Eli onun adını qürurla yaşadır
Region

Eli onun adını qürurla yaşadır

İkinci Qarabağ  müharibəsində  canı bahasına xalqımıza qələbə sevinci yaşadan igidlərdən biri də şəhid kiçik gizir  Təbriz Məhərrəm oğlu Talıbovdur.  Lerik rayonunun Ləkər kəndində dünyaya gələn Təbriz Vətən müharibəsinin ilk günündən  Çevik Hərəkət Bölüyünün tərkibində ön cəbhəyə gedir, döyüş yolu Cəbrayıl və Zəngilandan  keçir. Bir sıra düşmən hədəflərini məhv edən Təbriz yoldaşları ilə birlikdə 2020-ci il oktyabrın 22-də Zəngilan rayonu ərazisində Sığırd yüksəkliyinin azad olunması uğrunda gedən ağır döyüşlərdə düşmənin pusqusuna düşür. İki saat ərzində düşmənlə mətanətlə vuruşaraq yoldaşlarının düşmən həmləsindən çıxmasına şərait yaradan  Vətən oğlu  özü qəhrəmancasına şəhid olur. Kiçik gizir Təbriz Məhərrəm oğlu Talıbov  ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və  digər medallara layiq görülüb.

 Vətən sevdalısı Təbrizin doğum günündə doğma Ləkər kəndində  xatirəsi anıldı.  Lerik Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin nümayəndələri, şəhidin ailə üzvləri, kənd sakinləri  məzarını ziyarət etdilər,  önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.

 Şəhidin atası Məhərrəm dövlət başçısına minnətdarlıq  edib dedi ki, Təbriz uşaqlıqdan Vətəninə bağlı böyümüşdü. Məhz elə buna görə də, canını ona qurban verməkdən çəkinmədi. Qısa, şərəfli bir ömür yaşadı Təbriz.  İndi bütün el-oba onun adını qürurla çəkir.

Zəfər ORUCOĞLU.