Elbrus Allahverdiyev
Sosial həyat

Elbrus Allahverdiyev

Birinci Qarabağ savaşı yüzlərlə Milli Qəhrəman yetirmişdir ki, bunlardan biri də Allahverdiyev Elbrus Hacı oğlu 27 sentyabr 1958-ci ildə Gəncə şəhərində fəhlə ailəsində dünyaya göz açıb. 18 saylı məktəbi bitirdikdən sonra 1976-1978-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Orconikidze Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1988-ci ildən başlayaraq respublikamızda baş verən Dağlıq Qarabağ müharibəsi zamanı torpaq minlərlə igid oğul və qızlarını qoynuna aldı. Vətəndən uzaqda olan Azərbaycan oğulları da onu dar günündə tək qoymadılar. Belə mərd oğullardan biri idi Elbrus Allahverdiyev. O, bir müddət Vladiqafqazda yaşayır, erməni faşistlərinin vətənimizə təcavüzünü eşidən Elbrus Azərbaycanımıza dönür və könüllü olaraq 17 may 1992-ci ildə cəbhəyə yollanır. Elbrus 18 saylı şəhər orta məktəbini bitirdikdən sonra 1976-78-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Bu müddətdə Orenburq Praporşiklər Məktəbini, 1990-cı ildə isə Orconikidze Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Elbrus xeyli vaxt Vladiqafqazda yaşamışdır. Erməni işğalçılarının Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə dözməyərək Elbrus Vətənə üz tutur və 17 may 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanır.

Leytenant Elbrus Allahverdiyev Azərbaycan Silahlı Qüvvələri artilleriyasının ilk təşkilatçılarından olur. O, Ağdam cəbhəsində ilk artilleriya batareyasını təşkil edərək, döyüş əməliyyatlarında fəal iştirak edir. Batareya döyüşlərdən uğurla çıxır. 1992-ci ilin iyun ayında batareyanın əsasında ilk divizion yaradılır və Elbrus Allahverdiyev ona komandir təyin edilir. Divizion əməliyyatlarda döyüş tapşırıqlarını layiqincə yerinə yetirir, piyadaların və döyüş maşınlarının hərəkətinə yol açırdı. Briqadanın keçirdiyi mühüm əməliyyatlarda artilleriya divizionu sərrast atəşlə düşmənin bir çox strateji əhəmiyyətli mövqelərini darmadağın edir. E.Allahverdiyevin artilleriya divizionu müharibənin ilk illərində düşmənin Avdur kəndi ətrafında bir topunu və bir iri çaplı pulemyotunu, Ağdərə bölgəsində isə bir reaktiv artilleriya qurğusunu sıradan çıxarır. Oktyabr ayında düşmənin daha bir texnikası məhv edilir.

1993-cü il iyun ayının 12-də erməni işğalçıları Ağdam üzərinə güclü hücuma keçirlər. Döyüşə ilk olaraq artilleriya divizionu girir. Ermənilər sarsıdıcı artilleriya cavabından sonra geri çəkilməyə məcbur olurlar. İyun ayının 14-də düşmən yenidən Ağdam üzərinə yeriyir. Bu dəfə hədəfdə Şelli kəndi idi. Elbrus Allahverdiyevin divizionu qərargahdan bir neçə döyüşçü götürüb piyadaların köməyinə gedir. Ermənilər itki verərək geri çəkilməyə məcbur olur. O, bu döyüşdə mərmi partlayışından ağır yaralanır. Komandiri hospitala çatdırdılar. Lakin onu xilas etmək mümkün olmur və qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir. Gəncə şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılır. Üç övladı yadigar qalıb.

Həyat yoldaşı Kifayət Allahverdiyeva: "Bir gün Elbrusa dedim ki, iki qız övladın var, getmə. Dedi ki, yox. Kəşfiyyata gedəndə, düzü heç vaxt hərb haqqında onun sirlərindən danışmazdı. Bircə dəfə elə onu dedi ki, düşmən tərəfdə olan azərbaycanlı əsir qadınları görüb. Yəni indi mənə deyə bilməzsən ki, geri gəl, çünki mən bunu namusuma sığışdıra bilmərəm".

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli Fərmanı ilə Allahverdiyev Elbrus Hacı oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür. Gəncə şəhərindəki küçələrdən biri onun adını daşıyır.

 Bu gün Elbrusun vaxtilə vuruşduğu uzun illər bir ovuc torpağına həsrət qalan ağdamlılar indi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində bütün Ağdama sahibdirlər. Bu torpaqda uyuyanların da ruhuna bir rahatlıq gəlib. İndi bütün Ağdam şəhidlərinin ruhu sevinir. Ağdamın uğrunda canını fəda edən qəhrəman igidlərin də ruhu rahatlıq tapıb. Onların yolunda şəhid olduqları bu torpaq artıq xilas olunmuşdur. Şəhidlərin qanı yerdə qalmadı.

M.MİRZƏ,

"Respublika".