn zəfər çalmasını və ədalətin bərqərar olmasını gözlədik. Amma təəssüflər olsun ki, bu gözləntilər özünü doğrultmadı. Biz öz gücümüz, xalqımızın gücü hesabına Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun qəhrəmanlığı, şücaəti nəticəsində Vətən müharibəsində böyük qələbəmizi qazandıq.

2 il keçməsinə baxmayaraq, hələ də həmin bölgələrdə mina terroru səbəbindən günahsız insanların şəhid olmasının, ölməsinin şahidiyik. Həmin dünya birliyi özlərinə lazım olan anlarda bir nəfərin burnu qanasa, bütün dünyada hay-həşir qoparırlar. Əfsuslar olsun ki, hazırda 300-ə yaxın insan post-müharibə dövründə mina partlaması nəticəsində ya yaralanıb, ya da həlak olub. Ancaq Azərbaycan öz ərazisində mitinq təşkil edir. İnsanların buradakı silahı yalnız ölkəsinin bayrağıdır. ABŞ, Fransa, Avropa İttifaqı və digər ölkələr bununla bağlı bəyanatlar verirlər. Necə də absurd və ədalətsiz bir dünyada yaşadığımızın fərqindəyik. Hazırda həmin aksiya davam edir və aksiyada iştirak edən insanlar hər gün tələblərinin sayını artırırlar. Bu onların təbii haqlarıdır. Bir neçə gün öncə Kəlbəcərdə 8 nəfərin minaya düşməsi, bir neçə nəfərin şəhid olması artıq bunu deməyə dəlalət edir ki, biz Laçın dəhlizi və həmin ərazilərdə öz postlarımızı qurmalıyıq. Çünki artıq sülhməramlılar həmin etimadı doğrultmadılar. Orada yaşayan vətəndaşlarımızın rahat yaşaması üçün həmin ərazidən terrorçular təmizlənməli, silahlı şəxslər çıxarılmalı, Azərbaycan hüquq-mühafizə orqanları öz mövqeyini formalaşdırmalıdır. Bunun üçün də artıq işə başlanılıb.

Düşünürəm ki, yaxın zamanlarda bu proses

 

lər öz həllini tapacaq. Ermənistanın müharibədən sonra 2021-2022-ci illərdə basdırdığı minalardan insanlar həlak olur, yaralanır. Bütün bunların qarşısının alınması bu deməkdir ki, adıçəkilən ərazilərdə artıq Azərbaycanın müvafiq dövlət orqanlarının postları olmalı, yoxlamalarda həmin orqanların işçiləri iştirak etməlidirlər. Əks halda Rusiya sülhməramlıları müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində öz missiyalarını yerinə yetirməyəcəklərsə, Azərbaycan tərəfi həmin ərazilərdə antiterror əməliyyatı keçirmək hüququnu özündə saxlayır. Necə ki, "Qisas əməliyyatı" və ona bənzər bu cür əməliyyatlarla bunu artıq sübut edib. Biz bütün məsələləri dinc yolla, sülh yolu ilə, normal məcrada getmək arzusunda olduğumuzu nümayiş etdiririk. Bunlar təbii ki, öz həllini tapmayacaqsa, təkrarən deyirəm, orada antiterror əməliyyatının keçirilmə hüququnu özümüzdə saxlayırıq.    

Vüqar İSKƏNDƏROV,

Milli Məclisin deputatı.