Əlcəzair səfiri: AZƏRTAC Azərbaycanda aparıcı və ən etibarlı informasiya mənbəyidir
Siyasət

Əlcəzair səfiri: AZƏRTAC Azərbaycanda aparıcı və ən etibarlı informasiya mənbəyidir

AZƏRTAC və Əlcəzair Xəbər Agentliyi arasında əməkdaşlığın genişləndirilməsi, xəbər mübadiləsinin artırılması faydalı olar. Əməkdaşlıq haqqında sənədin imzalanması bu işə öz töhfəsini verə bilər.

Bununla bağlı məsələlər, o cümlədən iki ölkənin milli xəbər agentliklərinin əməkdaşlığını daha da genişləndirmək imkanları AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı səfiri Əbdülvahab Osmanın görüşü zamanı müzakirə olunub.

Səfirliyin təşəbbüsü ilə keçirilən görüş zamanı Azərbaycan və Əlcəzair arasında əlaqələrin tarixindən və mövcud vəziyyətindən danışılıb. Qeyd olunub ki, xalqlarımız və milli-mənəvi dəyərlərimiz arasında yaxınlıq əlaqələrin daha da inkişafına yol açır. Diplomatik münasibətlərimiz yüksək səviyyədədir. Yeni çağırışlar və reallıqlar fonunda media sahəsində əməkdaşlığı da yeni müstəviyə keçirməyə ehtiyac yaranıb.

İdarə Heyətinin sədri qonağa AZƏRTAC-ın fəaliyyəti, dünya informasiya məkanında yeri və mövqeyi barədə məlumat verib. Vurğulayıb ki, Azərbaycanın və Əlcəzairin aparıcı informasiya agentlikləri müxtəlif beynəlxalq media platformalarında, xüsusilə Dünya Xəbər Agentlikləri Konqresində və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyində (UNA) səmərəli əməkdaşlıq edirlər. Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Əlcəzair KİV-nin bu barədə obyektiv mövqedən çıxış etməsi və doğru-düzgün informasiya yayması təqdirəlayiqdir.

Azərbaycana dair məlumatları AZƏRTAC-ın saytında ərəb, ingilis və fransız dillərində əldə etdiyini deyən səfir Əbdülvahab Osman qeyd edib ki, səfirlik iki dost ölkənin xəbər agentlikləri arasında əməkdaşlıq münasibətlərinin ikitərəfli müstəviyə keçməsinə lazımi dəstək verəcək. Bu məqsədlə hazırlanacaq sənədin layihəsini Əlcəzairin müvafiq dövlət strukturlarına təqdim etməyə hazır olduğunu bildirən diplomat AZƏRTAC-ı Azərbaycanda aparıcı və ən etibarlı informasiya mənbəyi hesab etdiyini vurğulayıb.

Görüşdə, həmçinin müasir medianın qarşısında duran çağırışlar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

AZƏRTAC