Ekosistemlərin bərpası, flora və faunanın qorunması üçün irimiqyaslı layihələr icra edilir
Ekologiya

Ekosistemlərin bərpası, flora və faunanın qorunması üçün irimiqyaslı layihələr icra edilir

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Cəbrayıl rayonu ərazisində yaradılacaq "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin layihəsi ilə tanış olublar. Dövlətimizin başçısı və birinci xanım reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 baş ceyranın buraxılması mərasimində də iştirak ediblər. Proses bu il və gələn il də davam etdiriləcək. Bir gün sonra xalqımız növbəti mühüm tarixi hadisələrin qürurunu yaşadı. Cəbrayıl rayonu ərazisində yaradılacaq "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin oktyabrın 20-də təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Mərasim iki qardaş ölkənin sarsılmaz birliyinin möhtəşəm təntənəsinə çevrilməklə həm də böyük rəmzi məna ifadə edirdi. İki lider, xalqlarımız hər zaman olduğu kimi, bu günümüz və gələcəyimiz üçün mühüm əhəmiyyətli tədbirdə də bir-birinin yanındadırlar.

Mərasimdə bildirildi ki, işğaldan azad edilmiş ərazilərdə 2021-ci ildə qəbul edilmiş Azərbaycan-Türkiyə/Qarabağ Tədbirlər Planına uyğun olaraq bir sıra ikitərəfli tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu tədbirlər çərçivəsində, həmçinin "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin yaradılması nəzərdə tutulub. Bu məqsədlə yerli və türkiyəli mütəxəssislərlə birlikdə Cəbrayıl rayonunun Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun ətrafında 40 hektar ərazi seçilib. Ərazi dəniz səviyyəsindən 603 metr yüksəklikdə, Bakı şəhərindən 340 kilometr, Zəngilan Beynəlxalq Hava Limanından 72 kilometr, Füzuli Beynəlxalq Hava Limanından isə 35 kilometr məsafədə yerləşir. Məlumat verildi ki, kompleksdə üç mərtəbədən ibarət Meşə Təlim Mərkəzi yaradılacaqdır. Təlim Mərkəzində türkiyəli mütəxəssislər və beynəlxalq təlimçilər tərəfindən Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və digər region ölkələrinin meşə mütəxəssislərinə təlimlər keçiriləcək.

"Ağıllı Tingçilik"də qabaqcıl texnologiyalar əsasında istixanalar, toxum saxlama mərkəzi, qapalı kök sistemli ting istehsalı, köçürmə sahələri, kölgələndirmə, soyuducu, qablaşdırma və gübrə anbarları, ting tədarük mərkəzi, təlim zonası, maşın və traktor təlim parkları inşa ediləcəkdir. Burada il ərzində yerli iqlim şəraitinə uyğunlaşdırılmış 2 milyon müxtəlif ting yetişdirilərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının meşə fondu torpaqlarında meşələrin salınmasında və yaşıllaşdırma işlərində istifadə olunacaq. Layihə əsasında ərazidə torpaqqazma və doldurma işlərinə bu il iyunun 20-də başlanılıb və layihənin 2024-cü il iyulun 1-də tam yekunlaşdırılmaqla istismara verilməsi nəzərdə tutulur. Azərbaycan və Türkiyə prezidentləri ərazidə ağac əkib, əraziyə ceyranlar buraxıblar.

Qeyd edək ki, Azərbaycan ərazisində ceyranların sayının kritik şəkildə azalması təhlükəsi nəzərə alınaraq ceyran populyasiyasının tarixi areallarında təbii bərpasının təmin edilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən 2003-cü ildə Şirvan Milli Parkı yaradılıb və həyata keçirilən intensiv mühafizə tədbirləri nəticəsində ölkəmizdə ceyranların populyasiyası bərpa edilib. Milli Parkın ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı yarımsəhra xırda təpəlikləri, şoranotlu yarımsəhra xırda təpəlikləri və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Hər bir təbii landşaft sahələrinin ceyranlar üçün xüsusi əhəmiyyəti vardır. Hazırkı dövrədək ümumilikdə, 293 baş ceyran ölkənin təbii areallarına reintroduksiya edilib və aparılan son monitorinqlərin nəticələrinə görə, Azərbaycanda 7000-dən artıq ceyran fərdinin yayılması qeydə alınıb. Bununla yanaşı, zubrların da Azərbaycanda tarixi məskunlaşma yerlərinə qaytarılması prosesi uğurla davam etdirilir.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyinin birgə fəaliyyəti nəticəsində artıq ölkəmizə reintroduksiya olunan bizonların ümumi sayı 31 başa çatdırılıb.

Ermənistanın ölkəmizə qarşı 30 illik işğalı nəticəsində törədilən vandalizm aktları miqyasına görə dövlətimizə yüzilliklər boyu vurulan ən böyük zərbədir. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən yurd yerlərimizin azad edilməsindən sonra ərazilərimizdə şahidi olduqlarımız deməyə əsas verir ki, dövlətimizə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılması hələ bundan sonra uzun zaman alacaqdır. Eyni zamanda, 30 ildən çox düşmən tərəfindən yerlə-yeksan olunmuş ərazilərin, məhv edilmiş təbii sərvətlərin, maddi-mədəniyyət abidələrinin, infrastrukturun bərpası və yenidən qurulması böyük vəsait və enerji tələb edəcəkdir. Bütün bunlara baxmayaraq, hazırda dövlətimiz tərəfindən bu istiqamətdə məqsədyönlü işlər həyata keçirilərək irimiqyaslı layihələr icra edilir.

Ekosistemlərin bərpası, o cümlədən flora və fauna növlərinin qorunması üçün əsas fəaliyyətlərdən hesab olunan reintroduksiya layihələri davam etdirilir. İşğal dövründə bioloji müxtəliflik komponentlərinə ciddi ziyan dəymiş Qarabağ bölgəsində də bu layihələrin icrası planlaşdırılıb. Respublikamızın füsunkar guşələrindən olan Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Səthi əsasən maili düzənlik, şimalda alçaq dağlıqdır. Rayonda yaşı 200-1600 olan 14 ədəd iri diametrli Şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində "Divlər sarayı" adlanan mağara təbiət abidəsi kimi qorunurdu. Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib. Erməni işğalı dövründə Şərqi Zəngəzurun və Qarabağın təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurulub, bir çox hallarda bu, ətraf mühitin deqradasiyasına gətirib çıxarıb, eləcə də təbii sərvətlərin amansız istismarı nəticəsində ekoloji tarazlıq pozulub. 2006-2007-ci illər ərzində erməni işğalçıları tərəfindən rayonun 16 min hektardan artıq ərazisində yanğınlar törədilib. Ermənilər Cəbrayılın daşını daş üstə qoymamış, şəhəri, qəsəbə və kəndləri viran etmişdir.

Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə hazırda işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Cəbrayıl rayonunda fauna növlərinin - ceyran, bezoar keçisi, Dağıstan turu və nəcib maralın, bununla yanaşı, balıq və yırtıcı quş növlərinin 2022-2023-cü illər ərzində öz tarixi areallarına reintroduksiyası nəzərdə tutulub. Azad olunmuş ərazilərdə balıq növlərinin populyasiyasının bərpası üçün də davamlı işlər görülür. İki il ərzində Bəsitçay, Həkəri və Bərgüşad çaylarının hövzələrinə balıq körpələrinin buraxılışı təşkil olunub və bu işlər növbəti illərdə də həyata keçiriləcək.

 Mustafa KAMAL,

"Respublika".