Ekologiya və biz
Region

Ekologiya və biz

Daş hasarlar-“yaşıl hasarlar”...

Bizdə bu hasara meyillilik  haradan qaynaqlanıb? Niyə bir çox ölkələrdə kəndlər, şəhərlər, yaşayış məhəllələri estetik gözəlliyi, abadlığı, ekoloji təmizliyi hasarsız yola verirlər. Qeyd edək ki,  hazırda ölkəmizdə “hasar bumu” xeyli sakitləşib.

Hasar məsələsi dövrün hansı zərurətindən yaranırdı, demək çətindir. Çünki həmin illərin “hörgü bumunda” bir çox şəhərlər daş hasarlardan imtina elədilər. Əyani misal kimi onlardan biri Şirvan şəhəri oldu. Hazırda Şirvanın küçə və meydançalarında, park və xiyabanlarında bir metr də olsun daş hasar gözə dəymir. Şəhərə qonaq gələnləri giriş qapısından başlayaraq mərkəzə qədər prospektin hər iki tərəfində sərv, küknar, şam ağacları ilə yaşıllığa bürünmüş əsl “yaşıl hasar” müşayiət edir.

Aran yerində həyat əhəmiyyəti kəsb edən yaşıllığa xüsusi qayğı və diqqət var. Artıq uzun illərdir ki, hasar əvəzi  yaşıllığa şəhər sakinləri hər şənbə iməcilik yolu ilə qulluq edirlər. Bir faktı da qeyd edək ki, adambaşına düşən yaşıllığın həcminə görə Şirvan şəhəri respublikada ilk yerlərdən birini tutur. Sosial şəbəkədən eşitdiyimiz başqa bir informasiya daha maraqlıdır; Masallı rayonunun Şıxlar kəndində sakinlər küçələrə “yaşıl hasar”çəkirlər.

Adam bəzən gözlərinə inanmır. İndi Hacıqabul şəhərindən Qaradağ  rayonunun Ələt qəsəbəsinə kimi Bakı-Tbilisi magistral yolun hər iki tərəfi yaşıllığa bürünüb. Qupquru dağ yamaclarında, yarımsəhra torpaqda belə cənnət yaratmaq bir zamanlar ağlabatan görünmürdü. Bir anlığa fikirləşəndə ki, bu yaşıllığın yerində daş hasarlar ucalır, adamın ürəyi sıxılır.  “Yaşıl hasar”ların “hörgüsü”davam edir. İndi Hacıqabul-Muğan, Muğan-Qarasu istiqamətində Bakı-Tbilisi magistralının ətrafına sərv, küknar, şam ağacları əkilir. Yeni istifadəyə verilmiş Bakı-Astara magistralı da beləcə.

                                                    Tofiq HÜSEYN,

                                                  “Respublika” .