Əlaçı tələbələrə təqaüd təqdim edilib
Elm və təhsil

Əlaçı tələbələrə təqaüd təqdim edilib

Oktyabrın 31-də 2021-2022-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi və “Gənc həmkarlar ittifaqı lideri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, ATİAHİ RK-nın sədr müavinləri və şöbə müdirləri, ali təhsil ocaqlarında fəaliyyət göstərən həmkarlar ittifaqlarının sədrləri, tələbələr iştirak ediblər.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdə çıxış edərək Azərbaycanda həyata keçirilən gənclər siyasətindən bəhs edib: “Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan dövlətimizin gənclər siyasəti onun müzəffər davamçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu gün uğurla davam etdirilir.

Həmkarlar ittifaqları tərəfindən dövlətimizin gənclər siyasətinə yüksək dəstək verilir. ATİAHİ RK bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil edir, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı sistemli layihələr həyata keçirir. Aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır. Belə ki, Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur.

Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan 65 ali məktəb tələbəsinə Komitənin adlı təqaüdünün təqdim edilməsi mərasimi başlayıb.

Qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ-nin adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2719 nəfər tələbə bu təqaüddən yararlanıb.

Tədbirdə Komitə tərəfindən təşkil edilmiş “Gənc həmkarlar ittifaqı lideri” müsabiqəsinin qalibləri də mükafatlandırılıb.

Çıxış edən tələbələr ölkəmizdə gənclərlə bağlı həyata keçirilən layihələrdən, dövlət qayğısından, gənclərin elm, təhsil və idman sahəsində qazandığı nailiyyətlərdən bəhs ediblər. Gənclər, həmçinin ölkəmizdə onların inkişafı üçün yaradılmış şəraitdən razılıqlarını bildirib, dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Vurğulanıb ki, Azərbaycan həmkarlar ittifaqları gənclərin təhsilə marağının yüksəldilməsi, sağlamlıqlarının qorunması, idmanın təbliği, asudə vaxtlarının səmərəli təşkili istiqamətində mühüm layihələr həyata keçirir. Bütün bunlar ölkə gəncliyinin hərtərəfli inkişafına əhəmiyyətli stimul verir.

Sonda tələbələr onlara göstərilən dəstəyə görə, Azərbaycan həmkarlar ittifaqlarına təşəkkür ediblər.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi