Ekologiya və biz: Qonağı ilbəil artan,  suyu azalan Sarısu gölü
Region

Ekologiya və biz: Qonağı ilbəil artan,  suyu azalan Sarısu gölü

Hər il bu vədə, yəni sentyabr ayının ilk günlərində ov ləvazimatı ortaya gəlir, əyər-əskiklər götür-qoy edilirdi. Ov mövsümü sentyabrın əvvəlindən başlayıb mart ayında sona yetir. Payız hələ gəlməmiş, necə deyərlər, ürəklər ov həvəsi ilə döyünürdü. Təbii ki, ovçular gedəcəkləri məkanı da müəyyən edirdilər. Ən çox Sarısu gölü yada düşürdü. Torpaq bəndin üstü ilə irəliləyir, yolun sağ-sol hissəsində gözəl mənzərə açılırdı; bura Sarısu gölüdür. Suyun üstü əsl gözəllik mənzərəsidir. Uzaq diyarlardan qışlama üçün gölə  gələn növbənöv quşların səsi ətrafa musiqi sədası kimi yayılır. Sonra kiçik qayıq sahibləri öz xidmətlərini təklif edir. Qayığa cəmisi iki ovçu otura bilər; biri qabaq, digəri arxa hissəni gözləmək şərtilə. Möhkəm hərəkət etmək olmaz, qayıq ləngər vura bilər.

Bəli, bura ov üçün gözəl məkandır. İcazə sənədləri qaydasında olan yerli adamlar, ətraf rayonların ov həvəskarları hər il ov etməklə yanaşı, burada xoş istirahət saatları keçirirdilər. Göldən qarmaqla tutulan çəki, ağamur balıqlarının ləzzəti bir ayrı aləm idi və bu aləm yavaş-yavaş dəyişməyə başladı. Sarısuyun sorağına ərəb ölkələrindən, hətta Almaniya və İtaliyadan ovçular gəldi. Xarici qonaqlar bütün prosedur qaydaları nəzərə alınmaqla əvvəl çadırlarda, sonra qonşu kəndlərdə kirayə etdikləri evlərdə yaşayıb ov etməyə başladılar. Tezliklə yerli adamlarla qonaqlar arasında isti münasibət yarandı. Hər millət nümayəndəsinin canlılara  fərqli münasibəti var idi. Məsələn, ərəblər quşa güllə atmırdılar, özləri ilə gətirdikləri şahinləri havaya buraxır, el arasında deyildiyi kimi, “quşu quş əli ilə” tuturdular. Almanlar çöl heyvanlarını -- qaban, dovşan, sincab və sairə ovlamağı yasaq hesab edirdilər. Bu da ondan irəli gəlirdi ki,  ümumiyyətlə, almanlarda heyvanlar aləminə zədə vurmaq qəbulolunmaz hesab edilir.

Beləliklə, Sarısu son vaxtlar xeyli qonaq-qaralıdır və onların sayı ilbəil artmaqdadır. Bəs bu əvəzsiz təbiət nemətində vəziyyət necədir? Sualın cavabına keçməzdən əvvəl göl haqqında müəyyən bilgilər əldə edək.

Azərbaycanın böyük gölü Sarısu İmişli, Sabirabad, Saatlı rayonları ərazisində Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru 22 kilometr uzanan və bir-biri ilə əlaqəli dörd göldən biri olmaqla, çay-dərə eroziya mənşəlidir, nisbətən böyük göllər sırasına daxildir, şirinsuludur.  Suyunu əsasən Şərbətqobu vasitəsilə Ağ göldən, yeraltı və yağıntı sularından alır, Kür çayına axını var. Azərbaycanda göllərin sahəsinə görə sıralamasında Xəzər dənizindən sonra ikincidir.

