El-obanın fəxri
Sosial həyat

El-obanın fəxri

Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız yurduna, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır.

Qarabağı azadlığa qovuşduran müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu.

Bu gün kəndi, el-obası Vadimlə fəxr edir, Vətən ona "Oğul!" deyir. Vadim Ələsgərov 1993-cü il noyabrın 24-də Qusar rayonunun Urva kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Vadim Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 8-də bu döyüşlər zamanı şəhid olub. Qusar rayonunun Urva kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Vadim Ələsgərov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Nilufər ABDULOVA,

Xəzər rayonu MKS-nin İnformasiya-resurs şöbəsinin müdiri.