Əlif Hacıyev
Sosial həyat

Əlif Hacıyev

Adı, qəhrəmanlığı bir elin, bir xalqın tarixinə əbədi həkk olunmuş Əlif Lətif oğlu Hacıyev 24 iyun 1953-cü ildə Xocalı şəhərində dünyaya göz açmışdır. O, məktəbdə təhsil aldığı illərdə tarix fənnini çox sevirdi. Əlif müxtəlif kitablardan oxuyub öyrənmişdi ki, dünyanın ən  qəddar, vəhşi milləti sayılan erməni daşnakları ayrı-ayrı dövrlərdə türklərə xəyanət etmiş, çirkin əməllərini həyata keçirmək məqsədilə dəfələrlə əlləri müsəlman qanına batmış, ötən 200 ildə xalqımızın başına müsibətlər gətirmişlər. Cənubi Qafqazın adına ləkə gətirən erməni quldurlarına qarşı Əlifin qəlbində nifrət, kin yuva salmışdı. Ürəyi ermənilərdən qisas, intiqam almaq hissilə çırpınırdı...

Əlif 1970-ci ildə Qarabağın dilbər guşələrindən olan Xocalı şəhərində orta məktəbi  müvəffəq qiymətlərlə bitirmiş, bir müddət keçdikdən sonra əsgəri xidmətə yola düşmüşdür. O, 1973-cü ildə ordudan tərxis olunaraq Xankəndidəki Avtonəqliyyat Müəssisəsində sürücü kimi əmək fəaliyyətinə başlamışdır.

Əlif Hacıyev 1974-1984-cü illərdə Belarus DİN-in və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1976-cı ildə SSRİ DİN-in Frunze adına  xüsusi orta Milis Məktəbinə daxil olmuş, 1979-cu ildə həmin məktəbi bitirmiş,  1981-ci ildən təhsilini SSRİ DİN-in Akademiyasında davam etdirmişdir.

Əlif DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli erməni milətçi mərkəzini ifşa  etməyə çalışmışdır. Buna görə də, erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq 10 il həbs cəzasına məhkum etmişdilər. 1987-ci ildə işinə yenidən baxılmış, 10 il həbs cəzası 6 ilə endirilmişdi. Sonra isə Əlif bəraət almış, azadlığa buraxılmışdır.

Ə.Hacıyev 1990-cı ildə Xocalıya qayıdır və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir. O, 1990-cı ilin dekabr  ayında daxili işlər orqanlarına bərpa olunur və Xocalı Aeroportunun komendantı olur. Səmərəli işinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilir.

Qarabağ cəngavəri Əlif Hacıyevin əzmkarlığı, şəxsi igidliyi nəticəsində Xocalı aeroportu erməni millətçilərinin nəzarətindən tamamilə çıxır. Bu, düşmən üçün ağır zərbə idi. Bunun əvəzini çıxmaq üçün ermənilər "Xocalının alınması əməliyyatı"na başlayırlar. Qədim Xocalının başı üzərində real təhlükə yaranır. Bunu çoxları kimi Əlif Hacıyev də görürdü. O, tədbir görülməsi üçün hər gün, hər saat Bakını xəbərdar edir, lakin bəzi məmurların yalançı vədlərini eşidirdi.

Faciə 1992-ci il fevral ayının 25-dən başladı. Həmin gün Xocalı camaatı kəndi tərk etmək haqda ermənilər tərəfindən edilən son xəbərdarlığı da qəbul etməyib, səbirsizliklə paytaxtdan kömək gözləyirdi.

Əlif və onun dəstəsi səhər saat 5-ə qədər azğınlaşmış rus hərbçiləri və erməni yaraqlıları ilə vuruşdular. Döyüşlər qeyri-bərabər şəraitdə gedirdi. O, bu qanlı döyüşdə misilsiz qəhrəmanlıqlar göstərərək, bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxardı. Əlif bir daha geriyə dönərək, yenidən döyüşə atıldı. Düşmənin nə qədər güclü olmasına baxmayaraq, o, təslim olmur, düşmənlə mərdliklə, cəsarətlə vuruşur, misilsiz qəhrəmanlıq göstərirdi.

Vətənini, torpağını canından əziz bilən Əlif Qarabağ torpağında - Xocalı faciəsi zamanı şəhid oldu, adı Azərbaycanın müharibə tarixinə qızıl hərflərlə yazıldı. Son mənzili isə Bakıdakı Şəhidlər xiyabanı oldu.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə mayor Hacıyev Əlif Lətif oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Bakının Nizami rayonundakı küçələrdən biri Qarabağın igid və cəsur oğlu Əlif Hacıyevin adını daşıyır.

Qədir ASLAN,

"Respublika".