Elm və təhsil sahəsində də əlaqələrin inkişafı dövrün tələbidir
Digər xəbərlər

Elm və təhsil sahəsində də əlaqələrin inkişafı dövrün tələbidir

Azərbaycanla Macarıstan arasında siyasi və mədəni əlaqələr yüksək səviyyədədir. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq əsasında formalaşır. Buxarestlə münasibətlərin inkişafı rəsmi Bakının xarici siyasətinin vacib istiqamətlərindəndir. Elə bu səbəbdəndir ki, ötən ayın sonu Prezident İlham Əliyev Macarıstana dördüncü səfərini edib. Dövlət başçısının bu ölkəni ziyarət etməsi Bakı-Buxarest strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının göstəricisidir.

Hazırda çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir. Tərəflərin iqtisadi əlaqələrində də davamlı inkişaf meyilləri müşahidə olunur. Nəqliyyat, tranzit və logistika sahələrində uğurlu işbirliyinin təməli qoyulub. Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa da xüsusi diqqət ayırır. Buxarest Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edir. İşğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində iştiraka ən çox maraq göstərənlər siyahısının ilk pillələrində məhz Macarıstan şirkətləri dayanır. Buxarest, həmçinin Qarabağ iqtisadi regionunda minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü olaraq 25.000 avro ianə də edib.

Azərbaycanla Macarıstan arasındakı siyasi və iqtisadi əməkdaşlıq humanitar sahədə də tərəfdaşlığın inkişafını zəruri edir. Belə ki, Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 6 yanvar 2021-ci il tarixində imzalanmış "Stipendium Hungaricum" proqramı çərçivəsində elm və təhsil sahəsində əməkdaşlıq davam etdirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır. Hər il 200 azərbaycanlı tələbə bu fürsətdən yararlana bilir. Təqaüd proqramı kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, turizm, səhiyyə elmləri, beynəlxalq münasibətlər, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmlərini əhatə edir. Nəzərə alsaq ki, Macarıstan Avropanın ən qədim təhsil ocaqlarındandır və qitə üzrə ən yaxşı təhsil standartlarına sahib olan 5 ölkədən biridir, o zaman elm sahəsində əməkdaşlıq azərbaycanlı tələbələrə böyük imkanlar verir. Bu isə dövlətimiz üçün əhəmiyyətli məsələdir. Çünki  Azərbaycan müstəqilliyini bərpa etdikdən bəri gənclərin karyera, təhsil, idman və digər sahələrdə aktivliyi, uğurlu olması üçün müxtəlif proqramların icrasında daima maraqlıdır. Eyni zamanda xaricdə təhsil almaq istəyənlərin sayının artması ölkədə kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir. Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev də ötən ilin sonlarında Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef ilə görüşü zamanı bu amilə diqqət çəkib. Nazir Azərbaycan Respublikası vətəndaşlarına ayırdığı təhsil təqaüdünə görə səfirə təşəkkürünü bildirib, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyətindən məmnunluğunu ifadə edib.

Azərbaycan Dillər Universitetində də Macar dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyası ilə Macarıstanın ən böyük və daim genişlənən rəqəmsal dövri məlumat bazası olan "Arcanum" şirkəti və Macarıstan Respublikasının Eotvos Lorand Universiteti arasında ikitərəfli əməkdaşlığın təməli qoyulub. Azərbaycan və Macarıstan alimlərinin humanitar elm sahələrində tədqiqat imkanları da genişləndirilir.

Onu qeyd etmək lazımdır ki, iki  ölkə arasında elm və təhsil sahəsində əlaqələrin inkişafı dövrün tələbidir və müsbət tendensiya artan istiqamətdə davam etdiriləcək.

Jalə QASIMZADƏ,

"Respublika".