Elektron notariat vətəndaşlara hüquqi xidmətin rəqəmsal təzahürüdür
Sosial həyat

Elektron notariat vətəndaşlara hüquqi xidmətin rəqəmsal təzahürüdür

Bazar iqtisadiyyatı münasibətlərinin inkişaf etdiyi dövrdə hüquq sistemində baş verən dəyişikliklər notariat xidmətlərinin göstərilməsinə yeni yanaşma tələb edirdi. Azərbaycan Respublikasının ədliyyə sahəsində aparılan islahatlar zəminində notariat xidmətlərin göstərilməsində müasir informasiya texnologiyalarından istifadə edilməsi elektron notariat vasitəsilə notariuslar tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə bu istiqamətdə daha əlçatan, sadələşdirilmiş, şəffaflaşdırılmış, məsafədən xidmətlərin göstərilməsinə şərait yaradır.

Mülki hüquq normaları cəmiyyət üzvlərinin hüquq və mənafelərinə toxunan ictimai münasibətlərin böyük hissəsini tənzimləyir. Belə ki, vətəndaşlar və təşkilatlar gündəlik həyatda öz tələbatlarını təmin etmək üçün mülki hüquqla tənzimlənən bir çox hadisələrin iştirakçıları olurlar. Mülki hüquq münasibətlərinin tərəfləri həqiqi niyyətinə, iradəsinə və qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisəsiz notariat hərəkətinin rəsmiləşdirilməsinə Elektron notariat ilə daha çevik, vaxt itirmədən nail olurlar. 

Azərbaycan Respublikasında “Elektron notariat” informasiya sistemi tətbiq edilməyə başlanmış və bu sistemin tətbiqi göstərilən elektron xidmətlərin keyfiyyətinin artmasına, informasiya təminatının yaxşılaşmasına, operativliyin təmin olunmasına gətirib çıxarmışdır. Bununla belə, qeyd etmək lazımdır ki, “Elektron notariat” sistemindən istifadənin imkanları genişdir. “Elektron notariat” vətəndaşların notariata olan etibarını təmin edəcək, məhkəmə proseslərinin şəffaflığını, zəruri hallarda məhkəmə proseslərinin məsafədən həyata keçirilməsini, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını, məhkəmə proseslərinin onlayn qaydada izlənilməsini və sair təmin edəcək, ədalət mühakiməsinin səviyyəsinin yüksəldilməsində önəmli vasitəyə çevriləcəkdir.

“Elektron notariat” informasiya sistemi vasitəsilə notariat hərəkətlərinin reyestrinin elektron formada aparılması və sənədlərə avtomatlaşdırılmış qaydada vahid reyestr nömrəsinin verilməsi, notariat hərəkətləri üzrə sənədlərin elektron məlumat bazasında axtarışının aparılması, statistik hesabatların avtomatlaşdırılmış qaydada hazırlanması və digər qurumlara elektron formada göndərilməsi təmin edilir. Həmçinin, bu sistem vasitəsilə notariat hərəkətinə dair tərtib edilmiş sənədlər üzərində barkodların əks olunması, notariat hərəkətlərinə dair sənədlərin layihələrinin informasiya sistemi vasitəsilə hazırlanması, informasiya sisteminin istifadəçiləri üçün şəxsi elektron kabinetin təşkili, arxiv notariat sənədlərinin elektron nüsxələrinin bazasının yaradılması, inzibatçı və istifadəçilər arasında məlumat və sənəd dövriyyəsinin həyata keçirilməsi, daşınmaz əmlakın təqdim edilməsi üzrə sadələşdirilmiş verginin hesablanması və digər informasiya sistemləri ilə məlumat mübadiləsinin həyata keçirilməsi mümkündür.

Qiymətli kağızlar bazarının inkişafı, səhm bazarının təkmilləşdirilməsi ölkə iqtisadiyyatında davamlı iqtisadi artımın təmin olunmasında və iqtisadi fəaliyyətin subyektləri arasında kapital resurslarının effektiv şəkildə yenidən bölüşdürülməsində mühüm rol oynayır. Elektron notariatın imkanlarından biri də, qiymətli kağızlara mülkiyyət hüququnun ötürülməsinə dair müqavilənin predmeti olan qiymətli kağızlara dair sərəncamverənin bu hüquqa malik olmasının yoxlanılması, həmin qiymətli kağızların yüklənməsi və hüquq əldə edənin “depo” hesabının mövcudluğu barədə məlumatların real vaxt rejimində əldə edilməsi, müqavilə üzrə ödənişlərin alıcı tərəfindən notariusun bankdakı depozit hesabına köçürülməsi, habelə notariat qaydasında təsdiqlənmiş müqavilənin dərhal elektron formada depozitar sistemə ötürülməsinin təmin edilməsidir. 

Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilənin, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamənin verilməsi zamanı mülkiyyətçiyə (etibar edənə) cərimələrin olub-olmaması barədə məlumatın “Elektron notariat” informasiya sistemi vasitəsilə aidiyyəti qurumun müvafiq məlumat bazasında real vaxt rejimində əldə edilməsi notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsi məlumatlandırmaq və cərimənin mövcud olduğu halda onun ödənilməsi ilə bağlı gələcəkdə mülki hüquq münasibətlərinin tərəfləri arasında yarana biləcək mübahisənin qarşısının alınması imkanını tanımışdır.

Notariat qaydasında təsdiq edilmiş sənədlərin ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə məhkəmə qətnamələri əsasında verilmiş icra sənədləri aidiyyəti qurumun informasiya sistemindən “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə edilməsi, icra sənədlərinin operativ həyata keçirilməsi, qanunun aliliyinin, o cümlədən mülki hüquq münasibətləri iştirakçılarının hüquq və vəzifələrinin qorunması, onlara dəyə biləcək zərərin qarşısının vaxtında alınması baxımından mühüm əhəmiyyət kəsb edir.

“Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.10-cu və 16.1.11-ci maddələrində nəzərdə tutulmuş məlumatlar, yəni  ödənilməli olan cərimənin və digər sanksiyanın, alimentin, vergilərin və sosial sığorta haqlarının, digər icbari ödənişlərin, dəbbə pulunun, sığorta haqqının, notariat qaydada təsdiq olunmuş borc müqavilələrindən irəli gələn borcun, kommunal borcların məbləği və onun ödənilmə müddəti, kredit tarixçəsi subyektinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsinə təsir edən hər hansı digər məlumatlar notariusların fəaliyyətlərinə aid olan hissədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə “Elektron hökumət” portalında yerləşdirilir. Bu isə fiziki və hüquqi şəxslərin öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılmasına, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsinə xidmət edir.

Ədliyyə Nazirliyinin istifadəyə verdiyi “Mobil notariat" tətbiqi və “Elektron Ədliyyə köşkü”vasitəsilə aparılan notariat hərəkətlərinin sayı günü-gündən çoxalır, bu isə müraciət edən şəxslərin həmin xidmətlərdən razılığının ifadəsidir.

Ədliyyə Nazirliyi tərəfindən “Elektron notariat” informasiya sistemi vasitəsilə göstərilən xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vahid notariat təcrübəsinin formalaşdırılması, əvvəllər tələb edilən və bununla da, digər qurumlara müraciət olunması zərurətinin aradan qaldırılması, vətəndaşların notariat xidmətlərindən məmnunluğunun yüksəldilməsi istiqamətində görülən tədbirlər daim diqqət mərkəzindədir.

Tamerlan QURBAN,

Qəbələ regional “ASAN xidmət” mərkəzində

notariat ofisinin notariusu.