Elimizin fəxri Mübariz Azərbaycanın Milli Qəhrəmanının doğulub boya-başa çatdığı ocaqda 3 yaşlı yeni Mübariz böyüyür
Sosial həyat

Elimizin fəxri Mübariz Azərbaycanın Milli Qəhrəmanının doğulub boya-başa çatdığı ocaqda 3 yaşlı yeni Mübariz böyüyür

Bütün türk dünyasının fəxr etdiyi, müqəddəs saydığı bu ocaq Biləsuvarın Əliabad kəndinin mərkəzində yerləşir. El ağsaqqalı Hacı Ağakərim İbrahimova məxsus bu ev indi ziyarətgahdır. 2010-cu ilin 19 iyun tarixindən başlayaraq bu ev bir gün də olsun qonaq-qarasız olmur. Bütün türk dünyasının “yatmış” ruhunu oyatmış, xalqımıza baş ucalığı gətirmiş Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun dünyaya göz açdığı, kövrək addımların atdığı, ilk dəfə “ana”, “Vətən” söylədiyi bu ocağa yüksək hörmət və ehtiramlarını bildirirlər.

Bu evdə, bu həyətdə hər şey Mübarizi xatırladır. Hər addımda, bağlı-baxçalı, yaraşıqlı həyətin hər guşəsində qəhrəman Mübarizin nəfəsi duyulur. Elə qəhrəmanın valideynləri - Hacı Ağakərim kişini, anası Şamama bacını, qardaşları Bəhruzun, Rəşadın da ən böyük təskinlikləri budur. Evin ən kiçik övladı olan Mübariz onların gözü qarşısında böyüyüb, məktəbə gedib, hərbi xidmətə yollanıb. Qəhrəmanlıq zirvəsinə aparan igidliyin, heç vaxt solmayacaq hünərin onun qəlbində iz qoyan qığılcımları elə bu illərdə qoyulub. Mübariz yaşa dolduqca, mətinləşdikcə, valideynlərinə, torpağa, Vətənə sevgisi böyüdükcə bu qığılcımlar da böyüyüb və çox da uzaq olmayan bir gündə - Mübarizin 22 yaşında alov saçaraq erməni işğalçılarını vəlvələyə salıb.

Doğru deyirlər ki, qəhrəmanlığa aparan yol bir andır. Amma bu zirvəyə çatmaq üçün özünü illərlə bu igidliyə, şücaətə hazırlamalısan. Necə ki, Mübariz də düz 22 il özünü bu fədakarlığa hazırlamışdı.

Neçə illər əvvəl jurnalist həmkarlarımızdan biri ilə hazırladığımız “Elin Mübariz oğlu” kitabı üçün materialları toplayanda Mübariz İbrahimovu daha yaxından tanımışdım. Müəllimləri, sinif yoldaşları, dostları danışırdılar ki, Mübariz lap yeniyetmə çağlarından torpaqlarımızın düşmən tapdağı altında qalmasına dözə bilmirdi. Tez-tez hərbi xidmətə yollanacağı günü səbirsizliklə gözlədiyini deyirmiş. “Düşmən biləcək necə oğullar varmış, əzəli torpaqlarımıza göz dikənlərin gözləri ovulmalıdır”.

Bax, bu ruhda böyümüşdü Mübariz. Yeni

yetmə qəlbində gəzdirdiyi Vətən, torpaq sevgisi ölçüyə sığmazmış. Elə bu sevgi də onu qəhrəmanlığın ən uca zirvəsinə apardı.

Mübariz iki illik hərbi xidmətini başa vurub Əliabad kəndinə - valideynlərinin yanına qayıtmışdı. Dünənə kimi ata-anasının, özündən böyük qardaşlarının gözündə sanki körpə olan Mübariz idmançılara məxsus möhkəm bədənli, dolu əzələli bir gənc olmuşdu. Əsgər şinelini soyunub təsərrüfat işlərində ata-anasının köməkçisinə çevrilmişdi. Ancaq hər gün Qarabağ bölgəsindən eşitdiyi xəbərlər onu rahat buraxmırdı. Və bir gün qəti qərara gəldi ki, daha burada dözə bilmir, orduda, Vətənin igid əsgərlərinin yanında olmalıdır.

Onsuz da gənclik enerjisi ilə qaynayıb-daşan Mübariz öz arzusu ilə gizirlik məktəbini keçib Vətən keşiyində dayandı. İndi onu mənfur düşmənlərimizlə çox da uzun məsafə ayırmırdı. Və günlərin bir günündə illərlə ürəyində gəzdirdiyi arzusunun həyata keçməsi üçün real imkan yarandığını duyub qərarını verdi. Təkbaşına erməni əsgərlərinin kazarmasına həmlə edərək, onlarla düşmən əsgərini məhv etdi, bu qeyri-bərabər döyüşdə adını xalqımızın qəhrəmanlıq səhifəsinə yazaraq özü də şəhidlik zirvəsinə ucaldı.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 22 illik ömür yolu, heç vaxt solmayacaq qəhrəmanlığı gənclərimiz üçün gözəl nümunədir. Bu gün hər bir Azərbaycan əsgəri özünü qəhrəman Mübarizin varisi sanır, bu amalla Vətənə xidmət edir, torpaqlarımızın keşiyində dayanır.

Həyat davam edir, yeni nəsillər gəlir. Torpaq, Vətən uğrunda göstərilən qəhrəmanlıqlar isə heç zaman unudulmur. 44 günlük Vətən müharibəsi göstərdi ki, bu gün Azərbaycan ordusunda Mübariz ürəkli, Mübariz cəsarətli minlərlə Vətən övladları var. Onun ruhu həmişə bizimlədir. İnanırıq ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra onun ruhu da şaddır. Axı, erməni silahlılarını cənnətməkan torpaqlarımızdan qovmaq, işğaldan azad etmək onun ən böyük arzusu idi.

Adını xalqımızın tarixinə əbədi yazmış Mübariz İbrahimovun qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən həmişə yüksək qiymətləndirilir. Elimizin igid oğlunun adı verilmiş Biləsuvar Bağça-Məktəb-Lisey kompleksi respublikamızın qabaqcıl təhsil ocaqlarındandır. Biləsuvar şəhərinin mərkəzi küçələrindən biri məhz Mübariz İbrahimovun adını daşıyır. Mavi sularda “Mübariz İbrahimov” gəmisi  üzür. İyul ayında Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun ev-muzeyinin təntənəli açılışı kənd sakinləri, rayon ictimaiyyəti tərəfindən sonsuz maraqla qarşılanmışdır. Milli qəhrəmanın Ev Muzeyinin açılış gününün 8 iyul tarixinə təyin edilməsi də təsadüfi deyildi. Həmin gün həm də balaca 3 yaşlı Mübarizin doğum günü idi.

Müşfiq MİRZƏ,

“Respublika”.