Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası
Ekologiya

Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclası Zəngilan rayonunun Ağalı kəndində keçirilib. 5 iyun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilir.

İclasda İşçi Qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin və digər qurumların əməkdaşları iştirak ediblər.

Toplantıya Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, eləcə də AMEA-nın müxbir üzvü Pənah Muradov və professor Elman İskəndər qatılıblar.

İşçi Qrupunun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirlik tərəfindən Zəngilan və Qubadlı rayonları ərazisində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən meşəbərpa və yeni yaşıllıq sahələrinin salınması tədbirləri, xüsusi mühafizə olunan təbiət əraziləri, eləcə də Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı həyata keçirilmiş tədbirlər, Qoruq ərazisində aparılmış çöl-tədqiqat işləri, flora və fauna növlərinin öyrənilməsi barədə qısa məlumat verib.

İclasda Zəngilan rayonunun biomüxtəlifliyi, işğaldan azad edilmiş ərazilərində bərk məişət tullantılarının idarə olunması, o cümlədən Oxçuçay üzərində (Sayıflı, Sarıqışlaq, Zəngilan və Cahangirbəyli) KSES-lərin tikintisi ilə bağlı, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı faydalı qazıntı yataqlarının istifadəsi haqqında müzakirələr aparılıb.

Toplantıda təqdimatla çıxış edən akademik İradə Hüseynova regionun flora və fauna biomüxtəlifliyi ilə zəngin olduğunu xüsusi vurğulayıb, bu müxtəliflik, eyni zamanda rayon ərazilərindən Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş bitki və heyvan növləri haqqında məlumat verib.

“Respublika”.