Sarısu gölünün sahilboyu ərazisini qamışlıq və bataqlıq təşkil edir. Suyun həcmi təqribən 60 milyon kub metr, orta dərinliyi 1 metr, maksimal dərinliyi 6 metr,  orta eni 3 kilometr təşkil edir. Bəzi illərdə (1976-cı ildə) Kür çayının daşqın suları gölün həcmini 3-5 dəfə artırıb. Göldə suyun həcminin artması əsasən yaz və payız aylarında müşahidə olunur. Ötən illə müqayisədə cari ildə suyun səviyyəsi təqribən 40 faiz azalmışdır. Sarısu gölündə buz hadisələrinin orta çoxillik davamiyyəti 23 gündür və sahil buzu formasındadır.  Gölün səthi bəzi illərdə buzla örtülür, davametmə müddəti 11 gündür.

Sarısu gölünün faunası əsasən balıqlardan (çəki, sazan, karp, vobla),  heyvanlardan (çöl donuzu, bataqlıq donuzu) ibarətdir. Bundan başqa, burada olan əlverişli şərait hər il 300-350 min müxtəlif növ quşların (ördək, qaşqaldaq,  qaz, sultan toyuğu, qarabatdaq, boz vağ) qışlamasını təmin edir. Gölün ərazisində Allahmədətli yaşayış məntəqəsinin yaxınlığında fəaliyyət göstərməyən balıq vətəgələri və XVI-XVII əsrlərə aid olan qəbiristanlıq vardır.

Sarısu gölünü şimaldan Kür çayı, yaşayış məntəqələrindən isə avtomobil yolu kimi istifadə olunan torpaq bənd ayırır, bu da gölün yaşayış məntəqələrindən axıdılan tullantılarla çirklənməsinin qarşısını alır. Gölün suyu zəif qələvi xarakterlidir. Spesifik iyi yoxdur, şəffaflığı ayrı-ayrı nöqtələrdə müxtəlifdir . Su nümunələri kağız filtrdən yaxşı süzülür.  Suyun oksigenlə doyma faizinin yüksək olması isə onun kimyəvi vəziyyətinin qənaətbəxş olduğunu göstərir.  Göl üzrə ümumi minerallaşma yüksəkdir.  Su yüksək minerallaşmaya və codluğa malik olsa da ümumilikdə kimyəvi xarakteristikasına görə təmiz su sinfinə aiddir.

Göldə suyun həcmi xeyli, 40 faiz civarında azalmışdır. Azərbaycan Ornitoloji Cəmiyyətin sədri Elçin Sultanov bu vəziyyəti göl yaxınlığında iri kollektorların çəkilməsi ilə əlaqələndirir. Şübhəsiz, yağıntı miqdarının azlığı, qlobal istiləşmənin törətdiyi fəsadlar da əsas səbəblərdən  ola bilər. Ornitoloq onu da əlavə edir ki, hər il 300-350 min quş qışlama üçün Sarısu gölünə gəlirdi. İndi onların sayı heç 10 min deyil. Bu isə ən çox təbiətə kortəbii müdaxilənin nəticəsidir. “Kortəbii müdaxilə” fikrini irəli sürən ornitoloqun dediklərini peşəkar ovçular da təsdiqləyirlər. Ağ qızılqaz, sultan toyuğu, leylək, ağ naz kimi quşları, eyni zamanda dimdiyi göy, gözləri ağ ördəkləri ovlamaq yasaqdır. Bəzi hallarda isə qəbul edilmiş bir çox şərtlərə məhəl qoyulmur.

Respublikada üç rayonun -- İmişli, Sabirabad, Saatlı rayonlarının əhatəsində yerləşən və əksər göllərdən öz şirin suyu ilə fərqlənən Sarısu gölü təbiət incisi olmaqla yanaşı, insanlara çörək-ruzi mənbəyi, istirahət, sağlamlıq guşəsidir. Onu qorumaq üçün yollar axtarmalıyıq. Artıq 10 il bundan əvvəl suyu qurumuş Hacıqabul gölü kimi yaxşı olmayan nümunə gözlərimiz qarşısındadır.

Tofiq HÜSEYN,

“Respublika”.