Ekoloji terrora qarşı birgə etirazlar
Ekologiya

Ekoloji terrora qarşı birgə etirazlar

Dekabrın 12-dən etibarən Azərbaycan QHT-ləri və ekoloqlarının Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə Laçın yolunda keçirdiyi etiraz aksiyası davam edir.

Vətəndaş cəmiyyətinin təmsilçiləri,  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin həmin yataqlarda monitorinq aparılmasına Rusiya sülhməramlıları tərəfindən şərait yaradılmasını tələb edirlər. Aksiya iştirakçıları tərəfindən haqlı olaraq Rusiya "sülhməramlıları"nın müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına, erməni separatçılarının dekabrın 10-da monitorinqə imkan verməməsinə kəskin etiraz bildirilir. Bununla bağlı lazımi tədbir görmədiyinə görə Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş və onun əraziyə gəlməsi tələb olunur.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsə də, hər iki istiqamətdə təxribatla üzləşib. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinqə Rusiya sülhməramlıları nəinki lazımi şərait yaratmamış, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakçıya çevrilmişdir.

Qeyd edək ki, "Qızılbulaq" müqavilə sahəsi Rusiya sülhməramlılarının Qarabağda nəzarət etdikləri Ağdərə ərazisində yerləşir. Müqavilə sahəsi "Dəmirli" mis-molibden yatağının qızılla zəngin olan hissəsidir. Buradan ermənilər tərəfindən ildə 35 min unsiyaya qədər (təxminən 1 ton) qızıl hasil edildiyinə dair məlumatlar var. Qızılın yerin səthindən çıxarılması ciddi ekoloji və digər törəmə fəsadlar yaradır. Bu işdə isə Ruben Vardanyanın adı çəkilir. Beynəlxalq transmilli cinayətkar dəstənin üzvü olan erməni milyarder Ruben Vardanyanın Xankəndidə qondarma rejimin "dövlət naziri təyin edilməsindən" sonra erməni separatçılarının fəallığını müşahidə etməkdəyik. Vardanyan 30 illik işğal dövründə Qarabağın təbii resurslarının talanıb daşınmasında, bu bölgədə narkotik becərilməsində, qanunsuz silah daşınmasında xüsusi rol oynayıb.

O, həm də vaxtilə işğal olunmuş Azərbaycan ərazilərində xarici ölkə ermənilərinin qeyri-qanuni məskunlaşdırılmasında da aktiv iştirak edib. Ruben gələndən sonra, təbii ki, ilk əl qoyduğu şeylər elə milyardının üstünə milyard gətirəcək mədənlər oldu. Azərbaycan ərazidə monitorinq keçirən zaman məhz Ruben Vardanyanın orada olması da bunlara sübutdur. Onun Qarabağda peyda olmasının məqsədi də terrorçu rejimin "canlanmasına" kömək etmək, himayədarlarının köməyi ilə guya status əldə edilməsinə nail olmaqdır. Vardanyanın Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında "at oynatması" və Azərbaycanın suverenliyinə qarşı təhdidlərlə çıxış etməsi, əlbəttə ki, Azərbaycan dövlətinin beynəlxalq hüququn normalarına uyğun olaraq cavab tədbirləri görmək zəruriyyəti yaradır. Azərbaycan hökuməti hazırda Qarabağın maddi-mədəni sərvətlərinin talanması faktı üzrə cinayət materiallarını araşdırmaqdadır. Şübhə yoxdur ki, bu talançılıqda Vardanyanın əməlləri də sübuta yetiriləcək.

Bütün bunların başvermə səbəblərinin əsasını Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi, sərhədlərin delimitasiya və demarkasiyasının ləngidilməsi, qeyri-qanuni erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərindən hələ də çıxarılmaması təşkil edir. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistanın imzaladığı kapitulyasiya aktında təsbit edilib, rəsmi İrəvan bu öhdəliyi yerinə yetirməlidir. Yetirməsə, bunun məsuliyyəti Ermənistan üçün çox ağır olacaq.

Mustafa KAMAL,

"Respublika".